İrəvanın Rusiyaya qarşı demarşı nəyə hesablanıb? KTMT yardımından imtina Aİ silahlı missiyasının önünü açır? – ANALİZ

2022/12/sdfds-1671271623.jpg
Oxunub: 8549     16:33     24 Noyabr 2023    
Ermənistan üçün keçən həftə Avropa oriyentasiyası və inteqrasiyası baxımından eyni vaxtda və paralel olaraq atılan bir neçə addımla yaddaqalan oldu. Ən yaddaqalanı, əlbəttə ki, Aİ Xarici Əlaqələr Şurasının noyabrın 13-də keçirilən sessiyasında Ermənistanla bağlı səsləndirilən bəyanatlar oldu.

Ötən il, 2022-ci ilin oktyabrında, Ermənistan sərhədlərində Aİ müşahidəçiləri, 2023-cü ilin fevralından isə Aİ missiyası yerləşdirildikdən, bununla da 2022-ci ilin sentyabrından etibarən Ermənistan sərhədlərinin təhlükəsizliyi və toxunulmazlığı praktiki olaraq təmin edildikdən sonra bu həftə Aİ-nin atdığı ikinci addım Brüsseldən elan edildi.

Xarici İşlər Şurası (Foreign Affairs Council) Aİ liderlərinin Avropa Şurası sammitlərindən daha tez-tez toplanan və bu sammitlər ərəfəsində hazırlıq mərhələsi olan Aİ xarici işlər nazirlərinin sammit formatıdır.

Avropa Şurasının (European Council) qarşıdan gələn sessiyası gələn ay, dekabrın 14-15-də keçirilməlidir və çox güman ki, bu həftə xarici işlər nazirlərinin sammiti nəticəsində elan edilənlər orada yekunlaşdırılacaq. Gözlənilən addımları natamam qiymətləndirmək çətindir:

“… Building on that, the Council agreed to explore the possibility to provide non-lethal support to Armenia under the European Peace Facility and strengthen the EU Mission in Armenia, to allow for more observers and more patrols, including into sensitive areas. Ministers also touched on the option to allow for visa-liberalisation for Armenia”.

Tərcümə edək: “... Bu əsasda Şura Avropa Sülh Mexanizmi çərçivəsində Ermənistana qeyri-öldürücü silahların verilməsinə dəstək vermək imkanını araşdırmaq və Aİ-nin Ermənistandakı missiyasını gücləndirmək, təhlükəli ərazilər də daxil olmaqla, daha çox müşahidəçi və daha çox patrul təmin etmək barədə razılığa gəldi. Nazirlər Ermənistan üçün viza rejiminin liberallaşdırılması variantına da toxundular”.

Burada diqqət edilməli olan məqam nədir? Ümumiyyətlə, 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsinə cavab olaraq, elə həmin ilin may-iyun aylarında Avropa İttifaqının qarşıdakı illər üçün xarici siyasətin müdafiə və təhlükəsizlik məsələlərinin Strateji Kompasını qəbul etdiyi andan Strateji Kompasa daxil edilən yeniliklərdən biri də lazım gələrsə, Aİ ilə qonşu olan ölkələrdə və ərazilərdə yerləşdirilməli olan 300 nəfərə qədər Aİ müşahidə bölmələrinin və 5 min nəfərə qədər “sülhməramlı bölmələr”in yaradılması idi.

Müşahidə missiyası hələ yaradılma ərəfəsində olarkən Ermənistana göndərilib. Bundan sonra sual yarandı ki, İrəvana KTMT, AİB, MDB və qalan Rusiya quyruqları ilə “əlvida” deməyə imkan verəcək Aİ silahlı missiyası Ermənistana nə vaxt gələcək? Aydındır ki, bu proses tədricən və hamar, eyni zamanda, çox sürətli olacaq. Aİ-nin növbəti genişlənməsi 2030-cu ilə qədər olacaq, bu, artıq rəsmi olaraq açıqlanıb və bu genişlənmənin 10 ölkəni əhatə edəcəyi də elan olunub.

