ABŞ-Rusiya (USAİD-“Vagner”) rəqabətinin yeni marşrutu Liviyadır? – ANALİZ

2023/11/1700303780.jpg
Oxunub: 27990     18:32     18 Noyabr 2023    
Liviya dünyanın ən mühüm güc mərkəzlərindən ikisi olan ABŞ və Rusiya üçün yeni rəqabət meydanı olacaq.

Sentyabrın 26-da Liviyanın şərqindəki milis qüvvələrinin lideri Xəlifə Həftər oğlu Belkasim Həftər, Hayri Tamimi, Ayub Furcani və Bassem Əl-Buaeişi ilə birlikdə Moskvaya səfər etdi. Həftər Rusiya müdafiə nazirinin müavini Yunusbek Yevkurov tərəfindən qarşılandı, qarşılıqlı dəstək və əməkdaşlıq məsələləri müzakirə edildi, Dernadakı sel fəlakəti və sonrakı müdaxilələr gündəmdə oldu. Bununla belə, Həftərin Moskvaya səfərinin ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) generalı Maykl Lenqlinin Liviyaya səfərindən təxminən 5 gün sonra baş tutması təsadüfi deyil.

Lenqli ABŞ-nin Liviyadakı səfiri Riçard Norland ilə birlikdə Derna faciəsindən sonra ABŞ-nin humanitar yardım fəaliyyətini izləmək üçün 20-21 sentyabr tarixlərində ölkəyə səfər etdi, bu çərçivədə əvvəlcə paytaxt Tripolidə Milli Birlik Hökumətinin (MBH) Baş naziri Əbdülhəmid Dibeybe və Baş Qərargah rəisi Məhəmməd Həddad ilə görüşdü. Lenqlinin Liviya missiyasının diqqətəlayiq tərəfi Tripoli səfərindən sonra Benqazidə Həftərlə danışıqlar aparması idi. ABŞ-nin Liviyadakı səfirliyindən verilən açıqlamada Həftər və Lenqli arasında keçirilən görüşdə demokratik yolla seçilmiş milli hökumətin əhəmiyyəti, ordunun birləşdirilməsi və xarici muzdluların ölkədən çıxarılması vurğulandı.


ABŞ-Rusiya rəqabəti

Yanvar ayında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Benqazidə Həftərə baş çəkib və uzun müddətdən sonra ABŞ-nin “Vaqner” Özəl Hərbi Kompaniyasının (ÖHK) fəaliyyətindən narahatlığını açıq şəkildə ifadə edib. Məlum olduğu kimi, “Vaqner” ÖHK-yə bağlı kadrlar hazırda Liviyanın şərqindəki neft obyektlərində və strateji nöqtələrdə fəaliyyət göstərir. Əslində, Yevkurov “Vaqner”in rəhbəri Yevgeni Priqojinin ölümündən bir müddət əvvəl Benqaziyə səfər edib və açıq mənbələrdə əks olunduğu kimi, Yevkurovun səfəri “Vaqner”in Liviyadan təxliyə prosesinin başlanğıcı kimi qəbul edilib.

Müvafiq səfərlərdən sonra Liviyada ABŞ və Rusiya arasında yenidən rəqabət və güc mübarizəsinin başladığını söyləmək olar. Sentyabr ayında baş verən Derna sel fəlakəti ABŞ və Rusiyanın yenidən üz-üzə gəlməsinə yol açıb. Birləşmiş Ştatların İnkişaf Agentliyi (USAID) uzun müddətdir nəticəsiz qalan Liviyada humanitar yardım və xilasetmə fəaliyyətləri ilə humanitar diplomatiyanı aktivləşdirib.

Yanvar ayında Börnsün səfərindən sonra AFRICOM komandiri Lenqlinin səfəri də göstərir ki, ABŞ Priqojinin ölümündən sonra Rusiyanın artan təsirini balanslaşdırmağı hədəfləyir. Bu mənada ABŞ Rusiyanın ölkənin şərqində “Vaqner” vasitəsilə həyata keçirdiyi gizli fəaliyyətləri rəsmi görünüşə çevirmək və onun şərq sahilində hərbi güc yaratmasının qarşısını almaq, beləliklə də NATO-nun cənub qanadı sayılan Liviyanın Aralıq dənizinə açılan sahillərinin təhlükəsizliyini təmin etmək kimi məqsədlərə üstünlük verir.

Digər tərəfdən, Rusiya “Vaqner”in şərqdə qurduğu geniş yerli şəbəkəni və satınalmaları qorumaq və bu nailiyyətləri Müdafiə Nazirliyinə və müxtəlif rəsmi qurumlara ötürmək üçün güclü diplomatik trafiki davam etdirir. Priqojinin ölümündən sonra Rusiyanın Afrikanın bir çox yerlərində mövcudluğunu necə davam etdirəcəyi maraq doğurub və bu, Putin administrasiyasına beynəlxalq siyasətdə əhəmiyyətli dərəcədə çeviklik verən “məqbul inkar” (plausible deniability) yanaşmasının davam edib-etməyəcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin gətirdiyi hərbi, siyasi və iqtisadi yükə baxmayaraq, Kremlin Aralıq dənizində hərbi əməliyyatlarını davam etdirmək və genişləndirmək məqsədi NATO-ya qarşı əlini gücləndirmək üçün əvəzsiz strategiya hesab olunur. Bu çərçivədə Liviyanın şərqindəki Derna başda olmaqla Benqazi və ətraf sahil şəhərlərində qurulacaq hərbi baza Suriyanın Tartus şəhərində qurulan dəniz bazasına dəstək vermək və Rusiyanın Aralıq dənizindəki varlığını gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.


