Rusiya bütün dünyada nüvə fəaliyyətlərini artırır – ANALİZ

2023/06/1686381407.jpg
Oxunub: 7346     10:12     11 İyun 2023    
Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin nüvə fəaliyyət qüvvələrinin “xüsusi hazırlıq” vəziyyətində olması barədə açıqlaması dünyada narahatlıqla qarşılanıb. Putinin bu hərəkəti bütün gözlərin nüvə silahlarına və hipersəs raketlərinə fokuslanmasına səbəb oldu. Vladimir Putinin bu açıqlamaları nüvə silahından istifadə edilməsindən daha çox dünyaya Ukrayna məsələsində geri çəkilmələri xəbərdarlığı etməsi şəklində qiymətləndirilir. Bəs, Rusiya xarici ölkələrdə hansı nüvə fəaliyyətləri ilə məşğuldur?

Rusiya dünyanın bir çox ölkələri ilə nüvə fəaliyyətinə dair sazişlər bağlamağa davam edir. Bu ölkələrə Suriya, Türkiyə, Belarus, Finlandiya və bir çox Afrika ölkələri daxildir. Moskvanın bu addımları xüsusilə mümkün Üçüncü Dünya müharibəsi üçün ehtiyat tədbirləri kimi şərh edilir.

2010-cu ildə dərc edilmiş Rusiya Hərbi Doktrinasına (həmçinin “Gerasimov” Doktrinası kimi tanınır) görə, nüvə silahı özünə və ya müttəfiqlərinə qarşı istifadə edilərsə, Rusiya Federasiyası da eyni şəkildə cavab verə biləcək. Eyni zamanda, bu doktrinaya görə, Rusiyaya adi silahlarla hücum baş verərsə və ya Rusiya Federasiyası açıq təhdid altında olarsa, nüvə silahı yenidən güclü variant kimi qəbul edilir.

Amerikalı Alimlər Federasiyasının bəyanatına görə, Rusiyada 5997 nüvə mexanizmi var. Təxminən 4500 mexanizm ballistik raketlərdən və ya uzaq məsafələri vura bilən strateji silahlardan ibarətdir. Diplomatik dairələr deyirlər ki, bu nüvə mexanizmləri mümkün Üçüncü Dünya müharibəsinə hazırlıq üçün hazırlanıb.

Afrika ilə “sülhpərvər” nüvə enerjisi müqaviləsi

Afrika Nüvə Enerjisi Komissiyası (AFCONE) və Rusiyanın Atom Enerjisi üzrə Dövlət Agentliyi “Rosatom” arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə əməkdaşlıq sazişi imzalanıb. AFCONE və “Rosatom” administrasiyaları arasında 22 sentyabr 2020-ci ildə Cənubi Afrika Respublikasının Pretoriya şəhərində və Rusiyanın paytaxtı Moskvada protokol imzalanıb.

Bu razılaşma Rusiya-Afrika Sammitində əldə olunan razılaşmaların həyata keçirilməsi üçün mühüm addım kimi qiymətləndirilir. Bu imzalanmış protokol enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və nüvə enerjisi sənayesində layihələrin həyata keçirilməsi kimi mövzuları əhatə edir.

Şimal qütbü üzərindən “Buzqıran” həmləsi

Rusiya Arktika üzərindən Asiyaya neft və təbii qaz ixrac etmək üçün nüvə enerjisi ilə işləyən iki buzqıran gəmi buraxıb. Buzqıran gəmilərin ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirən Rusiya Prezidenti Putin qeyd edib ki, şimal dəniz yollarının inkişafı Rusiyanın ixrac potensialını tam reallaşdırmağa və Cənub-Şərqi Asiya da daxil olmaqla, effektiv logistika sahəsi yaratmağa imkan verəcək.

Moskva Atlantik, Sakit və Şimal Buzlu okeanlarını birləşdirərək, karbohidrogenləri Cənub-Şərqi Asiyaya nəql etməyi və böyük neft və təbii qaz ixracını artırmağı hədəfləyir.

Türkiyə ilə Rusiya arasında “Akkuyu” Atom Elektrik Stansiyası Müqaviləsi

“Akkuyu” Atom Elektrik Stansiyası Türkiyənin enerji transformasiyasında əhəmiyyətli irəliləyiş əldə etmək, enerji təchizatı təhlükəsizliyini artırmaq və idxal enerjisindən asılılığını azaltmaq məqsədi daşıyır.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, “Akkuyu” Atom Elektrik Stansiyası elektrik ehtiyacları üçün istifadə edilən təbii qaz və maye yanacağın böyük bir hissəsini, kömür yanacağının isə təxminən 30 faizini idxal edən Türkiyənin təbii qazdan, xüsusən də Rusiyadan asılılığını azaldacaq və mövcud enerji kəsirinin azaldılmasında mühüm rol oynayacaq.

Türkiyə Ukrayna ilə müharibəyə görə digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi embarqoya daxil olmayıb. O, həmçinin Ukraynaya Pilotsuz Uçuş Aparatlarının (PUA) satışına davam edib. Rusiya və Ukraynadan taxıl məhsullarının Qara dənizdən təhlükəsiz çıxarılması üçün imzalanan Taxıl Dəhlizi Sazişində də Ankara hökuməti mühüm rol oynayıb.

“Akkuyu” Atom Elektrik Stansiyası digər ölkələrin də gündəmində olan böyük enerji layihələri ilə yanaşı, ikitərəfli əlaqələr üçün əhəmiyyətini qorumağa davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə danışıq aparıb. Danışıqlardan sonra verilən açıqlamada Sinopda ikinci nüvə obyektinin tikintisi ilə bağlı danışıqların davam etdiyi bildirilib.

Belarusla danışıqlar müsbət yekunlaşdı

Rusiya qonşu və müttəfiq olan Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı razılığa gəlib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Belarusun müdafiə naziri Viktor Hrenin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı planlaşdırılmış sazişi imzalayıblar.

Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə açıqlamasında artıq ölkəsinə nüvə silahının təhvil verilməsinə başladığını açıqlayıb. Putinin açıqlamalarından sonra Lukaşenko bəyan edib ki, Moskvanın ölkəsində nüvə silahı yerləşdirmək planı Qərbin hədəfində olan Belarusu qorumağa kömək edəcək.

ABŞ Rusiya ilə Belarus arasında imzalanan sazişi pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlamasında bildirib: “Mən əlimizdə olan sübut və ya qiymətləndirmə haqqında danışmayacam. Bununla belə, demək istərdim ki, biz bu razılaşmanı qətiyyətlə pisləyirik”.

Finlandiyanın NATO üzvü olmasına qarşılıq verildi

Finlandiyanın NATO-ya rəsmi üzvlüyündən sonra Rusiya bu üzvlükdən yaranan təhlükəsizlik təhdidlərinə qarşılıq olaraq “cavab tədbirləri” görməli olacağını açıqladı. Finlandiyanın üzvlüyü ilə NATO-nun Rusiyaya doğru genişlənməsi diplomatik dairələr tərəfindən Putinə qarşı strateji hədə kimi qiymətləndirilir. Lakin NATO rəsmiləri bunun Moskva üçün təhlükə olmadığını bildirir.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Finlandiyanın üzv olması NATO-dakı Rusiya müxalifliyinin əlamətidir. Peskov NATO müttəfiqləri tərəfindən Finlandiya torpaqlarına yerləşdiriləcək silahlara müvafiq şəkildə cavab verəcəklərini açıqlayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nüvə  


Bizi "telegram"da izləyin