“Poliqon” jurnalının 10 illik yubileyi qeyd edilib - FOTOLAR

2022/06/1656076324.jpg
Oxunub: 923     16:56     24 İyun 2022    
Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ölkəmizin ilk hərbi-texnoloji nəşri olan “Poliqon” jurnalının 10 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Ordu.az xəbər verir ki, tədbir “Azeri defence” adı ilə fəaliyyətə başlamış mətbuat orqanının qurucusu, jurnalist Rəşad Süleymanovun xatirəsinə ehtiram nümunəsi kimi də yadda qalıb.

Tədbirə toplaşanlar mərhumu, şəhid jurnalistləri və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarını bir dəqiqəlik sükutla anıblar.

Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Vətənə, doğma yurda hədsiz bağlılığı ilə seçilmiş və peşəkar fəaliyyətini də müqəddəs amallar uğrunda söz mübarizəsinə sərf etmiş Rəşad Süleymanov qısa ömür yolunda hərbi jurnalistika baxımından kifayət qədər böyük sayıla biləcək işlər görüb. 2012-ci ildə yaratdığı “Azeri defence” jurnalı yalnız bilik və bacarığının, əməksevərlik və zəhmətkeşliyinin məhsulu deyildi, eyni zamanda onun arzularını həyata keçirmək istəyinin hədəfi və təntənəsiydi. “Təəssüf ki, Rəşad aramızdan çox erkən ayrıldı. Mən 44 günlük Vətən Müharibəsi dönəmində onunla sıx təmasdaydım. Cəbhə ilə bağlı məlumatları ondan alırdım. Ünsiyyətimiz əsnasında gördüm ki, Rəşad hərbi sahəyə çox ciddi şəkildə bələddir. Onun sözləri, danışdıqları yalnız sahəyə bələdçilik yox, işinə məsuliyyətli yanaşan adamın belə demək mümkünsə, yaradıcılıq manifesti idi. İnanın o qədər maraqlı məqamlara toxunurdu ki, sadəcə heyrətlənirdim. Qürur hissi keçirirdim ki, hərbi sahəni belə müfəssəl bilən həmkarımız var. Sözün əsl mənasında ekspert idi. Bir daha deyim, amansız ölümün onu bizdən çox erkən ayırmasından dərin təəssüf hissi keçirdim. Hesab edirəm ki, Rəşad öz enerjisi ilə daha çox biliklərə yiyələnə bilərdi. Öyrənərdi və öyrədərdi”, - deyən Ə.Amaşov bildirib ki, R.Süleymanovun “Azeri defence” kimi yaratdığı jurnal “Poliqon” adı ilə artıq 10 yaşına çatıb. Qısa müddətdə kifayət qədər populyarlıq, nüfuz qazanıb. MŞ sədri həmçinin “Poliqon” jurnalını Şuranın fəxri diplomu ilə təltif edib. Diplom yubilyar mətbuat orqanının baş redaktoru Zaur Babaşovun və R.Süleymanovun övladlarının iştirakı ilə təqdim olunub.


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, “Poliqon” jurnalının 10 illiyinin qeyd edilməsi ümumən hərbi jurnalistika barədə söz açmaq üçün yaxşı fürsət verir. Hərbi jurnalistikanın durumunu təsnifatlandırsaq, 44 günlük Vətən Müharibəsinə qədərki və ondan sonrakı dövrü ayrımaq lazımdır. Azərbaycan müharibədə qalib olduğundan, onun hərbi jurnalistikasının da qalib ölkənin jurnalistikası kimi davranması, fəaliyyət göstərməsi mütləqdir. N.Məmmədli təmsil olunduğu qurumun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən söz açıb. O bildirib ki, MEDİA ötən müddətdə hərbi jurnalistikanın inkişafına diqqət yetirib, nüfuzlu “Əl-Cəzirə” telekanalının ekspertlərinin iştirakı ilə Bakıda jurnalistlər üçün təlim düzənləyib, bir qrup jurnalistin Türkiyənin Ankara Jandarma Akedimiyasında iki həftəlik kursda iştirakını təmin edib. Şöbə müdiri çıxışında həmçinin vurğulayıb ki, “Poliqon” yalnız hərbi texnoloji baxımdan yox, paralel olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılma tribunası kimi diqqət çəkib. N.Məmmədli jurnalın fəaliyyətinə həssas yanaşılmasını jurnalist Rəşad Süleymanovun miras qoyduğu irsə ehtiram nümunəsi kimi qiymətləndirib.


“Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov çıxışında rəhbərlik etdiyi nəşrin “Azeri defence” adı ilə 2012-ci ildən başlayaraq keçdiyi yola nəzər salıb. O bildirib ki, ölkəmizin hərbi güc strukturlarının istinad etdiyi jurnallardan birincisi statusuna yiyələnmiş “Poliqon” Türkiyə, Qazaxıstan və Gürcüstanın bazarında da unikal mövqeyə sahibdir. Cənubi Koreya və Pakistanda nəşrin abunəçiləri var. Z.Babaşov onu da deyib ki, jurnalın indiyədək 63 sayı işıq üzü görüb ki, bunlardan 5-i xüsusi buraxılışdır. Xarici dillərdə çap olunmuş həmin buraxılışlar ADEX, KADEX, IDEF, IDEAS, EDEX, IMDEX, “Silahlar və Təhlükəsizlik”, “Eurasia Airshow”, “Dubai Airshow”, DEFINDEX kimi nüfuzlu beynəlxalq müdafiə sərgilərində yayımlanıb. Mətbuat orqanı bu sərgilərin rəsmi media tərəfdaşı olub. “Poliqon” jurnalının “poliqon.az” saytında isə Müstəqil Dövlətlər Birliyi coğrafiyasında, Türkiyədə, ümumilikdə dünyada baş verən hərbi-texnoloji yeniliklər haqqında zəngin məlumatlar yer almaqdadır.


MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında R.Süleymanovu əsl vətənpərvər, Qarabağ acısına içdən yanan söz adamı kimi xarakterizə edib və vurğulayıb ki, əslində “Azeri defence” jurnalını yaratmaq istəyi də jurnalistin məhz Vətənə fayda vermək məramından irəli gəlmişdi. U.Rəhimoğlu hərbi sahənin spesifikliyindən söz açaraq onu da bildirib ki, R.Süleymanovun bu istiqamətdə uğur qazana bilməsi onun gərgin əməyinin, əzminin, Vətən sevgisinin nəticəsiydi.

MŞ İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid R.Süleymanovun jurnalistika ilə bağlı ilk addımlarını “525”də atdığını xatırladıb. O, Rəşadın püxtələşərək yetkin hərbi jurnalist, ekspert olaraq yetişməsini jurnalistin gərgin əməyinin, axtarışlarının bəhrəsi kimi dəyərləndirib. R.Məcid çıxışında eyni zamanda 2016-cı ilin “Aprel müharibəsi”, eləcə də Vətən Müharibəsi dönəmində R.Süleymanovun aktiv və peşəkar şəkildə öz vəzifəsini icra etdiyinə diqqət çəkib, bununla əlaqədar xatirələrini bölüşüb.

Azərbaycanda hərbi sahədə ekspertlərə ehtiyacın duyulduğunu diqqətə çatdıran MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı əlavə edib ki, R.Süleymanov bu baxımdan nümunəydi. Rəşadı xüsusi edən cəhət isə onun hərbi ekspert kimi məhz jurnalistikadan çıxması, media cameəsinin yetirməsi olmasıydı.

Hərbi ekspert Üzeyir Cəfərov çıxışında “Poliqon” jurnalını hərbi məktəb kimi dəyərləndirib və nəşrin abunəsinin artırılmasına kömək göstərilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda R.Süleymanovun adının əbədiləşdirilməsini təklif edib, əlaqədar qurumları bu istiqamətdə tədbir görməyə çağırıb.

R.Süleymanovla birgə “Azeri defence” jurnalının yaradılmasına əmək sərf etmiş hərbi ekspert, jurnalist Ramil Məmmədli yubilyar nəşrin gördüyü işin böyüklüyünün üzərindən illər keçdikdən sonra daha yaxşı dərk ediləcəyini vurğulayıb və qeyd edib ki, gələcək nəsil jurnala əsasən Azərbaycanın bu günkü ordusu, müdafiə sanayesi barədə kifayət qədər zəngin məlumat bazası qazanıb.

Hərbi ekspert, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Əlisəfa Mehdiyev çıxışında R.Süleymanovun hərbi jurnalistikaya marağının hələ təhsil aldığı dövrdən formalaşmasından söz açıb. O deyib ki, Rəşad əvvəllər hərbi məsələlərlə bağlı öyrənirdi, ancaq sonradan özü öyrətdi. Belə tezlikdə bunu bacarmaq mümkünsüz idi, ancaq Rəşad qısa ömründə mümkünsüzü reallığa çevriməyə müvəffəq oldu ki, bu isə jurnalistin gördüyü işə olduqca həssas yanaşmasından irəli gəlirdi.

APA-nın baş direktoru Nurşən Quliyev R.Süleymanovun hərbi yönümlü jurnal yaratmaq ideyasının APA-da işlədiyi dönəmə təsadüf etdiyini bildirib. O, mərhum həmkarı barədə çoxlu sayda xoş söz söylənilməsinin mümkünlüyünü deyib: “Amma yalnız bunu bildirim ki, o, əsl vətənpərvər idi, Vətənlə nəfəs alırdı. Rəşad indi aramızda yoxdur, sevindiricidir ki, yadigarı olan “Poliqon” artıq 10 yaşına çatıb”

“Qaziler.az” saytının rəhbəri, hərbi jurnalist Rey Kərimoğlu da R.Süleymanovu vətənpərvər qələm sahibi kimi xarakterizə edib və “Poliqon”u vətənpərvərliklə jurnalistikanın vəhdət məhsulu kimi dəyərləndirib, nəşrin fəaliyyətinin davam etdirilməsinin və gücləndirilməsinin əhəmiyyətli tərəflərindən söz açıb.

Azərbaycan Respublikasının Dövlət Sərxəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Nağı Eyvazov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş redaktoru Albina Ramazanova, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi, polkovnik Rövşən Qaracayev çıxışlarında “Poliqon” jurnalının təmsil olunduqları strurturların əməkdaşları və şəxsi heyətləri üçün başlıca mənbə rolunu oynadığını vurğulayıblar.

MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev “Poliqon” jurnalına güc strukturlarında inam və etimadın mövcudluğunu nəşrin ötən on ilinin böyük qazancı, yüksək mənəvi dividenti kimi önə çəkib.

Toplantıda çıxış edənlərdən “Aselsan Bakı” şirkətinin direktoru Özgür Kürüm, “Havelsan Bakı” şirkətinin direktoru Erhan Abdullah Kanat, AZELTECH şirkətinin direktoru Samir Süleymanov “Poliqon” jurnalı ilə əməkdaşlıq istiqamətində gördükləri işlərdən söz açaraq yubilyar nəşrin populyarlığının hərbi-texnoloji yeniliklər barədə cəmiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında mühüm məqam olduğunu vurğulayıblar, qarşılıqlı işbirliyinin bundan sonra da davamlı xarakter alacağına əminliklərinin dilə gətiriblər.

Sonda çıxış edən Rəşad Süleymovun atası Məhəmməd Süleymanov övladının xatirəsinə göstərilən ehtirama, onun yadigarı olan “Poliqon” juranlının 10 llliyinin keçirilməsinə həssas yanaşdıqlarına görə toplantı iştirakçılarına və nəşrin yaradıcı heyətinə təşəkkürünü bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Poliqon   Rəşad-Süleymanov  


Bizi "telegram"da izləyin