Yeni “Soyuq Müharibə”

Ortaya çıxan mənzərə qısa və ortamüddətli perspektivdə, xüsusən də Liviyada iki aktor arasında yeni “Soyuq Müharibənin” başlanmasına işarə edir. 2012-ci ildə Benqazidəki ABŞ Konsulluğuna hücum və səfir Kris Stivensin ölümü ABŞ-ni Liviya səfirliyini Tunisə köçürməyə və hərbi mövcudluğunu AFRICOM-a ötürməklə uzaqdan balanslaşdırma və ya “qismən müdaxilə” konsepsiyasını qəbul etməsinə səbəb olub. Lakin Rusiyanın “Vaqner” ÖHK vasitəsilə Liviyada neft hasilat sahələrində olması və Liviyanın dünya neft bazarındakı mövqeyi nəzərə alınsa, bu vəziyyətin tələb/təklif balansında yarada biləcəyi qeyri-sabitlik zaman keçdikcə ABŞ-ın narahatlığını artırıb.

Börnsün yanvar ayında baş tutan səfərini bu məcrada oxumaq olar. Bənzər şəkildə Derna faciəsi ABŞ-nin humanitar diplomatiya yolu ilə ordunun birləşdirilməsi və ən əsası ölkədən əcnəbi muzdluların çıxarılması məsələlərini yenidən gündəmə gətirməsinə yol açıb. Bundan əlavə, Liviyanın yenidən vətəndaş müharibəsinə sürüklənməsi və Aralıq dənizi üzərindən Avropaya miqrasiya axınına dəstək verəcək tranzit nöqtəsinə çevrilməsi Rusiyanın əlində “kozır” kimi şərh edilə bilər. Belə bir ssenarinin aktivləşdirilməsində ölkə daxilində fəaliyyət göstərən hərbiləşdirilmiş birləşmələrin oynayacağı rol ABŞ-nin qərar qəbul edən şəxslərinin nəzərində “Vaqner”in balanslaşdırılmasının zəruriliyini ortaya qoyur.

Xülasə, Liviyada iki super güc arasındakı rəqabət hərbi, iqtisadi və siyasi ölçüləri ilə Soyuq Müharibəyə bənzər bir nizam və güclər arasında qarşıdurma doğurur. Bu kontekstdə “Vaqner”in transformasiya prosesi və onun Müdafiə Nazirliyinə və ya Baş Kəşfiyyat İdarəsinə (QRU) uğurlu inteqrasiyası Rusiyanın bütün Afrikada, xüsusən də Liviyada əllərini gücləndirmək potensialına malik olarkən, ABŞ-nin USAID və müxtəlif çətir təşkilatları vasitəsilə Liviyadakı fəaliyyətini gücləndirməsi qaçılmaz ola bilər.

Digər tərəfdən, ABŞ üçün 2015-ci ildə Liviyada əhəmiyyətli bir əraziyə nəzarəti ələ keçirən İŞİD-in yatan hüceyrələrinin yenidən canlanma ehtimalı və bunun yaradacağı sosial, siyasi və humanitar risklər Liviya siyasətlərinin keçmişlə müqayisədə daha radikal bir zəminə oturmasında dəstəkləyici amillər ola bilər.


Həftərin balans siyasəti

Bu rəqabətdə Həftərin həm Liviya siyasətindəki yerini qorumaq, həm də beynəlxalq ictimai rəydə legitimliyini artırmaq üçün iki güc arasında maksimum maraqlarını ön planda tutduğunu söyləmək olar. Liviyada hərbi aktor kimi ön plana çıxdığı 2014-cü ildən bu yana Liviya siyasətini, milli barışıq və seçki proseslərini baltalayan Həftər keçmişdən bu günə qədər ABŞ, Rusiya (“Vaqner” ÖHK üzərindən dolayı və ya birbaşa), Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa ilə maraq yönümlü əməkdaşlıq və əlaqələr inkişaf etdirib.

Bu baxımdan Həftərin yerli məqsədlərinə çatmaq üçün çox praqmatik yanaşması müşahidə olunur. Nəticə etibarilə 2019-cu ildə Tripoli işğal cəhdindən əvvəl ABŞ-nin nisbi razılığını və “Vaqner”in də dəstəyini alan Həftərin yenidən oxşar strategiya həyata keçirdiyini söyləmək olar. Lakin ABŞ və Rusiyanın maraqlarının toqquşması bu strategiyanın Həftər üçün uzunmüddətli olmayacağını göstərir. Əksinə, mövcud şərtlərə görə Həftərin diplomatik təşəbbüsləri əks nəticə verə bilər və o, ABŞ vətəndaşı olduğu üçün müəyyən sanksiyalarla da üzləşə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin