2,6 milyard avroluq dəstəyi 2021-ci ilin yayında Ermənistana gələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açıqlayıb. Üstəlik, bunun Brüssel formatı adlanan formatın aktiv başlanğıcı olduğunu da söyləmək mümükündür. Söhbət Şərq Tərəfdaşlığı ölkələrinə maliyyə yardımının ayrılmasından gedirdi. Eyni zamanda Ermənistan və Gürcüstana kifayət qədər çox məbləğ veriləcəyi barədə məlumatlar yayıldı. Bu zaman Gürcüstana daha çox, Azərbaycana isə cəmi 100 milyon avro vəd edilirdi.
Təbii ki, rəsmi Bakı bununla bağlı narazılığını bildirdi. Bundan sonra Avropa İttifaqı enerji sahəsində əməkdaşlıq perspektivlərini və enerji potensialının artırılması üçün Bakı ilə 2 milyard avroluq investisiya proqramını müzakirə etməyə başladı.
Ermənistan isə faktiki olaraq hələ də vəd olunan 2,6 milyardı gözləyir ki, bunun da təxminən 1,6 milyardı 5 illik qrant, 1 milyardı isə sərfəli bank şərtləri ilə kreditdir. Yeri gəlmişkən, 5 illik qrant proqramı bir çox mühüm istiqamətləri, o cümlədən Şimal-Cənub magistralının Zəngəzur hissəsinin maliyyələşdirilməsini, həmçinin bölgədə biznes təşəbbüslərinin maliyyələşdirilməsi üçün bir neçə yüz milyon dollarlıq proqramları ehtiva edir.
Lakin əslində Paşinyanın Çexiya mətbuatı ilə söhbətində xatırlatdığı kimi vəd edilən dəstəyin hələ də olmadığı üzə çıxır. Bəlkə, Avropa İttifaqı Ermənistana 2,6 milyard avro əvəzinə müşahidəçilərini göndərib və milyardlar hazırda Ukrayna müharibəsində Kiyevə müxtəlif dəstək vermək üçün lazımdır? Üstəlik, o müharibə bir il ərzində enerji mənbələrinin həddən artıq bahalaşması, eləcə də Rusiya bazarı ilə əlaqələrin kəsilməsi nəticəsində Avropa iqtisadiyyatına yüz milyardlarla dollar zərər vurub. Habelə, bəlkə də, 2,6 milyard avroluq dəstəyin sürəti Ermənistanın Azərbaycanla sülh müqaviləsi çərçivəsində nə qədər tez razılığa gəlməsindən asılıdır.
Aqil Məmmədov
Ordu.az