Eyni zamanda qeyd etmək yerinə düşər ki, Ermənistan Xarici İşlər Nazirliyi ötən gün telefon danışığı ilə bağlı məlumat yayıb və bunun Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edib, lakin Rusiya XİN ən azından martın 6-sı günortaya qədər rəsmi saytında telefon danışığı ilə bağlı heç bir məlumat dərc etməyib. Lakin Lavrovun təşəbbüsü ilə baş tutan telefon danışığı heç də bu səbəblə diqqətəlayiq deyil, ancaq bu hal da maraqlıdır.
Əvvəlcə qeyd etmək lazımdır ki, Lavrov və Mirzoyan martın 1-3-də Antalyada keçirilən illik diplomatik forumda iştirak ediblər. Mirzoyan Türkiyənin xarici işlər naziri ilə, Lavrov isə həm türkiyəli həmkarı Hakan Fidan, həm də azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb, lakin Lavrov-Mirzoyan görüşü olmayıb.
Əvəzində Lavrovun kifayət qədər kəskin bəyanatı olub ki, onlar İrəvandan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), həm Müstəqil Dövlət Birliyinin (MDB), həm də Avrasiya İqtisadi Birliyinin (AİB) inteqrasiya layihələrinə qarşı necə mövqe tutduqları barədə aydın sözlər eşitməyi gözləyirlər. Əslində, kifayət qədər hədələyici tonda Lavrov açıq-aşkar eyham vurdu ki, KTMT-yə “soyuq” münasibət, AİB-dən isə utilitarizm ola bilməz.
Faktiki olaraq belə çıxır ki, Rusiya XİN rəhbəri iki gün İrəvandan aydın izahat gözləyib, sonra isə səbir etməyib və izahat almaq üçün özü zəng edib? Yoxsa onun telefon danışığı müəyyən qədər birbaşa və dolayı şəkildə ritorika anturajından olan tamamilə başqa səbəbə və ya motivə malik olub? Xüsusilə, bu baxımdan bir neçə hal diqqətəlayiqdir.
Biri odur ki, Lavrov-Mirzoyan telefon danışığı faktiki olaraq Mirzoyan Paşinyanın nümayəndə heyətinin tərkibində Misirdə olarkən baş verir. Hər halda, Lavrovun telefon zəngi və söhbəti ilə bağlı açıqlamadan əvvəl Ermənistan XİN Mirzoyanın misirli həmkarı ilə görüşdüyü məlumatını yayıb. Belə qənaətə gəlmək lazımdır ki, əgər Lavrov Mirzoyanın İrəvana qayıtmasını, yaxud qayıtdıqdan sonra nəfəsini dərməsini gözləməyibsə, deməli Lavrovun təşəbbüsünün təcili, yaxud belə demək mümkündürsə, tələsik məntiqi olub.
Ona görə də sual yaranır ki, Lavrov-Mirzoyan telefon danışığı Misir səfəri ilə bağlı ola bilərmi? Digər hal isə odur ki, Rusiya xarici işlər nazirinin təşəbbüsü ilə baş tutan telefon danışığı Mirzoyanın Misirdə olduğu müddətdə baş tutmaqla yanaşı, həm də Rusiyanın Baş naziri Mişustinin Bakı səfəri ilə paralel baş verir. Həmin səfər ötən gün başlayıb və səfər zamanı iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, Mirzoyan və Lavrov telefon danışığı zamanı ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Aqil Məmmədov
Ordu.az