Müharibədən sonrakı Qəzza üçün üç mümkün ssenari – ANALİZ

2023/11/1700135677.jpg
Oxunub: 14354     16:39     16 Noyabr 2023    
Qəzzada müharibənin 34-cü günündə davam etdiyi bir vaxtda bölgənin gələcəyi ilə bağlı narahatlıqlar artır.

ABŞ Qəzzaya nəzarətin Fələstin Milli İdarəsinə verilməsini istəyərkən, İsrailin Baş naziri Benyamin Netanyahu bölgə üçün “ümumi təhlükəsizlik məsuliyyətini” öz üzərinə götürəcəklərini bildirib.

Qəzzada müharibədən sonrakı vəziyyətin üç mümkün ssenarisi aşağıdakı kimi ümumiləşdirilir.

1. Qəzzanın Fələstin Milli İdarəsinə təhvil verilməsi

ABŞ dövlət katibi Entoni Blinken keçən həftə Senatın Ödənişlər Komitəsində etdiyi çıxışda bildirib: “Qəzza üçün ən məntiqli ssenari təsirli və yenidən canlandırılmış Fələstin Milli İdarəsinin bölgəni ələ keçirməsidir”.

Beləliklə, Co Bayden administrasiyası müharibə başlayandan bəri ilk dəfə Qəzzanın Fələstin Milli İdarəsinə verilməsi tələbini rəsmən açıqlayıb. Blinken noyabrın 5-də Fələstin Prezidenti Mahmud Abbasla görüşündə də oxşar mesaj verərək, Qəzzanın müharibədən sonra Fələstin Milli İdarəsinə təhvil verilməli olduğunu bildirib.

Lakin Fələstin administrasiyası indiki vəziyyətdə Qəzzaya görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, Abbas Blinkenlə görüşündə Qəzzanın Fələstinin ayrılmaz hissəsi olduğunu bildirib, “Şərqi Qüds də daxil olmaqla bütün İordan çayının qərb sahilini və Qəzza zolağını əhatə edən genişmiqyaslı siyasi həll yolunun yaradılması şərtilə” bölgənin idarə olunmasını qəbul edəcəklərini qeyd edib.

Fələstinin Baş naziri Məhəmməd Ştayyeh də Qəzzada müharibə başa çatdıqdan sonra İordan çayının qərb sahilini əhatə edən razılaşma olmadan Qəzzanın idarəçiliyini ələ keçirməyəcəklərini bildirib. Ştayyeh oktyabrın 29-da verdiyi açıqlamada deyib ki, Qəzza iki dövlətli həll çərçivəsində İordan çayının qərb sahilinə birləşdirilə bilər.

Qəzza zolağı 1996-2006-cı illərdə Fələstin Milli İdarəsinin tərkibində olub. Lakin 2006-cı ildə keçirilən seçkilərdə HƏMAS Abbasın partiyası olan “Fəth”i keçərək, 132 yerlik parlamentdə 74 yer qazanıb, “Fəth” isə 45 mandatda qalıb. Daha sonra 2007-ci ildə tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən Qəzzada başlayan qarşıdurmalarda HƏMAS bölgəyə nəzarəti ələ keçirib.

Parisdəki “Sciences Po” Universitetindən Frederik Ensel Fransanın AFP xəbər agentliyinə bildirib ki, Fələstin Milli İdarəsinin Qəzzaya qayıtması üçün üç ilkin şərt var. Ensel qeyd edib ki, bunlardan birincisi HƏMAS-ın tərksilah edilməsi, ikincisi Abbasa beynəlxalq ictimaiyyətdən ciddi dəstək, üçüncüsü isə Netanyahunun başçılıq etdiyi sağçı blokun qısa müddətdə hakimiyyəti itirməsidir.

Bununla belə, AFP-nin təhlilində Fələstin xalqının Abbas administrasiyasını “korrupsioner, zülmkar və İsrailin xidmətçisi” olaraq gördüyü də qeyd edilib. Administrasiyanın ərəb ölkələrindən, eləcə də ABŞ və Avropa İttifaqından maliyyə alması barədə məlumat da paylaşılıb.

“Independent” yazarlarından Kim Senqupta Qəzzanın Abbas administrasiyasına təhvil verilməsinin “çox problemli” olacağını ifadə edərək, belə bir qiymətləndirmə verib: “Nəhəng beynəlxalq fondlar tərəfindən dəstəklənən Fələstin İdarəsi qısamüddətli həll yolu ola bilər. Lakin böyük və mənalı islahatlardan keçmədən regionun inzibati problemlərinə uzunmüddətli bir həll gətirməsi çox da inandırıcı deyil”.

2. İsrailin Qəzzanı yenidən nəzarət altına alması

Digər tərəfdən, müharibə başlayandan bəri atəşkəs çağırışlarını rədd edən İsrail Baş naziri Binyamin Netanyahunun ofisi müharibədən sonra Qəzzanın Fələstin Milli İdarəsinə təhvil verilməsi ilə bağlı üçüncü tərəflərlə heç bir rəsmi görüş keçirilmədiyini açıqlayıb. İsrail ordusundan verilən açıqlamalarda müharibənin əsas məqsədinin Qəzzanı idarə edən HƏMAS-ın bütün hərbi və siyasi fəaliyyətlərinə son qoymaq olduğu bildirilib. Lakin Təl-Əviv rəhbərliyinin müharibədən sonra Qəzza ilə bağlı planları hələlik məlum deyil.

Netanyahu bazar ertəsi ABŞ-nin “ABC News” telekanalına müsahibəsində deyib: “Çərçivəsi hələ dəqiqləşdirilməmiş bir müddət ərzində Qəzzanın ümumi təhlükəsizliyindən İsrail məsul olacaq. Biz buna sahib olmayanda nələr baş verdiyini gördük”.

Britaniyanın tanınmış qəzetlərindən olan “Guardian”ın keçmiş Qüds müxbiri Peter Beaumont tərəfindən yazılan təhlildə Netanyahunun açıqlamasının Qəzzanın yenidən İsrail tərəfindən nəzarət altına alına biləcəyinə dair narahatlıqları artırdığı ifadə edilib. İsrail 1967-ci ildə Qəzzanı nəzarət altına alıb və 2005-ci ilə qədər ordusunu bölgədən çıxarmayıb.

Netanyahunun planlarının qeyri-müəyyənliyinin bölgədə şiddəti artırdığına diqqət çəkən Beaumont İsrail Müdafiə Qüvvələri (IDF) və İsrailin daxili kəşfiyyat təşkilatı Şin Betin müharibədən sonrakı dövrdə Qəzzada təhlükəsizliyin təmin edilməsindən məsul ola biləcəyini yazıb.

3. HƏMAS-ın Qəzzadakı nəzarətini saxlaması

Atəşkəs çağırışlarına cavab verilmədiyini və girov böhranının hələ də həll olunmadığını nəzərə alsaq, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları”nın oktyabrın 7-də başlatdığı “Əqsa Tufanı” əməliyyatının qısa müddətdə başa çatması ehtimalı görünmür. Bundan əlavə, HƏMAS ABŞ-nin müdafiə etdiyi kimi Qəzzanın Fələstin Milli İdarəsinə qaytarılmasına yaxınlaşmır.

HƏMAS-ın Livandakı yüksək səviyyəli rəsmilərindən biri olan Usamə Həmdan bazar ertəsi Vaşinqtonda yerləşən Yaxın Şərq Media Tədqiqatları İnstitutu (MEMRI) tərəfindən dərc olunan müsahibəsində deyib: “ABŞ-nin İsrailin işğalına uyğun hökumət yaratmaq planlarını bizim üzərimizə yükləməsinə icazə verməyəcəyik”.

HƏMAS-ın yüksək vəzifəli şəxslərindən biri Qazi Həməd oktyabrın 24-də Livanın “LBC International” telekanalında yayımlanan çıxışında İsrail məhv edilənə qədər hücumları davam etdirəcəklərini deyib. “Əqsa Tufanı”nın yalnız başlanğıc olduğunu bildirən Həməd bildirib: “Biz İsrailə dərs verməliyik. Bunu ikinci və üçüncü dəfə hücum edərək edəcəyik. “Əqsa Tufanı” əməliyyatı yalnız ilk hücum idi. İkinci, üçüncü və dördüncü dəfə olacaq”.

İsrailin keçmiş Baş naziri Ehud Barak isə ABŞ-nin aparıcı jurnalist təşkilatlarından biri olan “Politico”ya verdiyi müsahibədə Avropa və ABŞ-dən aldıqları dəstəyi itirməyə başladıqlarını və HƏMAS-ı məğlub etmək üçün bir neçə həftə qaldığını bildirib. Barak HƏMAS-ın Qəzzadan tamamilə çıxarılmasının aylar çəkə biləcəyinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza   İsrail   Fəth  


Bizi "telegram"da izləyin