Türkiyə Ukraynada İncə Buz üzərində Gəzməklə Balansı saxlaya biləcək?

2022/10/1666423260.jpg
Oxunub: 5253     17:00     22 Oktyabr 2022    
Proseslər inkişaf etdikcə, Türkiyənin Ukrayna böhranında tərəfsiz mövqeyini saxlamaq cəhdləri çətinləşir. Sahələrə ayırma siyasəti, strateji və iqtisadi işlərin işgüzar əlaqələr qurmaqdan ayrılması müasir Türkiyə-Rusiya münasibətlərinin müəyyənedici cəhəti olub. Ukraynaya qarşı müharibə boyu Türkiyə Qərb müttəfiqləri ilə iqtisadi tərəfdaşı Rusiya arasında incə tarazlıq yaratmaqda kifayət qədər uğurlu olub. Bu strategiya özünü Kiyevlə Moskva arasında geniş diplomatik danışıqlarda və daimi vasitəçilikdə göstərir. Bununla belə, müharibə uzandıqca və şiddətləndikcə hər iki tərəf tərəfindən getdikcə artan təzyiqlərə məruz qalan Ankaranın bu strategiyası Ukraynada davamlılığını və tətbiq oluna bilməsini itirmək riski daşıyır.

Rusiya hücumun əvvəlindən Ankara Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) etibarlı üzvü statusunu müttəfiqlərinə sübut etmək üçün əhəmiyyətli addımlar atdı. Əslində, Türkiyə alyans daxilində Ukraynanı əvvəldən kritik silah sistemləri ilə təmin edən ilk ölkələrdən biri olub. Ankaranın hərbi satışlarda əsas diqqəti PUA-ların, xüsusən də döyüşdə sübut olunmuş “Bayraktar TB2”lərin böyük tədarükünə yönəlib. Fevralın 24-dən etibarən Türkiyənin “Baykar” şirkəti Ukrayna Silahlı Qüvvələrinə 50-yə yaxın TB2 göndərib.

Türkiyə məşhur PUA əməliyyatları ilə yanaşı, Ukraynadakı bəzi aktual strateji problemlərin həlli yollarını da təmin edib. Müharibə başlayandan bir neçə gün sonra Ankara tez bir zamanda Montrö Konvensiyasına istinad etdi və Çanaqqala və Bosfor boğazını rus döyüş gəmiləri üçün bağladı. Odessa limanının blokadası və yaxınlaşan ərzaq böhranı fonunda Ankara Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə Ukrayna limanında sıxışan gəmilərin beynəlxalq bazarlara çıxmasına imkan verən taxıl dəhlizi yaratmaq üçün işləyib.

Bundan əlavə, tərəfsiz kimi Türkiyə ikitərəfli mübadilələrə və siyasi sığınacaq verilməsinə şərait yaradıb. Burada diqqətəlayiq nümunə Ukrayna prezidenti Zelenski ilə azad edilmiş Azov batalyonunun 5 komandirinin müharibənin sonuna qədər Türkiyədə qalmasının təmin edilməsinə dair bu yaxınlarda əldə edilmiş razılaşmadır. Digəri, Ankaranın 2022-ci ilin sentyabr ayının sonunda Rusiya və Ukrayna arasında məhbus mübadiləsini asanlaşdırmaqda oynadığı roldur.

Buna baxmayaraq, Türkiyə özünü etibarlı NATO dövləti kimi sübut etməyə çalışdıqca, geoiqtisadi məhdudiyyətlər qalmaqdadır. Türkiyə Rusiya ilə dəniz sərhədlərini bölüşür və Moskva-Ankara güc balansı Qara dəniz regionunda təhlükəsizlik üçün çox vacibdir. İki ölkə arasında danılmaz iqtisadi əlaqələr də var ki, bunlar əsasən turizm və ticarət formalarında özünü göstərir. Bundan başqa, Rusiya dəfələrlə Türkiyənin aktual təhlükəsizlik tələblərindəki boşluqları eləcə də Qərbin səhlənkarlığı nəticəsində yaranan çatışmazlıqları doldurmağa hazır olduğunu iddia edib.

Məhz buna görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın hücumuna qarşı Ukraynanın hərbi imkanlarını gücləndirməklə yanaşı, Putinə də “göz vurur” və deyir ki, Türkiyə Su-35-ləri F-16 modernləşdirilməsinə alternativ hesab edə bilər. Eynilə Türkiyənin Rusiya ilə “Akkuyu” Atom Elektrik Stansiyası şəklində davam edən strateji enerji layihəsi, eləcə də Rusiya qazını Avropaya birləşdirəcək boru kəməri layihəsinə dair son razılaşma var.

İndi isə Rusiyanın raketləri və İran PUA-larının Kiyev də daxil olmaqla mülki hədəflər və infrastrukturun üzərinə yağması ilə Türkiyə mənəvi cəhətdən tamamilə Rusiyaya qarşı çıxa bilər. Amma rasional olaraq Ankara Qərb müttəfiqlərinin qanuni təhlükəsizlik narahatlıqlarını etiraf etməsinə ehtiyac duyacaq. Bu nöqtədə Türkiyə ilə NATO arasında etimadın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edəcək.

Onilliklər ərzində Türkiyənin tərəfsiz strategiyası əksər hallarda ona yaxşı xidmət edirdi. Bununla belə, Ukrayna məsələsində Ankaranın vasitəçi rolunun vaxtı sona çatmış ola bilər. Bu reallıq özünü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun 2022-ci il oktyabrın əvvəlində verdiyi bəyanatda göstərir. Hökumət rəsmisi bəyan edib ki, hər iki tərəf, Ukrayna və Rusiya “diplomatiyadan uzaqlaşıblar” və tərəflər tez bir zamanda tətbiq edilə bilən atəşkəsə nail olmalıdır. Bu bəyanat təbiidir, çünki Türkiyə hələ də enerji, turizm və təhlükəsizlik kimi müxtəlif kritik sektorlarda Rusiya ilə birgə çalışır.

Enerjiyə gəlincə, Türkiyə qazının 45 faizində hələ də Rusiyadan asılıdır. İqtisadi böhranın davam etdiyi bir vaxtda Türkiyənin Rusiyanın tələb etdiyi qiyməti ödəyə biləcəyi bəlli deyil. Türkiyəni Rusiyanın qaz yataqlarından Avropa bazarlarına tranzit edəcək enerji mərkəzinə çevirmək üçün yeni planlara baxmayaraq, “Türk axını”nın təhlükəsizliyi (təchizatı) və fəaliyyəti Rusiyanın əlindədir, bu da Ankara və onun Qərb müttəfiqləri üçün zəifliyi artırır. Qısaca desək, yeni planda “Türk axını” vasitəsilə Avropaya daha çox qaz ixrac etmək üçün Türkiyədə paylayıcı mərkəzin yaradılması təklif edilir. Bu yeni layihə daxildə Ərdoğan üçün sərf etsə də, Rusiyadan enerji asılılığını fəal şəkildə azaltmağa çalışan Qərb müttəfiqləri qarşısında Türkiyəni daha çətin vəziyyətə sala bilər.

Maliyyə tərəfində Türkiyənin bank sistemi Qərb tərəfindən getdikcə daha çox təzyiq altındadır və bu, Türkiyənin böyük banklarının Rusiyanın “Mir” sistemi ilə ödənişləri dayandırmasına səbəb olub. Bu qərar Türkiyəni Rusiya ilə əməliyyatlar aparmaq üçün başqa alternativləri nəzərdən keçirməyə sövq edir ki, bu, səfərbərlikdən qaçan rusiyalı gənclərin daha çox sayda Türkiyəyə köçməsi ilə daha da əhəmiyyət qazanacaq. Bununla belə, Moskvanın tranzit marşrutlarına ehtiyacı Ankaraya daha çox təzyiq göstərilməsinə səbəb ola bilər.

Hər iki tərəfin təzyiqinə məruz qalan Türkiyə, qış yaxınlaşdıqca paradoksal olaraq daha da zəifləyəcək nazik buz üzərində addımlayır. Doğrudan da, Ankaranı NATO müttəfiqləri üçün düzgün qərar qəbul etməyə təşviq etmək ortaq maraqları vurğulayan açıq dialoqu, həmçinin Türkiyənin təhlükəsizlik narahatlıqları və ehtiyaclarına empatiyanı ehtiva edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin