Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VI yazı

2020/07/12-19142821044.jpg
Oxunub: 14032     14:46     20 İyul 2020    
(VI yazı. V yazını BURADAN oxuya bilərsiniz)

Xatırladaq ki, işğal altında olan ərazilərimiz əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir, dərindən öyrənilməli, gündəlik məşğələlərdə və təlimlərdə tam mənimsənilməlidir.

Əvvəlki məqalədə dağlıq ərazidə ön dəstənin düşmən müdafiəsinin taktiki zonasında və dərinliyində fəaliyyətlərinin xüsusiyyətlərini araşdırdıq. Bu məqalədə isə ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətinin xüsusiyyətləri, hücumun inkişafı zamanı ön dəstənin və yandan keçmə dəstəsinin fəaliyyətləri, dağlıq ərazidə hücum zamanı taktiki hava desantlarının tətbiqi barədə araşdırma aparacağıq.

Ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyəti

İşğal altında olan Qarabağın dağlıq ərazilərinin azad edilməsi üçün hücum döyüşündə taktiki hava desantı, öz təyinatına və çıxarıldıqdan sonrakı fəaliyyət üsullarına görə ön dəstələrlə daha sıx əlaqədə olacaq.

Taktiki hava desantı, yüksək tempdə dayanmadan düşmən müdafiəsinin taktiki zonasında və müdafiənin dərinliyində əsas qüvvlərin maneələrdən hərəkətdən keçməsini təmin etmək və hücumun inkişaf etdirilməsi üçün tətbiq olunur.

Ön dəstənin və taktiki hava desantının həll etdiyi məsələlər, hücumun özünün xüsusiyyətindən irəli gəlməli və daha çox uğur gətirən nəticəyə – düşmən müdafiəsinin tez parçalanmasına xidmət etməlidir.

Ön dəstənin və taktiki hava desantının vacib tapşırıqları – hüdudların, obyektlərin və düşmənin müdafiə rayonlarının tutulması, eləcə də müəyyən zaman əldə saxlanılması olacaq. Düşmənin manevrlərinin məhdudlaşdırılması və bununla da hücum üçün əlverişli şəraitin təmin edilməsi – maneələrin keçilməsi üçün rahat olan sahələrin, keçidlərin və dağ aşırımlarının tutulması, həmçinin düşmənin hərəkətə başlayan ehtiyatına və ya arxa cəbhədə geri çəkilən qüvvələrinə zərbələrin endirilməsi ilə nail olmaq olar. Onlar bir istiqamətdə hərəkət edərək öz tapşırıqlarını birgə yerinə yetirəcəklər.

Taktiki hava desantı döyüş tapşırığını alaraq desant çıxarma rayonuna uçuş icra etməlidir.

Ön dəstə enmə meydançalarının tutulmasını həyata keçirməli və desant bölmələrinin çıxarılmasını təyin etməlidir. Desant çıxarıldıqdan sonra, taktiki hava desantının komandiri irəli döyüş kəşfiyyat dozoru çıxarmalı, bölmələrin tapşırıqlarını dəqiqləşdirməli, qarşılıqlı fəaliyyəti təşkil etməli və tutulma obyektinə hərəkət etməyə başlamalıdır.

Desant bölmələri tez və gizli, döyüşqabağı düzülüşdə, mühafizənin və kəşfiyyatın himayəsi altında hərəkət etməlidir.

Çıxarıldıqdan sonra taktiki hava desantının fəaliyyətləri ön dəstənin fəaliyyətlərinə bənzər olacaq. Desant bölmələri hərəkətə başladıqdan sonra güclü düşmənlə qarşılaşdıqda uzun sürən döyüşə girməməli, onun müqavimət nöqtələrini yandan keçməli və düşmənin kiçik qruplarını məhv etməlidir.

Taktiki hava desantı düşmən müdafiəsinin mühüm hüdudunu və ya obyektini tutmalı və hücum edən qoşunlar yaxınlaşana qədər əldə saxlamalıdır. O, bu tapşırığı əsasən ön dəstə ilə qarşılıqlı əlaqədə yerinə yetirəcək. Onlar hərəkətdən cəld həmlə ilə təyin olunmuş obyektə müxtəlif istiqamətlərdən yaxınlaşmağa, düşməni mühasirəyə almağa, parçalamağa və hissələrlə məhv etməyə cəhd etməlidirlər.