Hələ 10 ölkənin adı açıqlanmayıb, lakin xəritəyə baxanda aydın olur ki, dörd Balkan ölkəsi və on il əvvəl Assosiasiya Sazişlərinin müzakirə olunduğu və imzalandığı Ermənistan da daxil olmaqla Şərq Tərəfdaşlığının dörd ölkəsi Aİ-yə qoşulan ölkələr arasında olacaq. Yalnız Ermənistan Assosiasiya Sazişini imzalamadı, buna görə də illər itirdi və 2017-ci ildə CEPA-nı imzaladı.

Bu günə gəlincə, əgər Ukrayna və Moldova ilə üzvlük danışıqları artıq başlayırsa və Gürcüstana namizəd statusu verilirsə, aydındır ki, Ermənistan Aİ-yə namizəd ölkə statusu almaq üçün müraciətdən başlayaraq üzvlük istiqamətində yüksək sürətlə addımlar atmağa başlayacaq.

Bu yolda, əlbəttə ki, çox dəyişikliklər var və Fransa silahlarının artıq Ermənistana gəlməsi buna işarədir. Avropa Sülh Mexanizmi boru xətti ilə alınan silah və sursatlar buna əlavə edildikdə, Ermənistan Rusiya orbitindən daha da uzaqlaşacaq, lakin həlledici və ağırlıq mərkəzini dəyişən hadisə Aİ silahlı missiyasının Ermənistan sərhədlərində dayanmasıdır. Strateji Kompasa görə, 2025-ci ildən etibarən missiyalar üçün Aİ silahlı bölməsi formalaşdırılmalı və lazım olduqda yerləşdirilməlidir.

Lakin buna qədər Aİ-yə üzv dövlətlər öz silahlı qüvvələri və maliyyə vəsaitləri ilə fəaliyyət göstərməyə hazır olduqlarını göstərsələr, ona Aİ missiyası statusu veriləcək. Bu o deməkdir ki, 2024-cü ildə Fransa, Almaniya və digər Avropa ölkələrinin hərbçilərindən ibarət tam silahlı missiya Ermənistanın sərhədlərində dayana bilər.

Ötən ay Ermənistana gələn Fransanın xarici işlər naziri Ketrin Kolonna İrəvanda Avropa Komissiyasının vitse-prezidenti və ali nümayəndəsi Cozef Borrelə Aİ-nin Ermənistandakı missiyasını genişləndirmək və gücləndirmək təklifi ilə rəsmi müraciət etdiyini bildirəndə, inkişafların gözlənildiyi rəsmən açıqlandı. Söhbət yalnız müşahidəçilərin kəmiyyətcə artırılmasından, monitorinqlərin çoxaldılmasından getsəydi, bu, missiyanın genişləndirilməsi adlandırılardı. Ancaq söhbət gücləndirmədən gedirsə, bunun silahlı dəyişikliklə bağlı addım olacağı ortaya çıxır.

Noyabrın 13-də Aİ-nin Ermənistandakı missiyası ilə əlaqədar sərhəd vəziyyətini izləməli olan patrulların elan edilməsi böyük ehtimalla o deməkdir ki, söhbət xeyli sayda silahlı müşahidəçilərdən gedir. Bu, yəqin ki, silahlı missiyanın yerləşdirilməsindən əvvəl aralıq mərhələ olacaq. Dekabrın 14-15-də Aİ-nin Ermənistandakı missiyası olan EUMA-nın statusunda və funksiyalarında dəyişikliklər daha aydın və anlaşılan olacaq.

Buna qədər isə ötən həftə ərzində Brüssel və Londonda strateji dialoq formatlarında (Londonda Ermənistan və Böyük Britaniya arasında strateji dialoqun birinci sessiyasında və Brüsseldə Ermənistan-Aİ siyasi və təhlükəsizlik dialoqunun ikinci yüksək səviyyəli sessiyasında) Ermənistanın təhlükəsizlik məsələlərinin müzakirə olunması Ermənistanın Rusiya orbitindən uzaqlaşaraq Avropanın siyasi və təhlükəsizlik sistemlərinə inteqrasiyasının görünməmiş sürətlənməsindən xəbər verir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin