Erməniləri düşündürən sualların cavabı Azərbaycan bayrağının kölgəsindədir…

2020/05/22222-4771978239.jpg
Oxunub: 6447     13:23     23 Noyabr 2023    
Ermənistan Xarici İşlər Nazirliyi demarkasiya komissiyasının iclasını keçirməklə bağlı Azərbaycana təklif edildiyi haqda açıqlama yayıb. Açıqlamada göstərilir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması, eləcə də Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərir. Nazirlik təklifin detalları haqda əlavə məlumat verməyib.

Bu arada, Ermənistan parlamentinin deputatı, Respublikaçılar Partiyasının üzvü Tiqran Abrahamyan bildirib ki, Ermənistan xarici siyasi vektorda dəyişiklik həyata keçirir ki, bu da geosiyasi intriqalara imkan yaradır. Deputat hesab edir ki, ölkəsi substantiv müzakirələr əvəzinə geosiyasi münaqişələrə gedir, bu da regionda sabitlik gətirə biləcək proseslərə ziyan vurur.

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsinin geosiyasi münaqişəyə çevrildiyinə diqqət çəkən Abrahamyan Ermənistandakı siyasi hakimiyyətin təhlükəli kurs götürdüyünü açıq şəkildə ifadə edib.

Bununla yanaşı, erməni deputat iddia edib ki, Bakı tələbkar yanaşmaları rəhbər tutmaqda davam edir və bu şərtlərlə imzalanan sənəd Ermənistan üçün sülh sazişinə deyil, yeni itkilər sənədinə çevrilə bilər.

Söhbət yəqin ki sülh sazişindən gedir və bu sənəddə əsas detallardan biri Ermənistan tərəfindən işğal edilmiş anklavların-8 Azərbaycan kəndinin geri qaytarıılmasıdır.

Xatırladaq ki, Ermənistan ordusu 1992-ci ildə Azərbaycanın Qazax rayonuna aid- Yuxarı Əskipara (8,6 kv km), Aşağı Əskipara (9,1 kv km), Baqanis Ayrım (40 kv km), Bərxudarlı (10,1 kv km), Sofulu (22 kv km), Qızıl Hacılı (11 kv km), Xeyrimli (4,1 kv km)- yeddi yaşayış məntəqəsini və Naxçıvan Muxtar Respublikasına aid bir anklav-Kərki (19,2 kv km.) kəndini işğal edib. Həmin dövrdə bütün bunlara cavab olaraq, Azərbaycan Ordusu Gədəbəy rayonunun ermənilər tərəfindən Artsvaşen adlandırılan Başkənd (40 kv km.) yaşayış məntəqəsini ermənilərdən təmizləyib.

Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü (86.600 kv.km) tanıdığını rəsmən ifadə etsə də, o, anklavların danışıqlar mövzusu ola bilməyəcəyini də deyib. Bir sözlə, Nikol Paşinyan anklav kəndləri və onları əhatə edən torpaqları Azərbaycana qaytarmaqdan imtina edib.

Qazax rayonunun sözügedən yeddi yaşayış məntəqəsinin və Naxçıvan Muxtar Respublikasınını bir kəndinin ümumi sahəsi 124 kvadrat kilometr təşkil edir ki, bu da sovet xəritəsinə əsasən Ermənistana aid olduğu iddia edilən Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə çoxdur.

2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhəddində ermənilər tərəfindən törədilən təxribatlara cavab olaraq Azərbaycan Ordusunun nəzarətə götürdüyü yüksəkliklərin ümumi sahəsi təxminən 200 kv km-ə yaxındır. Ermənistanın baş naziri Nikol Paşinyan isə parlamentin iclasında həmin ərazilərin Azərbaycan Ordusu tərəfindən nəzarətə götürülməsinə münasibət bildirərkən deyib ki, Azərbaycan ordusunun nəzərətində olan ərazi 50 kv km-dir. 2021-ci ilin mayında Ermənistan torpaqlarının 40 kvadrat kilometri, 2022-ci ilin sentyabrında isə 10 kvadrat kilometri Azərbaycan hərbiçilərinin nəzarəti altına keçib.

Əslində, Azərbaycana məxsus 8 anklav haqqında danışılanlar Ermənistandaxili proseslərdə də ciddi müzakirə mövzusuna çevrilib. Bir müddət əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan açıqlamalarından birində bildirmişdi ki, əgər sözgedən kəndlər hüquqi əhəmiyyət kəsb edən xəritələr üzərində Azərbaycana məxsusdursa, onların qaytarılması mümkündür. Parlament sədrindən fərqli olaraq, 2023-cü ilin oktyabrın ayının 5-də İspaniyanın Qranada şəhərində beştərəfli keçirilməsi planlaşdırılan görüşdən imtina edən rəsmi Bakının iştirakı olmadan qəbul edilən bəyanata imza atan Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasından və anklavların qaytarılmasından söhbət gedə bilməyəcəyini bildirib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan həmin görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha rəsmən təsdiq edib.

Bəs sülhə doğru addım atmağa hazır olduğunu bəyan edən İrəvanın anklavlar üzərində belə ciddi-cəhdlə dayanmasının arxasında nə dayanır?

Mümkündür ki, Qranada görüşündə Qərb liderləri qarşısında hansısa öhdəliklər götürən Paşinyan bu mövqe ilə Avropa ölkələrinin və beynəlxalq institutların Cənubi Qafqazdakı proseslərdən kənarda qalmaq istəmədiyini nümayiş etdirir. Bölgədə plasdarm yaratmağa çalışan qərbli liderlərin təsir altında saxladıqları Nikol Paşinyan bununla həm də Ermənistanın maraqlarını kollektiv şəkildə müdafiə edilməsinə zəmanət almağa cəhd göstərir.

Maraqlı məqamlardan biri də budur ki, sovet dövrünün xəritəsində sözügedən anklavların Azərbaycana aid olduğunu qəbul etmək istəməyən İrəvan SSRİ Baş Qərargahında mövcud olmuş ən son xəritələr əsasında sərhədin delimitasiyası istiqamətində iş aparılmasına tərəfdar olduqlarını bəyan edir.

Qeyd edək ki, SSRİ xəritəsində son dəyişiklik 1975-ci ildə edilib. Paşinyan da delimitasiya üçün 1975-ci il xəritəsinin əsas götürülməsini istəyir. Bu da İrəvana imkan verir ki, Bakının anklavların azad edilməsi tələbinə qarşı çıxa bilsin, eyni zamanda, Ermənistan Başkəndi və bir neçə sərhəd kəndini Azərbaycandan tələb etmək fikrinə də düşüb.

Paşinyan hökumətinin çalışdığı məsələlərdən biri də, Bakının anklavlar tələbini arxa plana keçirmək, həmçinin ötən əsrin 20-ci illərindən başlayaraq, Ermənistana otlaq və əkin sahəsi adı altında verilən Azərbaycan ərazilərini unutdurmaqdır. Bütün bunlara rəğmən, Azərbaycan anklavlar üzərində hüquqi sahibliyini və həmin ərazilərin azad edilməsi üçün legitim hərbi əməliyyatlar keçirmək hüququnu özündə saxlayır. Bu isə Ermənistan üçün heç bir halda, yaxşı nəticələr vəd etmir. Hətta Azərbaycan Ordusunun son zamanlar keçirdiyi təlimləri xarakterizə edən erməni hərbi-siyasi analitikləri, hərbi ekspertlər bu təlimlərin sözügedən anklavlara desant yeritmək ssenarisi əsasında reallaşdırıldığını vurğulayırlar.

İndi erməni cəmiyyətini düşündürən iki əsas sual var ki, Paşinyan hökuməti bunlara cavab tapa bilmək üçün çətinlik çəkir.

Əgər İrəvan sülh sazişini imzalamağa hazırdırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən təsdiqlədiyi halda anklavları qaytarmaqdan niyə yayınır?

Əslində cavab çox sadədir: Qazax rayonunun işğal altında olan həmin 7 kəndi işğaldan azad edilsə, Ermənstan-Gürcüstan əsas magistral yoluna rəsmi Bakının nəzarət edəcəyini düşünən İrəvan bütün hallarda həmin yaşayış məntqələrinin Azərbaycana qaytarılmasından yayınmağa çalışır.

Anoloji vəziyyət Naxçıvan MR-in Kərki kəndində mövcuddur. Ermənilər hesab edir ki, Kərki kəndi yenidən Azərbaycanın nəzarəti altına keçərsə, İrəvan-Sünik yolu tamamilə itiriləcək. Çünki İrəvan-Qafan-Meqri-İran yolu Kərkidən keçir.

Eyni zamanda, hazırda Azərbaycan Gorus-Qafan-Mehri yoluna da nəzarət imkanına malikdir. Bu görə də, erməni siyasilər hesab edir ki, Kərki kəndi işğaldan azad olunsa, ölkənin əsas nəqliyyat mərkəzləri Azərbaycandan asılı vəziyyətə düşəcək.

Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşması da baş verərsə, deməli, Ermənistanın qonşu İran və Gürcüstanla yerüstü əlaqələrinə Azərbaycan tərəfindən birmənalı şəkildə nəzarət tətbiq edilə biləcək.

Bu isə nəinki Paşinyan hakimiyyəti tərəfindən, hətta Avropadakı ermənipərəst dairələr tərəfindən qəbuledilməzdir. Məhz bu baxımdan, anklavlar məsələsi sülh sazişinin taleyini sual altına almış olur…

Erməniləri düşündürən ikinci sual isə ölkənin siyasi hakimiyyətinin mövcud vəziyyətdən çıxış yolu tapa bilib-bilməməsidir…

Sözsüz ki, Ermənistanın siyasi elitasında bu sualın cavabını heç kim bilmir. Amma çox qəribə məqama diqqət yetirək: 2016-cı ildən bu yana erməniləri düşündürən ən çətin sualların cavabı Azərbaycan Ordusunun dalğalandığı üçrəngli bayrağın kölgəsində tapılır.

Yəqin anklavlarla bağlı da məsələlər bu cür bitməli olacaq.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Anklavlar   Ermənistan   İşğal  


Bizi "telegram"da izləyin