Su keçidlərinin, su maneələrinin və digər bunun kimi maneələrin qoşunlarımızın hərəkət istiqamətindəki tərəfi ön dəstə tutacaq, əks tərəfindəki ərazini isə taktiki hava desantı ələ keçirəcək. Yəni hücum edən qoşunların dayanmadan irəliləməsini və onların maneəni hərəkətdən keçməsini təmin etmək məqsədilə ön dəstə və taktiki hava desantı biri digəri ilə qarşı-qarşıya fəaliyyət göstərəcəklər. Desant bölmələri əks tərəfdəki ərazini tutaraq, ön dəstənin maneəni keçməsini dəstəkləyə bilər. Əgər ön dəstə maneəni keçərək döyüş sahələrini tutarsa, taktiki hava desantı ilə birgə fəaliyyət göstərərək bu sahələri əldə saxlayacaq və ya döyüş sahəsini genişləndirərək hücumu inkişaf etdirmək üçün döyüş aparacaq.

Ön dəstə, taktiki hava desantı ilə qarşılıqlı fəaliyyət göstərərək hakim yüksəklikləri, su maneələrindən keçidləri, sudan keçmə üçün əlverişli sahələri, yol qovşaqlarını və digər vacib obyektləri ələ keçirməli, əsas qüvvələrin uğurla irəliləməsini təmin edərək düşmən tərəfindən onların dağıdılmasına və ya tutulmasına yol verməməlidir.

Ön dəstə ilə dağlarda qarşılıqlı fəaliyyət zamanı taktiki hava desantı təyin olunmuş obyektə yaxın bir əraziyə çıxarılmalıdır. Əgər obyekt düşmən tərəfindən müdafiə olunmursa birbaşa həmin obyektə çıxarılması daha məqsədəuyğundur. Amma təcrübəyə əsasən, obyektdən kənarda, çıxarılmanın gizliliyini təmin edən və obyektə rahat yaxınlaşmağa imkan verən yerlərə çıxarılsa daha yaxşıdır. Bununla da ön dəstə və taktiki hava desantı daha çox qorunmuş olar.

Taktiki hava desantının komandiri çıxarmadan sonra vəziyyəti qiymətləndirməli, ön dəstələrlə əlaqə yaratmalı, obyekt istiqamətində kəşfiyyat çıxarmalı və bölmələrin tapşırıqlarını dəqiqləşdirməlidir.

Tabeliyindəki bölmələrə tapşırıqlar verərkən, taktiki hava desantının komandiri onlara hücum azimutunu və oriyentirləri, həmlə obyektinə çıxış qaydalarını və hansı gizli yaxınlaşma yollarından istifadə edəcəklərini, mühafizə və gizliliyin təmin olunması üzrə tədbirləri, ön dəstənin tapşırıqlarını və fəaliyyətinin xüsusiyyətlərini, tanınma və idarəetmə siqnallarını, obyekt ələ keçirildikdə və obyektdə möhkəmləndirilərkən fəaliyyət qaydalarını təyin etməlidir.

Ön dəstə və taktiki hava desantı gizliliyə riayət edərək həmlə obyektinə doğru irəliləməli və dayanmadan, birbaşa hərəkətdən həmlə etməlidirlər. Bölmələr ilk növbədə obyektə ən yaxın olan hakim yüksəklikləri ələ keçirməli, obyekt ələ keçirildikdən sonra isə onun dairəvi müdafiəsini təşkil etməlidirlər.

Bölmələr müdafiə olunaraq, düşmənin dərinlikdən yaxınlaşan ehtiyatının irəliləmə yollarını kəsməlidir. Bu məqsədlə obyektə aparan yollarda ön dəstənin və taktiki hava desantının qüvvəsi ilə dağıntılar, sürüşmə və qalaqlar, eləcə də minalı-partlayan və digər maneələr yaradılmalıdır. Müdafiə tutularkən düşmənin öncədən hazırladığı müdafiə qurğularından və ərazinin relyefindən istifadə olunmalıdır.

Ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyəti təşkil olunmalı, düşmənin atəşlə məhvetmə nəticələrindən istifadə edilməli, onların döyüş gücü razılaşdırılmalı, cinahlardan və arxa cəbhədən təyin olunmuş obyektə eyni vaxtda zərbələrin endirilməsinə xüsusi diqqət yetirilməlidir. Bu zaman qarşılıqlı tanınma siqnallarını təyin etmək, bütün şəxsi heyətə çatdırmaq və onları dəqiq tətbiq etmək, məlumat mübadiləsi üsullarını təyin etmək çox vacibdir.

Taktiki hava desantının və ön dəstənin düşmən müdafiəsinin dərinliyində fəaliyyət göstərərkən çox vacib, bir çox hallarda isə yeganə dəstəyi aviasiya tərəfindən olacaq. Aviasiya, onların irəliləməsinə mane olan hədəfləri tez aşkar edəcək və məhv edəcək. Buna görə də aviasiya ilə qarşılıqlı əlaqə siqnalları yaradılmalı və tətbiq olunmalıdır.

Ön dəstənin və taktiki hava desantının tapşırıqlarının xüsusiyyətlərini və hər konkret halda fəaliyyət şəraitini nəzərə alaraq tapşırıqların yerinə yetirilmə üsullarının təyin edilməsi, eləcə də döyüşün müvafiq qaydada hərtərəfli təminatı xüsusi yanaşma tələb edir.

Taktiki hava desantının lazım olan vaxtda tətbiq olunmasını təmin etmək üçün, hücuma hazırlaşarkən onun tərkibinə motoatıcı bölmələrin ayrılması nəzərdə tutulmalıdır. Taktiki hava desantının tərkibinə ayrılan motoatıcı bölmələr, ikinci eşelonla və ya ehtiyat bölmələrlə birgə irəliləməlidir.

Ön dəstənin taktiki hava desantı ilə birgə fəaliyyət üsulları hər bir konkret halda onların döyüş tapşırıqlarının məzmunundan və vəziyyət şəraitindən asılı olacaq.

Tutulmuş hüdudun və ya obyektin müdafiəsi elə təşkil olunmalıdır ki, əsas yolları və hakim yüksəklikləri əhatə edən bölük və ya taqım dayaq məntəqələri yaradılsın, bununla da düşmənin daha çox qüvvə və vasitələri cəlb edilsin, eyni zamanda ön dəstənin və ya əsas qüvvələrin yaxınlaşması üçün daha çox vaxt udmaq mümkün olsun. Bu zaman taktiki hava desantı ön dəstə və əsas qüvvələrlə fasiləsiz əlaqə saxlamalıdır.

Əgər düşmən təyin olunmuş hüdudun və ya obyektin tutulmasında taktiki hava desantını qabaqlasa, onda taktiki hava desantının komandiri müəyyən olunmuş siqnallarla aviasiyanı və artilleriya atəşini çağırmalı, göstərilən hüdudun və ya obyektin tutulması məqsədi ilə müstəqil və ya ön dəstə ilə birlikdə cinahlara və düşmən arxasına cəld həmlə təşkil etməlidir.

Taktiki hava desantı çıxarıldıqdan sonra düşmənin irəliləyən ehtiyatının hərəkət yollarına çıxmalı, sürətli qəfil hərəkətlərlə və pusqudan düşməni məğlubiyyətə uğratmalı, bölmələrlə manevrlər həyata keçirərək onun irəliləməsini maksimal olaraq ləngitməli, bununla da düşmən ehtiyatlarına zərbələr endirilməsi üzrə tapşırıqları yerinə yetirməlidir. Taktiki hava desantı bir neçə istiqamətdə kiçik qruplarla həmlələr edərək və pusqudan düşməni məhv edərək şərait yaratmalıdır ki, ön dəstə öz tapşırıqlarını yerinə yetirsin.

Ön dəstə və taktiki hava desantı bütün hallarında fəal, düşmən üçün qəfil, cəsarətli və bacarıqlı qarşılıqlı fəaliyyət göstərməlidirlər. Ön dəstə və taktiki hava desantı özlərinin hərəkət qabiliyyətindən və manevrlərdən, bütün atəş vasitələrinin atəşindən istifadə edərək, düşmən mütəşəkkil müqavimət göstərmədən əvvəl onu məhv etməlidir. Cəldlik, qəfillik və dəqiq qarşılıqlı fəaliyyət – düşmən müdafiəsi dərinliyində döyüş tapşırıqlarının yerinə yetirilməsinin şərtləridir.

