PUA, SZ və kosmosdakı kommersiya texnologiyası – Onların hamısı Ukraynada cəmləşib

2022/05/1653895753.jpg
Oxunub: 4735     12:21     30 May 2022    
Rusiyanın Ukraynaya hücumunun ilkin mərhələləri ABŞ-ın hərbi texnologiyasının və onu yaradan müdafiə sənayesinin keyfiyyətinə və performansına böyük heyranlıq yaradıb. Ukraynanın ABŞ istehsalı “Javelin” tank əleyhinə raketlərdindən istifadə etməsi ilə qazandığı uğur barədə çox danışırlar.

Rus silahlarının zəifliyi və dəqiqliyinin az olması Rusiyanın hərbi sənaye kompleksinin korrupsiyadan əziyyət çəkdiyinə dair yeni sübutlar təqdim edir. Hərbi sənayeyə yatırılan investisiyalar bürokratlar tərəfindən funksional obyektlər və ya silahlardan daha çox yeni dəbdəbəli ev tikmək üçün istifadə olunur.

Bununla belə, ABŞ-ın milli təhlükəsizlik ictimaiyyətinin Ukrayna münaqişəsinə Birləşmiş Ştatların müdafiə sənayesində hər şeyin yaxşı olduğunu sübut edən bir sübut kimi baxmaq səhv olardı. ABŞ-ın yüksək qabiliyyətli hərbi texnologiyasına çıxış Ukraynanın uğurunda böyük rol oynasa da, Ukraynanın kommersiya texnologiyasını sürətlə hərbi qabiliyyətə çevirmək bacarığı da böyük rol oynayıb. Pilotsuz Uçuş Aparatları (PUA), Süni Zəka (SZ) və kosmosda kommersiya texnologiyası Soyuq Müharibənin bitməsindən bəri hər zaman olduğundan daha böyük proseslərə təsir edir.

PUA:
Ukrayna qüvvələri sovet dövründən qalma tank əleyhinə qumbaraatanlara “qanadlar” əlavə etmək üçün 3D printerlərdən istifadə edib. Bu ucuz və sadə döyüş sursatları havadan kommersiya PUA-larından atılaraq Rusiya tanklarının və digər nəqliyyat vasitələrinin nisbətən zəif zirehlərinə nüfuz edə bilir. Ucuz kommersiya və hərbi texnologiyanın bu innovativ kombinasiyası 100 dollarlıq qumbara və 1000 dollarlıq PUA qiymətinə yüz minlərlə və ya milyonlarla dollara başa gələn rus maşınlarını məhv edə biləcək faydalı imkan təklif edir.

SZ: “Amazon”un “Alexa” və ya “Apple”ın “Siri”dən istifadə təcrübəsi olan hər kəs müasir SZ-nin səsin tanınmasında nə qədər yaxşı nailiyyətlər əldə etdiyini bilir. Rusiyanın şifrlənməmiş kommunikasiyalardan istifadə edərək SZ şirkəti olan “Primer” ələ keçirilən rus kommunikasiyalarına qulaq asmaq və axtarış edilə bilən mətn bazasında Ukrayna qüvvələrinə aid olan məlumatları avtomatik olaraq tapmaq üçün SZ ilə işləyən səs transkripsiyası və tərcümə xidmətindən istifadə edib. Tək bir kanalı izləmək üçün ekspert hərbi dilçi kimi yaxşı olmasa da, SZ ilə işləyən sistemlər xərclərin yalnız kiçik bir hissəsi üçün minlərlə analitik tələb edən sürətlə və miqyasda işləyə bilər.

Kosmos: Müharibə başlayandan bəri, Ukraynanın baş nazirinin müavini Mixaylo Fedorov kosmosun uzaqdan zondlanması və peyk rabitəsi şirkətlərinin rəhbərliyinə birbaşa kömək üçün bir neçə təcili müraciət etdi. Onların göstərdiyi dəstək Rusiya qoşunlarının hərəkəti ilə bağlı vaxtında kəşfiyyat məlumatlarının verilməsində və Ukrayna hərbi rabitə şəbəkələrinin işlək vəziyyətdə saxlanılmasında mühüm rol oynayıb. Münaqişə kommersiya kosmos şirkətlərinin əvvəllər ən qabaqcıl hərbi və kəşfiyyat kosmik proqramları ilə məhdudlaşan imkanları təmin etməkdə nə qədər irəli getdiyini dramatik şəkildə nümayiş etdirdi. Qeyd edək ki, Ukraynanın istifadə etdiyi kommersiya kosmos şəkilləri və rabitə xidmətlərinin bir hissəsini Pentaqon təmin edir.

ABŞ Milli Təhlükəsizliyi üçün dərslər

Bahalı, nəfis hərbi sistemlər hər zaman ucuz, kommersiya sistemlərindən yaxşı deyil.

ABŞ-ın müdafiə sənayesi kompleksi yüksək performansın prioritet olduğu bahalı, incə sistemlərə çox meyllidir. Müdafiə büdcəsini planlaşdıranlar tez-tez hərbi texnologiyanın artan xərclərindən şikayətlənirlər, lakin bunu ümumiyyətlə Pentaqon artıq baha olacağına zəmanət verilən sistem tələblərini yazdıqdan sonra edirlər. Əlbəttə ki, hər birinin qiyməti 2 milyard dollara başa gələn silah sistemlərinin 4 milyard dollardan çox başa gəlməsi problemlidir, lakin Ukrayna ordusu milyardlarla deyil, minlərlə dollara başa gələn kommersiya texnologiyalarının innovativ istifadəsi ilə nə qədər böyük nailiyyətlərin əldə oluna biləcəyini sübut edir. ABŞ bu müharibəyə diqqət yetirən yeganə ölkə deyil. “Nikkei” nəşri yazıb ki, Ukrayna münaqişəsi Çin donanmasının aviadaşıyıcılara milyardlarla dollarlıq sərmayə yatırmasına olan inamını “sarsdırıb”.

ABŞ-ın ən məşhur hərbi PUA-larından bəziləri onlarla, bəzən hətta yüz milyonlarla dollara başa gəlir. Bu hərbi sistemlər daha ağır, daha yüksək performanslı faydalı yüklər daşıyır və kommersiya tipli PUA-lardan daha uzun məsafələrdə və vaxt müddətində işləyə bilir. Buna baxmayaraq, bu cür sistemlər o qədər bahalıdır ki, hərbi rəhbərlər çox vaxt onlardan əhəmiyyətli risklə üzləşəcəkləri missiyalarda istifadə etmək istəmirlər. Ukraynanın daha ucuz kommersiya PUA-larından istifadəsi onlara təyyarələrdən daha çox döyüş sursatları kimi davranmağa imkan verir ki, bu da taktiki yenilik imkanlarını kökündən genişləndirir. Hətta Ukraynanın istifadə etdiyi hərbi təyinatlı PUA-ları (məsələn, Türkiyə istehsalı “Bayraktar TB2”) ABŞ istehsalı alternativlərlə müqayisədə inanılmaz dərəcədə ucuzdur.

Pentaqon Ukraynaya ucuz hərbi PUA-ların tədarükünü artırdı: Ukraynaya təhlükəsizlik yardımı ilə bağlı bu yaxınlarda elan edilən yardıma 700 “Switchblade” PUA-ları daxildir. 5-6 min dollar başa gələn sistemlər zirehli maşınları vurmaq üçün nəzərdə tutulan kamikadze PUA-larıdır.

Müharibədə kommersiya məqsədli sistemlərin istifadə edilməsi münaqişənin sərhədlərini dəyişdirir.

Birləşmiş Ştatların Birinci Dünya Müharibəsinə girməsinin əsas səbəbi Almaniyanın Birləşmiş Krallıq və onun müttəfiqləri ilə ticarət edən ABŞ ticarət gəmilərinə qarşı məhdudiyyətsiz sualtı müharibədən istifadə etməsi idi. Rusiya Ukraynaya verdiyi dəstəyin cəzası olaraq ən azı iki kosmos şirkətinə - “SpaceX” və “Viasat”a qarşı kiberhücumlar etdi. Digər tərəfdən, Ukrayna hökuməti Çinin PUA istehsalçısı olan DJI şirkətindən Rusiya hərbi qüvvələri üçün bulud əsaslı xidmətləri bloklamağı xahiş etdi. Kommersiya şirkətlərinin ilkin satınalmadan çox sonra bulud xidmətləri və “hardware” cihazlarına proqram təminatı yeniləmələri ilə bağlı qaldığını və təmin etdiyini nəzərə alsaq, kommersiya texnologiyaları rəhbərləri bunu etiraf edib-etməmələrindən asılı olmayaraq hər gün hərbi nəticələri olan qərarlar qəbul edirlər.

Kommersiya texnologiyasının çevikliyi qabiliyyəti qədər qiymətlidir

Səsin tanınması üçün maşın öyrənmə yetkin bir texnologiya olsa da, SZ performansı məlumatlardan asılıdır və əksər məlumat dəstlərinə rus hərbi jarqonu daxil deyil. “Primer”in kommersiya məqsədli hazır səs tanıma sistemi, əgər onlar maşın öyrənmə modelini münaqişədən əldə edilən yeni məlumatlar ilə uğurla yenidən öyrətməsəydilər, bu qədər dəyərli olmazdı. Eynilə, “SpaceX”in 2000-dən çox operativ “Starlink” peykində sürətli proqram yeniləmələri Rusiyanın kiberhücumunun qarşısını almaqda diqqətəlayiq sürət nümayiş etdirdi. Ümumilikdə, Ukraynaya yardım edən kommersiya texnologiya şirkətləri çeviklik nümayiş etdirirlər.

Nəticə


Pentaqon tərəfindən kommersiya texnologiyasının daha çox mənimsənilməsi üçün əsas maneələr kommersiya texnologiyasının döyüşçülərin ehtiyaclarına cavab vermədiyi üçün deyil, bürokratik xarakter daşımasıdır. Kommersiya texnologiya şirkətləri işçilərinə lazımi təhlükəsizlik icazələrini almaq, SZ modellərinin təlimində istifadə üçün təsnif edilmiş Pentaqon məlumat dəstlərinə giriş əldə etmək və buludla işləyən xidmətlərini Pentaqon şəbəkələrinə qoşmaq üçün mübarizə aparır. Göründüyü kimi, bütün bu bahalı və vaxt aparan qaydalar və prosedurlar Pentaqon texnologiyasını təhlükəsiz və etibarlı saxlamağa yönəlib, lakin Ukrayna əsgərləri bir yerdə qalmağın Rusiyanın raket və ya artilleriya zərbələrinə “dəvət” olduğunu öyrəniblər. Sürət və çeviklik daha yaxşı zirehdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin