İHA-230 havadan atılan supersəs ballistik raketi Türkiyəyə nə qazandırır? – ANALİZ

2023/04/5555-1680677627.jpg
Oxunub: 2186     10:48     05 Aprel 2023    
İHA-230 səsdən sürətli ballistik raketi ilə Türkiyə müdafiə sənayesi yeni bir sahənin qapısını açıb. Türkiyə hazırda havadan atılan ballistik raket (ALBM) istehsalçısıdır.

Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan ROKETSAN tərəfindən hazırlanan TRG-230 Yer-Yer Ballistik Raket Sistemi bir müddətdir döyüş meydanında aktiv şəkildə istifadə olunur. Tipik bir taktiki ballistik raket olan və INS/GPS idarəolunan xüsusiyyətinə sahib olan TRG-230 həm də lazer axtarış başlığı olan TRLG-230 versiyasına malikdir.

Daha əvvəl açıq mənbələrdə məlum olmuşdu ki, maksimum 70+ kilometr mənzilə malik TRG/TRLG-230 raketi Türkiyə Silahlı Qüvvələri, Azərbaycan və Ukrayna orduları tərəfindən fəal şəkildə istifadə olunur. ROKETSAN bu yaxınlarda TRG-230-u havadan atılacaq şəkildə dəyişdirib və İHA-230 raketini inkişaf etdirib.

Türkiyənin ilk “Havadan Atılan Ballistik Raketi (ALBM)” ROKETSAN tərəfindən hazırlanmış İHA-230 olub. 2022-ci ilin dekabrında AKINCI PUA-sından supersəs sürətinə sahib İHA-230-un ilk atış sınağı həyata keçirilib. Sınaqlar zamanı 70 kilometr mənzilli TRG-230 raketinin bazası əsasında hazırlanan İHA-230-un 140+ kilometr məsafəyə çatdığı məlum olub.


AKINCI ilə 2 qat daha çox mənzil

Burada bir məsələni xüsusilə vurğulamaq lazmdır: Balistik raketlər adətən “yer-yer” tipli olur və parabolik bir trayektoriya çəkir. Onlar qurudan buraxıldığı üçün buraxılış mərhələsində yüksəklik əldə edərkən çox ciddi yanacaq sərf edir. Ancaq İHA-230-da raket AKINCI PUA-sından 20-30 min fut yüksəklikdə buraxılır. Bu səbəbdən əhəmiyyətli yanacaq qənaəti əldə edilir və İHA-230 TRG-230-dan 10 kiloqram ağır olmasına baxmayaraq, ikiqat məsafəyə çata bilir.

Sınaqlardan sonra yenidən təkmilləşdirmə

2022-ci ilin dekabrında keçirilən ilk sınaqdan sonra İHA-230 təhlükəsizlik qüvvələrinin istifadəsi üçün təhvil verilib. İstifadə edilən İHA-230 üçün istifadəçilər müxtəlif rəylər verib. Bu rəylərə əsasən, ROKETSAN İHA-230-da müxtəlif təkmilləşdirmələr edib və təkmilləşdirmələr 2023-cü ilin martında yeni sınaq atışı ilə təsdiqlənib.

2023-cü ilin mart ayında sınaq atışları zamanı AKINCI PUA-sına 2 ədəd İHA-230 raketi yüklənib. Yüklənmiş raketlərdən biri atılıb və 140+ kilometr məsafə qət edərək öz missiyasını uğurla başa vurub.

İHA-230 niyə inkişaf etdirildi?

Son zamanlar bütün dünyada hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirmək üçün çox yüksək zərbə həssaslığı, qabaqcıl manevr qabiliyyəti və dolayısı ilə yüksək vahid dəyəri olan raket sistemləri hazırlanıb. Bu raket sistemləri yüksək vahid qiymətləri və istehsal texnikasının tələbkar olması səbəbindən istənilən sayda və sürətlə istehsal edilə bilmir.

ROKETSAN isə bir müddətdir ki, “Speed is the new stealth” vizyonu çərçivəsində işləyir. Əgər atdığınız sursat kifayət qədər sürətlidirsə, hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlansa belə, məhv edilməsi çox çətindir. Ən sürətli və ən ucuz raket sinfi hansıdır? Təbii ki, bərk yanacaqlı raket mühərrikinə sahib olan, atmosferi tərk edib yenidən daxil olduğu üçün çox yüksək sürətə çata bilən və axtarış başlığı olmayan ballistik raketlər.

Hal-hazırda bir çox hava hücumundan müdafiə sistemi döyüş təyyarəsi, PUA, helikopter və qanadlı raket kimi “havadan nəfəs alan hədəflərə” qarşı mübarizə apara bilir. Ancaq çox yüksək sürət və yüksəkliyə malik ballistik raketlərin qarşısını ancaq təkmil sensorlar və yüksək hündürlüklərə çata bilən xüsusi raketlərə malik “anti-ballistik raket sistemləri” ala bilər.


Buna görə də ROKETSAN və BAYKAR taktiki ballistik raket olan TRG-230-u havadan atılacaq şəkildə dəyişdirib və İHA-230 ortaya çıxıb. Yüksək sürəti və aşağı vahid dəyəri olan İHA-230 sayəsində “havadan müdafiə qalxanları” effektiv şəkildə sındırıla bilər.

Hər hansı bir hərəkət sisteminə malik olmayan və sürəti çox daha yavaş olan MAM-L-nin döyüş meydanında nə etdiyini xatırlamaq İHA-230-un nə edə biləcəyi ilə bağlı bir nəticə çıxarmağa imkan verəcək...

Gələcəkdə bizi nə gözləyir?

Yuxarıda vurğuladığımız kimi, 230 mm çaplı İHA-230 Türkiyənin ilk “Havadan atılan ballistik raketi”, yəni beynəlxalq terminlə desək, ALBM-i olub. Hesab edirik ki, yaxın gələcəkdə bizi TRG-300-ün bazası əsasında hazırlanacaq 300 mm çaplı İHA-300 gözləyir. İHA-300 İHA-230-dan 2,5-3 dəfə çox döyüş başlığına sahib olacaq. Yəni, 70 metr radiusda olan əraziyə təsir göstərə biləcək. Digər tərəfdən TRG-300 İHA-230-dan daha sürətli olacaq.


Bundan əlavə, ROKETSAN “RamJet” və “ScramJet” mühərrik sistemləri sahəsində mühüm texnologiyalar hazırlayır. Bir az irəlidə "RamJet/ScramJet" sistemi sayəsində hipersəs "Mach 5+" sürətinə malik Türkiyə ALBM-lərini də görə bilərik...

Türkiyə müdafiə sənayesi bir çox sahəyə gec daxil olduğu üçün bir çox “qatarları” buraxıb. Ancaq son illərdə ağıllı sursatları da əhatə edən insansız sistemlər sahəsində həyata keçirilən fəaliyyətlər Türkiyənin qabaqcıl ölkələr sırasına daxil olmasını təmin edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   AKINCI  


Bizi "telegram"da izləyin