Dağlarda hücumun inkişafı zamanı ön dəstənin və yandan keçmə dəstəsinin fəaliyyətləri

Hücumun inkişafına təbii şərait əhəmiyyətli dərəcədə təsir göstərəcək. Məlumdur ki, dağlıq ərazi ‒ məsələn, kəskin dərə-təpəlik, çətin keçilən əngəllər, özünəməxsus hava şəraiti, məhdud sayda yollar və bu yollarda hərəkətin çətinliyi, uçqunların mümkünlüyü qoşunların manevrini çətinləşdirəcək, qarşılıqlı fəaliyyəti, təminatı və idarəetməni mürəkkəbləşdirəcək.

Dağlarda hücumun inkişafında ön dəstə və ötüb keçən dəstələr mühüm rol oynayacaq. Ön və ötüb keçən dəstələrin fəaliyyəti üçün şəxsi heyəti xüsusi hazırlıq keçmiş, daha döyüş qabiliyyətli bölmələr təyin olunmalıdır.

Ön və ötüb keçən dəstə çıxaran komandir öz qərarında onun tapşırığını, cəbhədən hərəkət edən bölmələrlə və əgər taktiki hava desantı tətbiq edilirsə, onunla qarşılıqlı fəaliyyət qaydalarını təyin etməlidir. Dağlarda hücum zamanı ön və ötüb keçən dəstənin tapşırığı, hakim yüksəkliklərin, aşırımların, dar dərələrin, tunellərin və düşmən müdafiəsi dərinliyindəki digər vacib obyektlərin tutulması olmalıdır. Ön və ötüb keçən dəstə taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətdə və ya müstəqil hərəkət edə bilər.

Düşmənin döyüş düzülüşlərində olan aralıqlardan və yaxınlaşma yollarından istifadə edərək, ön və ötüb keçən dəstə müdafiənin dərinliyinə inamla daxil olmalı, aşırıma, tunelə və ya keçidə bitişik yüksəklikləri ələ keçirməli, sonra isə cinahdan və arxadan bütün növ atəşlərlə, döyüş helikopterlərinin dəstəyi ilə və taktiki hava desantı ilə qarşılıqlı əlaqədə müdafiə olunan düşməni məhv etməlidir. Göstərilən obyekti ələ keçirməli və əsas qüvvələr yaxınlaşana qədər onu əldə saxlamalıdır.

Dağlarda hücum zamanı döyüş tapşırığının məzmunu, bölmənin döyüşdəki rolundan, döyüş tərkibindən, düşmənin müdafiə xüsusiyyətlərindən və onu atəşlə məhvetmə dərəcəsindən asılı olacaq. Lakin ön və ötüb keçən dəstənin döyüş tapşırığının dərinliyi və məzmununa ərazinin relyefi daha çox təsir göstərəcək.

Geniş vadidə, dağ yaylasında və ya çay yatağı boyu hücum zamanı ön və reyd dəstəsinə, dərinliyinə və həcminə görə döyüş tapşırığı qoyula bilər. Bölmələrin manevrinin çətinləşdiyi çətin keçilən istiqamətlərdə tankların və artilleriyanın tətbiqi məhdudlaşacaq, ön və ötüb keçən dəstənin döyüş tapşırığının dərinliyi daha az olacaq.

Ön və ötüb keçən dəstənin döyüş düzülüşü onun sərbəstliyini təmin etməlidir. Dağlarda hücum zamanı ön və ötüb keçən dəstənin tərkibi tapşırıqlardan və ərazinin xüsusiyyətlərindən asılı olaraq müxtəlif olacaq.

Hücum zamanı əlçatan istiqamətlərdə, yəni yollar və ya vadi boyunca, ön və ötüb keçən dəstənin tərkibinə motoatıcılarla gücləndirilmiş tank bölmələri və mühəndis-istehkam bölmələri daxil olmalıdır. Çətin keçilən istiqamətlərdə ön və ötüb keçən dəstənin tərkibində motoatıcı bölmələrin olması daha məqsədəuyğundur.

Dağlarda döyüş fəaliyyətlərini təşkil edərkən, ön və ötüb keçən dəstənin komandiri hər şeydən əvvəl harada, hansı istiqamətdə, hansı tapşırıqla və hansı hüduddan fəaliyyət göstərəcəyini aydınlaşdırmalıdır. Komandir dəqiqləşdirməlidir ki, dəstə nə zaman çıxmalıdır, tapşırıqların yerinə yetirilməsinin gedişində kiminlə, nə zaman və necə qarşılıqlı əlaqə saxlayacaq. Vacib məsələlərdən biri də odur ki, dəstə komandiri dəstəni hansı vasitələrin dəstəkləyəcəyini, qarşılıqlı fəaliyyəti, idarəetmə və öz qoşunlarının tanınma siqnallarını əvvəldən dəqiqləşdirməlidir.

Düşmən müdafiəsini qiymətləndirərkən, ön və ötüb keçən dəstələrin komandiri, düşmənin əsas qüvvəsini cəmləşdirdiyi və əldə saxlamağa çalışdığı hakim yüksəklikləri, vadiləri, yarğanları, dağ keçidlərini və yol qovşaqlarını təyin etməlidir. Bu zaman çox vacib məsələlərdən biri də düşmənin müdafiəsində tutulmayan aralıqların olmasını və onlardan dövrələmədə və yandan keçmədə istifadə etmə imkanlarının qiymətləndirilməsidir. Dəstə komandirinin yüksəkliklərin yamaclarında düşmənin atəş sistemini, hərəkətə başlama yollarında qalaqların, töküntülərin və minalı-partlayan maneələrin mövcudluğunu da təyin etməsi vacibdir.

Ərazinin düzgün qiymətləndirilməsi çox mühüm əhəmiyyətə malikdir. Bu, düşmənin fəaliyyət niyyəti və fəaliyyəti xüsusiyyətinin açarı sayılır. Ərazi, ön və ötüb keçən dəstənin fəaliyyət üsullarına da həmçinin əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Ərazini qiymətləndirərkən, ön və ötüb keçən dəstənin komandiri mövcud istiqamətlərin əlverişli olmasını və onların həcmini, aşırımların, dağ keçidləri və dərələrin, dar keçidlərin mövcud olmasını, dağıntıların və ehtimal olunan qalaqların, töküntülərin, uçqunların, meşə yanğınları yerlərinin mümkünlüyünü, düşmən arxasına və cinahlara çıxışı təmin edən gizli yaxınlaşma yollarının və ölü boşluqların mövcud olmasını, pusquların qurulması üçün uyğun yerləri, yolların və cığırların mövcudluğunu və vəziyyətini, onlarla hərəkət etmənin mümkünlüyünü, düşmənin arxasına və cinahlara gizli çıxış məqsədilə manevrlərin həyata keçirilməsi üçün istifadəsi məqsədəuyğun olan çətin keçilən sahələri, dəf edilməsi üçün xüsusi ləvazimat və avadanlıq tələb edən kanyonların, uçurumların, daşlıq sahələrin, qayalıq sahələrin və digər təbii əngəllərin mövcudluğunu və xüsusiyyətlərini, dağlıq ərazinin qoruyucu xüsusiyyətlərini və bölmələr tərəfindən onlardan istifadə imkanlarını və digər vacib məsələləri müəyyən etməlidir.

Ön və ötüb keçən dəstənin komandiri döyüşə qərar qəbul edərkən adi məsələlərdən başqa, düşmənə zərbələr endirilməsi və manevrlərin həyata keçirilməsi üçün istiqamətləri müəyyən etməlidir. Çünki dağlıq ərazi hücum edən qüvvələrin istifadə edə biləcəyi istiqamətlərin seçimini məhdudlaşdırır.

İrəliləmə üçün asan olan bütün istiqamətlər, müdafiə olunan düşmənə yaxşı məlumdur. O, bu istiqamətlərdə daha güclü müqavimət qovşaqları hazırlayıb.

Heç şübhəsiz, istənilən halda hücum edən qoşunlar özlərinin əsas qüvvələrini yollar və vadilər boyunca açmaq məcburiyyətində olacaqlar, çünki manevr imkanlarından yalnız bu istiqamətlərdə tam istifadə edə bilərlər. Lakin cəbhədən hücum edən qoşunlar uzunsürən döyüşlər aparmalı olacaqlar. Buna görə də, əlçatan istiqamətlərdə fəaliyyət göstərən əsas qüvvələrin hücum etməsi üçün əlverişli şəraitin yaradılmasından ötrü, ön və ötüb keçən dəstə düşmənə arxadan və cinahlardan qəfil zərbələr endirilməsi məqsədilə çətin keçilən sahələrindən, o cümlədən dağ cığırlarından və gizli yaxınlaşma yollarından istifadə etməlidir.

Aşırımları, dağ keçidlərini və hakim yüksəklikləri tutmaq üzrə müxtəlif istiqamətlərdən bu obyektlərə qəfil zərbələr endirmək üçün dəstənin bölmələrinin fəaliyyətini razılaşdırmaq xüsusilə vacibdir.

Bölmələr yüksəkliklərin ətəkləri və yamacları ilə hücum edərkən elə fəaliyyət göstərməlidir ki, əsas qüvvələrin bitişik yollar və vadilər üzrə irəliləməsini təmin etsin.

Ön və ötüb keçən dəstə bölmələrinin manevrlərini təşkil edərkən diqqət etmək lazımdır ki, həmlə qəfil, cəld və mümkün olduqca eyni vaxtda olsun. Bunun üçün, ön və ötüb keçən dəstənin bölmələri hansı hüdudlardan, hansı istiqamətdə və nə zaman fəaliyyətə başlamağı, haraya, hansı vaxtda və hansı tapşırıqla çıxmağı, qarşılıqlı tanınma siqnallarını, hədəfgöstərməni, atəşin açılması və köçürülməsi siqnallarını bilməlidir.

Aşırım kimi vacib dağlıq ərazi obyektini ön və ötüb keçən dəstə hərəkətdən tutmalı, geri çəkilən düşmən bölmələrinin buraya çıxmasını qabaqlamağa çalışmalıdır.

Aşırıma yaxınlaşarkən, bölmə komandirləri kəşfiyyat təşkil edir. Bu kəşfiyyatı aparmaq məqsədilə, aşırımın müdafiə sistemini tam açıqlamaq, ona yaxınlaşma yollarında maneələrin və əngəllərin mövcud olmasını təyin etmək, həmçinin çətin keçilən sahələri yandan keçmə yollarını, düşmən arxasına və cinahlara çıxaran gizli yaxınlaşma yollarını axtarıb tapmaq üçün eyni vaxtda bir neçə döyüş kəşfiyyat dozoru göndərmək lazımdır.

Aşırımın tutulmasında ön və ötüb keçən dəstənin əsas və birinci dərəcəli tapşırığı, ona bitişik hakim yüksəkliklərin mümkün qədər tez ələ keçirilməsidir. Bu məqsədlə bölmələr ərazinin relyefindən məharətlə istifadə etməli, gizli şəkildə düşmən arxasına və cinahlara çıxmalı və yüksəkliyə bitişik əraziləri ələ keçirməlidir. Yaxındakı hakim yüksəklikləri ələ keçirdikdən sonra isə bilavasitə aşırımı ələ keçirməyə cəhd göstərməlidirlər. Qəfil həmlə ilə aşırımı müdafiə edən düşməni məhv emək lazımdır. Ön və ötüb keçən dəstə qüvvəsinin bir hissəsi ilə aşırımı əldə saxlamalı, əsas qüvvələri ilə hücumu dərinliyə inkişaf etdirməlidir.

Ola bilər ki, aşırıma bitişik yüksəkliklər yalnız tanklar üçün deyil, həm də motoatıcı bölmələr üçün çətin keçilən olsun. Bu halda, bilavasitə aşırım ətrafındakı sahələri ələ keçirmək üçün ön dəstə düşmənə cəbhədən həmlə etməlidir. Aşırım ələ keçirildikdən sonra, ön dəstə bölmələri hücumu inkişaf etdirərək düşməni aşırıma bitişik yüksəkliklərdəki dayaq məntəqələrində məhv etməlidir. Həmləni cəbhədən aparmaq – mürəkkəb işdir. Bölmələr düşmənin möhkəmləndirilmiş mövqelərini, onun bütün növ vasitələrinin atəşi altında ələ keçirməli olacaqlar. Belə həmlə zamanı düşməni bilavasitə hücum edən bölmələrin cəbhəsi önündə və ya cinahlarda etibarlı şəkildə susdurmaq lazımdır, əks təqdirdə həmlənin uğursuz olma ehtimalı artır.

Dağ aşırımının ələ keçirilməsi ön və ya ötüb keçən dəstə tərəfindən, taktiki hava desantı ilə sıx qarşılıqlı fəaliyyətdə həyata keçirilməlidir.

Ön və ötüb keçən dəstənin dağ keçidi uğrunda döyüşü çox mürəkkəb fəaliyyətdir. Dağ keçidi boyunca hücum edərkən qüvvə və vasitələrin məhdud açılma imkanı, dərinlikdən və cəbhə boyu manevr çətinliyi, irəliləmə yollarında düşmən tərəfindən qalaqların və maneələrin yaradılması – bütün bunlar tələb edir ki, imkan olduqca keçidin bütün dərinliyində bölmələr dəqiq razılaşdırılmış fəaliyyət göstərsin və düşmən atəşlə etibarlı susdurulsun.

Ön və ya ötüb keçən dəstə keçidin giriş və çıxış boğazlarını mümkün qədər tez ələ keçirməyə cəhd etməlidir. Bunun üçün keçidə aparan yollar boyunca, cinahlardan keçidə birləşən yamaclar və dağ silsilələri üzrə eyni vaxtda zərbə endirilməlidir.

Döyüşdə o vaxt uğur əldə edilir ki, düşmən arxasına və cinahlara gizli daxil olan ön və ötüb keçən dəstə bölmələri inamlı və cəsarətli fəaliyyət göstərsin. Bütün tədbirlər görülməlidir ki, yol-körpü qurğuları saz vəziyyətdə cəld ələ keçirilsin, əks halda düşmən yollarda dağıntılar, töküntülər və uçqunlar yaradacaq, körpüləri və tunelləri partladacaq. Bu halda tanklar kiçik qruplarla, dağ keçidi boyunca hərəkət etməlidir. Eyni vaxtda onların bir hissəsi bitişik yamaclar və enişlərlə, eləcə də dağ silsilələri qolları üzrə irəliləməlidir. Keçid uğrunda döyüş aparan ön və yandan keçən dəstə çıxışı ələ keçirməlidir ki, hücum edən əsas qüvvələr, xüsusilə də döyüş texnikası və nəqliyyat ‒ keçid qarşısında toplanmasın.

Ön və ötüb keçən dəstə dağ keçidini və ona bitişik yüksəklikləri ələ keçirdikdən sonra onların müdafiəsini təşkil etməli və əsas qüvvələr yaxınlaşana qədər onu əldə saxlamalıdır. Bəzi vaxtlarda isə o, hücumu inkişaf etdirə bilər və ya əsas qüvvələri qarşılamaqla zərbə endirə bilər. Bu da vəziyyətdən və verilmiş tapşırıqlardan asılı olacaq.

Dağlıq ərazidə hücumu inkişaf etdirərkən, ön və ötüb keçən dəstənin uğuru ‒ manevrin gizli yerinə yetirilməsindən, komandirin təşəbbüskar olması və inamlı qərar qəbul etməsindən, bölmələrin döyüş tapşırıqlarının icrasına əvvəlcədən hazırlanmasından, bütün şəxsi heyətin fərdi hazırlığından asılı olacaq.

Dağlarda hücum əməliyyatlarında taktiki hava desantlarının tətbiqi

Müharibə və münaqişələrin təcrübəsində dağlıq ərazilərdə aparılan hücum əməliyyatlarında taktiki hava desantı geniş tətbiq olunub. Taktiki hava desantı yol qovşaqlarını, dağ aşırımlarını, dağ keçidlərini, körpüləri, su keçidlərini və digər vacib obyektləri tutaraq əldə saxlayır və qoşunların hərəkətdən hücum edərək döyüş tapşırıqlarını yerinə yetirməsi üçün şərait yaradır.

Aşırımların ələ keçirilməsi üçün taktiki hava desantını həmlə-desant və ya motoatıcı tabor tərkibində, bəzi hallarda isə bölüklər tərkibində tətbiq etmək məqsədəuyğundur.
Həmlə-desant taboru korpus komandirinin qərarı ilə tətbiq edilməlidir. Yaranmış şəraiti nəzərə alaraq o, adətən helikopterlərdən endirmə üsulu ilə desant kimi çıxarılır. Motoatıcı tabor və ya bölük isə briqada komandirinin qərarı ilə tətbiq ediləcək və yalnız helikoprterlərlə desant kimi çıxarılacaq.

Yüksək dağlıq şəraitlərdə taktiki desantların çıxarılması üzrə helikopterlərin imkanları kəskin azalacaq. Çünki onların yükgötürmə qabiliyyəti azalacaq, əsas da zəruri ölçüdə meydançalar olmayacaq.

Qarabağın dağlıq hissəsində, relyefi və yaranmış şəraiti nəzərə alaraq, hava desantlarının çıxarılması dəqiq və hərtərəfli xüsusi hazırlıq tələb edəcək. Desant bölmələri əvvəldən lazımi qüvvə və vasitələrlə elə hesabla gücləndirilməlidir ki, onlar müstəqil döyüş fəaliyyətləri apara bilsin. Etibarlı idarəetmə və qarşılıqlı fəaliyyət məsələləri xüsusilə dəqiq tələb edəcək.

Aşırımın və ya dağlıq ərazinin digər vacib obyektinin ələ keçirilməsi üzrə taktiki hava desantı bölmələrinin fəaliyyət üsulları, həmin obyektdə düşmənin müdafiə xüsusiyyətlərindən, düşmənin atəşlə susdurulma dərəcəsindən, helikopterlərin enməsi üçün meydançaların mövcudluğundan, həqiqi yüksəklikdən, hava və digər şəraitlərdən asılı olacaq.

Düşmən etibarlı susdurulduqda və meydançalar mövcud olduqda desant bölmələri bilavasitə aşırımda endiriləcək, onu müdafiə edən düşməni məhv edəcək və aşırımı ələ keçirəcək. Digər hallarda desant bölmələrinin endirilməsi aşırımdan kənarda, helikopterlərin dəstəyi ilə arxada və cinahlarda həyata keçirilməli, bundan sonra obyektə həmlə keçirilməlidir.

Taktiki hava desantının bölmələri müdafiə olunan aşırımlara düşmən ehtiyatlarının yaxınlaşmasına yol verməmək üçün pusqular, dağıntılar və maneələr qurmalı, uçqunlar yaratmalıdır. Helikopterlərlə atılan tank əleyhinə pusqu son dərəcə effektiv olacaq. Tank əleyhinə qurğu heyətləri, mühəndis-istehkam manqası, tank əleyhinə əl qumbaraatanları ilə gücləndirilmiş motoatıcı taqım tərkibində belə pusqu düşmənin 10-a qədər zirehli texnikasını məhv etməyə qadirdir.

Hücumun tempini, dəstəkləmə çətinliklərini və hərtərəfli təminatın xüsusiyyətlərini nəzərə alsaq, desant çıxarılma dərinliyinin taktiki hava desantları üçün 10 km-dək olması məqsədəuyğundur.

Döyüş tapşırıqları yerinə yetirilərkən, taktiki hava desantının komandirinin ön dəstələrlə, yandan keçən dəstələrlə və onlarla birləşmək üçün hücum edən birinci eşelon bölmələri ilə qarşılıqlı fəaliyyəti yuxarı komandanlıq tərəfindən hərtərəfli dəstəklənməlidir.

Bu məqalədə ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətinin xüsusiyyətləri, hücumun inkişafı zamanı ön dəstənin və yandan keçmə dəstəsinin fəaliyyətləri, dağlıq ərazidə hücum zamanı taktiki hava desantlarının tətbiqinin xüsusiyyətlərini araşdırdıq. Gələn məqaləmizdə motoatıcı tabor və bölüyün taktiki hava desantında fəaliyyəti, dağlarda müdafiə olunan düşmənə bilavasitə təmas vəziyyətindən hücum, dağlarda qoşunların idarə edilməsinin xüsusiyyətlərini araşdıracaq, işğal altında olan Qarabağın dağlıq hissəsinin azad olunması üçün hücum əməliyyatlarının təşkili üzrə ümumi nəticələrə gələcək və tövsiyələri formalaşdıracağıq.

Mənbələr

Quru qoşunlarının döyüş təlimatı.
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-
http://militera.lib.ru/science/tactic/05.html

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağ-şəraiti   Döyüş   Qarabağ  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VI yazı

2020/07/12-19142821044.jpg
Oxunub: 14033     14:46     20 İyul 2020    