Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib - FOTOLAR

2023/12/17016-1701696926.jpg
Oxunub: 6138     16:40     04 Dekabr 2023    
Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib.

Hərbi Prokurorluqdan Ordu.az-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin, rayon rəhbərliyinin və ictimaiyyətin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək nəhəng tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bundan sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev, polkovnik Zaur Qasımov, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrlərdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələr, o cümlədən Dövlət Sərhəd Xidməti, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb. Ulu Öndər Heydər Əliyevin yüzillik yubileyi münasibətilə Hərbi Prokurorluq tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-Prokurorluq   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin