İranın İsrail-Azərbaycan müttəfiqliyindən qorxusu artır – Bakı toxunulmazdır

2023/02/1677497505.jpg
Oxunub: 5056     12:35     10 Mart 2023    
İranın xarici işlər naziri Hüseyn Abdullahian Ankaraya səfər edib və burada türkiyəli həmkarı ilə görüşdən sonra birgə mətbuat konfransında cəfəng fikirlər səsləndirib. O bəyan edib ki, Tehran Türkiyəni “sionist rejimin regional ambisiyalarını” cilovlamağa çağırır. “Qafqazdakı böhranın nəticələrindən biri də sionist rejimin bu regionda genişlənməsidir. Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhdid hesab edirik. Sionistlər hara addım atıblarsa, təhlükəsizlik və böhrandan başqa heç bir şey gətirməyiblər”, - deyə iranlı nazir bildirib.

Qarabağ müharibəsinin yaratdığı yeni rallıqları həzm edə bilməyən İran, İsrailin Azərbaycanla müttəfiqlik əlaqələrinin möhkəmlənməsi ilə yanaşı, Türkiyənin də Təl-Əvivlə münasibətləri normallaşdırmasından narahatdır. Türkiyədə səsləndirilən bəyanatı baş verən zəlzələdən sonra Tehranın atdığı addımlarla da əlaqələndirmək mümkündür.

Bir neçə həftə əvvəl İran Rusiyaya xarici işlər nazirlərinin Tehranda 3+3 formatlı görüşünü keçirməyi təklif edəndə bu addımın fürsətcilliyi barədə qeyd etmişdik. Türkiyənin başının zəlzələ fəlakəti və seçkilərə qarşımasından istifadə edən İran “boşluq” yarandığı hissinə qapılıb. Üstəlik o dərəcədə narahatdır ki, bu “boşluğun” İsrail tərəfindən doldurulacağını düşünür. İranda son həftələr intensivləşən İsrail-Azərbaycan təmaslarını buna sübut və ya ən azı həyəcan siqnalı kimi qiymətləndirirlər. Azərbaycanın müttəfiqlik münasibətlərinin İranı hansı səviyyədə narahat etməsini analiz etməyə ehtiyac yoxdur. İsraillə əməkdaşlıq bu günün və ya dünənin işi deyil, habelə bu əməkdaşlıq yalnız hərbi-siyasi deyil, mənəvi əlaqələrə əsaslanır.

Əslində İranın əsas narahatlığı region üçün deyil, nüvə fəaliyyətlərindən qaynaqlanır. Region və İsrail üçün təhlükəsizlik riskləri və problemləri yaradan bu fəaliyyətlər müttəfiqlik münasibətlərini sıxlaşdırmağa təşviq edir və bu çərçivədə Azərbaycanla əməkdaşlıq əsas hərəkətverici qüvvələrindən birinə çevrilir. Bu isə təkcə İranı deyil, Ermənistanı da narahat edir. Bu baxımdan, İranın xarici işlər nazirinin Türkiyədə verdiyi açıqlama İranın 3+3 təklifi ilə bağlı qeyd etdiyimiz qiymətləndirməni təsdiqləyir. Aİ-nin Ermənistan missiyasına loyal yanaşan İran İsrailin Azərbaycanla hərbi əməkdaşlığından ehtiyat edir, Ankaranı oyuna cəlb etməyə çalışır.

Təbii ki, İsrail və Türkiyə İranın təkidi və ya cəfəng bəyanatları ilə vaxtilə pozulmuş münasibətlər dövrünə geri qayıtmaq fikrində deyillər. Bu, tərəflərin çətin oynamağa çalışdığı sahədir, lakin geosiyasi çərçivədə Azərbaycan faktoru hər iki ölkə üçün istisnalıq təşkil edir, belə demək mümkündürsə, toxunulmazdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin