Fransa uzun illər Afrikada müstəmləkə dövləti kimi hökm sürüb.
Afrikadakı mövcudluğu XVI əsrə qədər uzanan Fransa, XX əsrin əvvəllərində Şimali Afrikada Əlcəzair və Mərakeşin geniş ərazilərində, qərbdə və Mərkəzi Afrikada indiki Mavritaniya, Seneqal, Qvineya, Mali, Fil Dişi Sahili, Benin, Niger, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Kamerun, Cibuti və Madaqaskarı əhatə edən geniş bölgədə hökmranlıq edib.
Lakin 1960-cı illərdə qitə ölkələri müstəqillik əldə etdikdən sonra Fransanın bölgədəki təsiri azaldı.
Məlumdur ki, Afrikada Fransa əleyhinə ideyaların əsasları 1980-ci illərdə Burkina-Fasonun əfsanəvi lideri Tomas Sankara tərəfindən qoyulub.
İmperializmə qarşı çıxışları ilə tanınan Sankara 1986-cı ildə paytaxt Vaqaduquya səfər edən Fransanın o zamankı prezidenti Fransua Mitteranı müstəmləkə dövrü ilə bağlı tənqid etməsi və Mitteranın Sankaraya reaksiyası Afrika ilə Fransa hökuməti arasında ilk ciddi soyuq münasibətlərə səbəb olub.
Sankara və Mitteran arasındakı söz duelindən təxminən 20 il sonra, bu dəfə Fil Dişi Sahilində Fransa əleyhinə əhval-ruhiyyə ortaya çıxdı.
Fransa ilə çox yaxın əlaqələri olan Fil Dişi Sahilində 2000-ci illərin əvvəllərində tələbə qruplarının küçə nümayişləri bir çox gözlənilməz problemlərə səbəb oldu. 2011-ci ilə qədər fasilələrlə davam edən etirazlarda Fransanın Fil Dişi Sahilindəki maraqları birbaşa hədəfə alındı.
Anti-Fransa cərəyanı digər keçmiş koloniyalarda da artsa da, daha az təsirli oldu. Getdikcə Mali, Burkina-Faso və Niger ekstremist təşkilatların, xüsusilə də “Əl-Qaidə” və İŞİD-in yuvasına çevrildi. Bu ölkələrin təhlükəsizliyini və sabitliyini qorumaq üçün hərbi bazalara sahib olan Fransa terror təşkilatları ilə mübarizədə Afrika ölkələrinin tələblərinə caavb vermədi.
Fransanın Afrikadakı uğursuz əməliyyatları, 2020-ci ildən bəri Mali və Burkina-Fasoda ardıcıl çevrilişlər bölgədə Fransa əleyhinə hərəkətlərin artmasına səbəb oldu. 2021-ci ildə bölgənin ən sabit ölkəsi olan Seneqalda gözlənilmədən Fransa əleyhinə əhval-ruhiyyə ortaya çıxdı. Seneqallı müxalifət lideri Ousmane Sonkonun 2021-ci ilin martında saxlanması ilə başlayan küçə etirazlarında nümayişçilər fransızlara məxsus iş yerlərinə doğru irəlilədi.
Müxalifət lideri Sonko təcavüz ittihamı ilə saxlanılsa da, tərəfdarları Fransa bazarlarını qarət edib, yanacaqdoldurma məntəqələrini yandırıblar. Sonko, 2021-ci ilin iyul ayında verdiyi açıqlamada, Fransanı Seneqalın daxili işlərinə qarışmaqda günahlandırırdı: “Fransa ölkədəki bütün bəlaların qaynağı deyil, amma Fransanın əlini boğazımızdan çəkməsinin vaxtı gəlib”.
2021-ci ildə Malidə çevrilişlə hakimiyyətə gələn prezident Assimi Qoitanın Fransanın ölkədəki hərbi varlığını şübhə altına alması Fransanın yenidən hədəfə çevrilməsinə səbəb olub. Mali terrorla mübarizədə Rusiya ilə yaxınlaşarkən, xalq Fransanın Malidən çıxması üçün aksiyalar təşkil etməyə başladı. Bu hərəkətlər təkcə Maliyə deyil, Fransanın hərbi bazalarının olduğu Niger və Burkina-Fasoya da yayılıb.
Burkina-Faso, Mali və Nigerdə Fransa əleyhinə aksiyalarda Rusiya bayraqları daşıyan etirazçılar əllərində “Fransa rədd ol” mənasına gələn fransızca “France degage” sözləri yazılmış plakatlar qaldırıblar.
Burkina-Faso və Malidəki çevriliş rəhbərləri fransız əsgərlərinin ölkəni tərk etməsində israr ediblər. Malidəki fransız qoşunları 2022-ci il avqustun 15-də ölkədən çıxarılıb.
Burkina-Faso hökumətinin ötən ay ölkədə yerləşdirilən fransız əsgərlərinin çıxarılması üçün bir ay vaxt verdikdən sonra Paris administrasiyası qoşunlarını ölkədən çıxarmaq qərarına gəldiyini açıqlayıb.
Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Fasoda 400-ə yaxın xüsusi təyinatlısı var. Qonşu ölkə Malidən yayılan zorakılığın qarşısını almaq üçün fransız qüvvələrinin yetərincə hərəkət etmədiyini iddia edən Vaqaduqu administrasiyası, ölkənin müdafiəsini öz üzərlərinə götürmək istədiklərini bildirir.
Mərakeş və Əlcəzairdə Fransa əleyhinə kampaniya genişlənir
Fransanın keçmiş müstəmləkələrindən biri olan Mərakeş və Əlcəzairdə Fransa əleyhinə ideyalar güclənir. Bu iki ölkə artıq öz siyasi müstəqilliyini əldə edib. Lakin bu ölkələrdə müstəmləkəçiliyin müxtəlif sahələrdə təsirləri hələ də davam edir. Mərakeş və Əlcəzairdə mədəni, iqtisadi və digər sahələrdə Fransanın təsiri davam edir.
Mərakeşli fəallar keçən il fransız dilinin kurrikulumdan çıxarılmasını və onun dövlət müəssisələrində istifadəsinin dayandırılmasını tələb edən kampaniya başlatmışdılar. Mərakeşli fəallar “Change.org” saytında “Mərakeşdə dil ədalətinə bəli, fransızcaya yox” mövzusunda kampaniya təşkil ediblər. Ölkədə fransız dilinin təhsil proqramından çıxarılması və rəsmi qurumlarda istifadə edilməməsi tələbi ilə təşkil edilən kampaniya çərçivəsində 6 min 760 imza toplanıb.
Əlcəzairlilərin üçdə biri də fransızca danışır. Əlcəzair Prezidenti Əbdülməcid Tebbun qeyd edib: “Ölkəmizin müstəqillik əldə etdikdən sonra istisnasız olaraq bütün sahələrdə, xüsusən də təhsildə üzləşdiyi vəziyyəti unutmamalıyıq”.
İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının rəhbəri Abdurrezzak Mukri isə deyib: “Əlcəzairdə müharibə davam edir”.
Afrikada Rusiya və Çin təsiri artır
Afrikada Fransa əleyhinə dalğa güclənir. Fransa prezidenti Emmanuel Makron, Fransanın qitədə getdikcə sarsılan imicinə görə Rusiya və Çini ittiham edir. Makron iddia edir ki, Rusiya Fransanın hərbi münaqişədə olduğu və ya təsirini itirdiyi Afrika ölkələri vasitəsilə “fransız ovçuluğu edir”. Fransa, Moskvanı Parisə qarşı olmaqda və “Vaqner” muzdluları vasitəsilə regionda, xüsusən Malidə manipulyasiya aparmaqda ittiham edir. Paris, Mali, Burkina-Faso və Niger kimi keçmiş Afrika koloniyalarında fransızların mövcudluğundan yaranan narahatlığı Rusiyanın artan təsiri ilə əlaqələndirir.
Ancaq Afrikada Paris əleyhdarları, Fransa ordusunun xüsusilə Qərbi və Mərkəzi Afrikadakı hərbi əməliyyatlarını, silahlı təşkilatlar tərəfindən terror aktlarının qarşısının alınmamasını, fransız frankı ilə bağlı müzakirələri, fransız liderlərin afrikalılarla bağlı açıqlamalarını səbəb olaraq göstərir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Fransanın Afrika qitəsindəki ölkələrlə müstəqil geosiyasi element kimi deyil, müstəmləkə keçmişi ilə davrandığını və bu vəziyyətin Parisə əleyhinə münasibəti daha da artırdığını bildirib.
Səbəbin nə olmasından asılı olmayaraq, Afrikadakı keçmiş müstəmləkə ölkələrində anti-Fransa hərəkatı günü-gündən artır. Digər tərəfdən, Rusiya və Çin regionun bir çox bölgələrində mövcudluğunu gücləndirir.
Moskvanın “Vaqner” Özəl Hərbi Kompaniyası vasitəsilə Afrikadakı nüfuzu artır. Çinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” layihəsi ilə bölgədəki varlığı getdikcə güclənir. Afrika ölkələri Pekin administrasiyası ilə iqtisadi əlaqələrini günü-gündən gücləndirir.
Dəyanət Ağalarlı
Ordu.az