Afrikada Rusiya və Fransa arasında gizli müharibə pik həddə – ANALİZ

2023/03/savsa-1677738808.jpg
Oxunub: 8413     12:11     15 Mart 2023    
Afrikada Rusiya və Fransa arasındakı münaqişə artıq sadəcə diplomatik və ya media müharibəsi deyil, artıq uzaqlaşdırma və dəyişdirmə müharibəsinə çevrilib. Nəhayət, Burkina Faso hökuməti Fransadan bütün qüvvələrini öz ərazisindən çıxarmağı xahiş etdi. Bundan əvvəl Mali hökuməti eyni şeyi Fransadan tələb etmişdi.

Sahel və Sahara ölkələrində böyük bir populist dalğa Fransanın öz ərazisini tamamilə tərk etməsində israr edir və ona qarşı ittihamlar səsləndirməkdə davam edir. Fransaya qarşı populist dalğa Mali Respublikasına da çatıb və öz təsirini göstərməyə başlayıb.

Bu dalğanın tezliklə Sahel-Sahara ölkələrinin mühüm üzvü və Fransanın əhəmiyyətli hərbi, iqtisadi mövcudluğa sahib olduğu Çad və Nigerə daxil olması ehtimalı az deyil. Afrikalı siyasətçilər və ziyalılar Fransanın qitədəki müstəmləkə keçmişi ilə bağlı sənədləri açmağa, bəzilərinin yeni müstəqillik müharibəsi adlandırdıqlarına qoşulmağa, fransızca olan hər şeydən, o cümlədən dildən qurtulmağa çağırış etməyə başlayıblar.

Burkina Fasoda fransızdilli radiostansiyanın bağlanması üçün səylər davam edir. Malidə ərəb dilinin istifadəsinin genişləndirilməsinə və fransız dilinin məhdudlaşdırılmasına çağıran səslər yüksəlir. Terrorla mübarizə Fransanın Qərbi Afrikaya, xüsusilə Sahel və Sahara ölkələrinə qayıtması üçün vasitə oldu.

Fransanın keçmiş prezidenti Fransua Olland hökumətinin tələbi ilə qüvvələrini Malinin şimalına göndərərək, şimaldakı Azavad bölgəsində sülhün bərqərar olması üçün BMT və bəzi region ölkələri ilə əməkdaşlıq edib. Olland xalq tərəfindən böyük sevinclə qarşılandığı bölgəyə də səfər edib. Onun varisi Fransa prezidenti Emmanuel Makron Fransanın hərbi mövcudluğunu genişləndirərək onun Sahel və Sahara ölkələrinə müdaxiləsini xarici siyasətinin sütunlarından birinə çevirdi.

Ancaq İŞİD və “Əl-Qaidə”nin rəhbərlik etdiyi terror təşkilatları fəaliyyətlərini genişləndirərək, Burkina-Fasodan Mali, Niger və Çada qədər uzanan əraziləri nəzarətə götürüblər. Hökumətlərin qüvvələri paytaxtların sərhədlərinə çəkildi, siyasi və iqtisadi uğursuzluq vəziyyəti böyüməyə və genişlənməyə başladı və bu, ölkələrin sərhədlərini aşan güclü bir fenomenə çevrildi.

Fransanı bu ölkələrin sərvətlərini talamaq üçün terror aktlarından bəhanə kimi istifadə etməkdə ittiham edən şiddətli ritorika yarandı və solçu elitalar Fransanın Afrikadakı müstəmləkə keçmişinə dair sənədlərini açmağı tələb etdilər. Rusiyanın Ukraynaya qarşı müharibəsi və NATO ölkələrinin dəstəyi Rusiyanı müharibə cəbhəsini genişləndirməyə və Afrikada cəbhə açmağa sövq etdi.

Keçən həftə Cənubi Afrikaya səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanı Afrikaya müstəmləkəçiliyə qayıtmaqda ittiham edərək ona “atəş açmışdı”. Lavrov qeyd edib ki, Fransanın 2011-ci ildə Liviyaya müdaxiləsi Afrika qitəsinə nüfuz etmək üçün Liviya ərazisindən tramplin kimi istifadə etməyi hədəfləyirdi.

Fransanı Afrikadan çıxmağa çağıran geniş yayılmış populist kampaniyalara cavab olaraq, Rusiyanın Sahel və Sahara ölkələrində mövcudluğunu alqışlayan və tələb edən genişlənən əks dalğa var. Bu ölkələrdə, eləcə də Mərkəzi Afrika Respublikası və Mozambik Respublikasında “Vaqner” Özəl Hərbi Kampaniyasının olması artıq sirr deyil. Əksinə, hava limanları, mədənlər, bəzi düşərgələr və hətta bəzi dövlət idarələri kimi həyati və vacib yerlərdə aşkar şəkildə görünürlər.

Bu gün Afrika qitəsində iqtisadi və təhlükəsizliyə təsir etmək üçün mübarizə gedir. Çin güclü bir şəkildə varlığını davam etdirir, qitənin mərkəzində və cənubunda geniş şəkildə qəbul edilir, Rusiya Sahel, Sahara və Şimali Afrika ölkələrində “Vaqner” qüvvələrinin mövcudluğunu genişləndirərək təhlükəsizlik və hərbi cəhətdən irəliləyir.

Birləşmiş Ştatlar isə qitədə effektiv iqtisadi mövcudluğa malik deyil. O, əvvəlcə fransız qüvvələrinə anti-terror dəstəyi versə də, fransızların geri çəkilməsindən sonra bu mövcudluğunu azaldıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   Rusiya   Fransa  


Bizi "telegram"da izləyin