HƏMAS-İsrail müharibəsi qlobal terror təhlükəsini artırır – ANALİZ

2023/11/1700301846.jpg
Oxunub: 15046     12:29     20 Noyabr 2023    
İsrail və Fələstin arasındakı münaqişələr ölçüləri dəyişdikcə və İsrail Fələstin qruplarını hədəf aldıqca, qlobal terror təhlükəsi riski əhəmiyyətli dərəcədə artmağa başladı.

Oktyabrın 7-dən bəri davam edən HƏMAS-İsrail qarşıdurması İsrailin Qəzzanı hədəfə alan bombardmanları və başlatdığı quru əməliyyatı ilə təkcə regional deyil, həm də qlobal miqyasda bəzi təhlükəsizlik riskləri yaratma potensialına malikdir. Ərəb və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə ictimai etirazlar, yürüşlər və anti-İsrail əhval-ruhiyyəsi dövlətlərin qulaq asmalı olduğu məsələ kimi önə çıxsa da, digər tərəfdən yaranan vəziyyət transmilli terror təşkilatlarını hərəkətə keçirə bilər.

Dini və ideoloji təmayüllü bir çox terror təşkilatı baxımından HƏMAS-ın Qeyri-Dövlət Silahlı Aktoru (QDSA) kimliyi və mübarizəsini tarixi axarda bir sıra dini motivlər üzərində qurması (Ərəb-İsrail müharibələri və buna bənzər münaqişələr) “həmrəylik” adı altında baş verə biləcək hərəkətlərə yol açır. Lakin yuxarıda qeyd etdiyimiz səbəblərdən başqa demək olar ki, qlobal miqyasda fəaliyyət göstərən terror qruplaşmalarının əsas motivasiyası HƏMAS-İsrail münaqişəsindən istifadə edərək, beynəlxalq brend dəyərini artırmaq və gündəmdəki yerlərini qorumaqdır.

Bu mənada ən çox diqqətə ehtiyacı olan bölgə, şübhəsiz ki, son dövrlərdə QDSA-nın səbəb olduğu çevrilişlər, əks çevrilişlər və vətəndaş müharibələrindən təsirlənən Afrika qitəsidir. “Əl-Qaidə” və İŞİD-ə bağlı bir çox mikro-terror strukturunun ərazi nəzarətində olduğu Sahel bölgəsi, “Əş-Şəbab” təhlükəsi ilə mübarizə aparan Somali və Şərqi Afrika bölgəsi HƏMAS-a dəstək və “həmrəylik” adı altında baş verə biləcək hücumların reallaşa biləcəyi mümkün nöqtələrdir. Bu arqumenti dəstəkləyərək, Keniya Terrorla Mübarizə Birliyinin Keniya xalqına etdiyi xəbərdarlıqlarda “Əş-Şəbab” terror təşkilatının HƏMAS-a dəstək olaraq terror aktı törədə bilmə riskinin olduğu bildirilib.

Zorakılıq və terror vasitəsilə bazar payının artırılması yanaşması

Yerli və ya qlobal miqyasda fəaliyyət göstərən terror təşkilatları daha çox yerli ictimai dəstək və beynəlxalq maliyyə qaynaqları əldə etmək üçün zorakılıq aktlarını və beləliklə, fəaliyyət göstərdikləri ərazilərdə “bazar paylarını” artırmağa çalışırlar. Zorakılıq yolu ilə bazar payının artırılmasına üstünlük verən yanaşma Afrikadan Yaxın Şərqə, Cənub-Şərqi Asiyadan Cənubi Amerikaya qədər QDSA və terror təşkilatı strukturlarında tez-tez qəbul edilən strategiyaya çevrilib.

Bu məqamda terror təşkilatlarının hərəkətlərində kəmiyyətin, yoxsa keyfiyyətin önəmli olması məsələsinin mühüm yer tutduğunu söyləmək olar. Çünki mövzu ilə bağlı ədəbiyyatın işığında terror təşkilatlarının marka dəyərini artırmaq onların həyata keçirdikləri hərəkətlərin sayına bərabərdir. Məsələn, bir çox hallarda daha çox səs-küy yaradan bombardmanlar kütləni səfərbər etmək və sosial dəstək qazanmaq üçün çox təsirli bir üsul kimi önə çıxır. Üstəlik, amansız və qəddar hərəkətlərin artmasının qruplara daha çox populyarlıq qazandırması arqumenti zorakılıq kriteriyasını bu qruplararası rəqabətdə bir nömrəli göstəriciyə çevirir.

Çünki zorakılığın səviyyəsinin artması müvafiq terror təşkilatının qətiyyətini və effektivliyini yerli əhaliyə nümayiş etdirmək, kütlələri müdafiə olunan “səbəb” və ya ideologiya kontekstində səfərbər etmək baxımından kritik əhəmiyyət kəsb edir.

Nigeriyada yerləşən “Boko Haram” terror təşkilatının 2014-cü ildə Kamerun sərhədindəki Çibok kəndinə basqın zamanı 200-dən çox məktəbli qızı qaçırması və qısa müddət sonra Maiduquri şəhərinə hücumların 250 nəfərin ölümü ilə nəticələnməsi yaratdığı hiddət baxımından bu rəqabət çərçivəsində nəzərdən keçirilə bilər.

Bənzər şəkildə “Əl-Qaidə”nin 1998-ci ildə Nayrobidəki ABŞ səfirliyinə təşkil etdiyi və 213 nəfərin həyatını itirdiyi hücumların 2011-ci ildən etibarən Somalidə effektivliyini artıran “Əş-Şəbab” (2012-ci ildən “Əl-Qaidə”yə beyət edib) terror təşkilatının hərəkətlərinə əsas yaratdığını söyləmək olar.

Tətikləyici amillər

Bu kontekstdə Afrikada potensial hücumlara səbəb olacaq bəzi amilləri qeyd etmək lazımdır. Bunlardan birincisi HƏMAS-İsrail münaqişəsi ilə bağlı dövlət siyasətləri və yerli əhalinin münasibətindəki kəskin fikir ayrılığıdır. Bəzi qitə dövlətləri İsraillə münasibətlərinə və qarşılıqlı fəaliyyətinə görə prinsiplər və maraqlar arasında tarazlıq axtararaq, İsrailin hücumlarını qanuni istiqamətə götürür və 7 oktyabrda HƏMAS hücumlarını terror aktı kimi qəbul edirlər. Məsələn, Qərbin müttəfiqləri arasında sayılan Keniya və Qanada münaqişələrdən sonra verilən israilyönlü bəyanatlar cəmiyyətdə sərt reaksiya ilə qarşılandı.

Bu vəziyyət müvafiq ölkələrdə yerli cəmiyyəti cəlb etməyə çalışan terror təşkilatlarının fürsət pəncərəsi kimi qiymətləndirilə bilər. “Əş-Şəbab” kimi təşkilatlar yerli əhalinin narazılığından istifadə etmək və qərar qəbul edənlərlə cəmiyyət arasında sosial konsensusu pozmaq üçün əks-təbliğat fəaliyyətlərinə əl ata bilər. Müvafiq administrasiyaları qərbyönümlü kimi təqdim etmək və onların Fələstin məsələsinə xəyanət etdiklərinə dair ritorika inkişaf etdirmək bu təbliğatın bir hissəsi ola bilər. Bu üsul terror təşkilatlarına həm yaraqlıları cəlb etmək, həm də yuxarıda qeyd edildiyi kimi, zorakılıq yolu ilə “bazar paylarını artırmaq” üçün əlverişli sahə açır.

İkincisi, son 3 ildə Sahel bölgəsində baş verən çevrilişlər və kövrək təhlükəsizlik atmosferi “Əl-Qaidə” (Jama’at Nusrat val Muslimin) və İŞİD-ə (İslam Dövləti Böyük Səhra Qolu - ISGS) bağlı qruplara fəaliyyət imkanı verir. Nigerdəki çevriliş Fransanın bölgədəki son hərbi bazasını geri çəkmə prosesini başlatdı və bölgə ölkələrinin terrorla mübarizədə müdafiə imkanlarını xeyli zəiflətdi. Bu baxımdan, sentyabrda Burkina Faso, Niger və Mali arasında imzalanan müdafiə sazişi müvafiq ölkələrin qüvvələrinin birləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.

Bu mənzərə HƏMAS-İsrail münaqişəsindən yarana biləcək “həmrəylik” hücumlarını JNIM və ISGS-nin regional zəiflikləri qiymətləndirmək üçün istifadə edə biləcəyi vasitələrə çevirə bilər. Digər tərəfdən, iki terror qruplaşması arasında davam edən nisbi rəqabət “outbidding” yanaşması ilə bağlı olaraq hücumların şiddətində və təbii olaraq mülki itkilərdə artıma səbəb ola bilər. Xülasə, HƏMAS-İsrail münaqişəsinin şiddəti və uzanması transmilli kimliyə malik terror qruplarının mümkün hücumlarına səbəb ola bilər. Bunun arxasında duran səbəblərdən biri də radikal və ekstremist terror qruplarının qəbul etdiyi zorakılıq və hücumlar vasitəsilə qlobal bazar payını və marka dəyərini artırmaqdır.

Bununla belə, Afrika dövlətlərinin HƏMAS-İsrail münaqişəsinə reaksiyaları ilə sosial baza arasındakı əlaqənin kəsilməsi bölgədəki terror qruplarına və müxtəlif gündəliyə malik QDSA-lara fəaliyyət çevikliyi verir. Nəhayət, Mərkəzi və Şərqi Afrikada, xüsusilə Sahel bölgəsində qeyri-sabit və kövrək təhlükəsizlik atmosferi HƏMAS-İsrail münaqişəsi nəticəsində yaranan dəyişən regional dinamikanı birləşdirir və gələcəyə hesablanmış terror fəaliyyətini ön plana çıxarır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin