Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – V YAZI

2020/06/22111-3185800406.jpg
Oxunub: 6808     14:32     23 İyun 2020    
(V yazı. IV yazını BURADAN oxuya bilərsiniz)

Xatırladaq ki, işğal altında olan ərazilərimiz əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir.

Əvvəlki məqalədə dağlarda hücumun aparılmasının və eləcə də vacib döyüş elementlərindən biri olan ön dəstənin döyüşünün təşkilinin xüsusiyyətlərini araşdırdıq. Bu məqalədə dağlarda hücum zamanı ön dəstənin, düşmən müdafiəsinin taktiki zonasında və dərinliyində döyüşünün təşkilinin xüsusiyyətlərini araşdıracağıq.

Ön dəstənin düşmən müdafiəsinin taktiki zonasında fəaliyyətlərinin xüsusiyyətləri

Qeyd etdiyimiz kimi, Dağlıq Qarabağın işğal olunmuş əraziləri yalnız hücum vasitəsilə azad ouna bilər. Hücum isə iki üsulla yerinə yetirilə bilər: hərəkətdən hücum və düşmənlə bilavasitə təmas vəziyyətindən hücum.

Hərəkətdən hücum zamanı qoşunların çıxış rayonundan hərəkəti təyin olunmuş vaxtda və ya təyin olunmuş siqnalla maksimal mümkün sürətlə başlamalıdır. Düşmənin müdafiə xəttinə yaxınlaşdıqca qoşunlarımız əvvəlcədən təyin edilmiş hüdudlarda döyüş düzülüşünə açılmalı və hücuma keçmə həddində isə düşmənə həmlə etməlidir.

Müdafiə olunan düşmənlə bilavasitə təmas vəziyyətindən hücum zamanı isə qüvvələr əvvəl mütləq yenidən qruplaşma keçirməli və hücuma uyğun vəziyyətə gətirilməlidir. Bölmələr dərinlikdən hərəkət edərək birinci eşelon müdafiə mövqelərində yerləşəcək, müdafiə olunan qoşunları öz zolaqlarında əvəz edəcək, eyni vaxtda hücum üçün çıxış rayonunu tutacaqlar. Bütün bu fəaliyyətlər gecə və ya məhdud görmə şəraitlərində keçirilməlidir.

Motoatıcı və tank bölmələri hücum üçün çıxış vəziyyətini və gözləmə mövqelərini mümkün qədər gizli tutmalıdır, əgər şərait imkan verirsə bunu hücumdan əvvəlki gecə yerinə yetirməlidirlər.

Müdafiə olunan düşmən üzərinə onunla bilavasitə təmas vəziyyətindən hücum edərkən hücumun son hazırlıqları, ön dəstələrin fəaliyyətinin təşkili və hazırlığı çıxış rayonunda keçirilməlidir.

Ön dəstələr çıxış rayonunu digər bölmələrlə eyni vaxtda tutmalıdır. Ön dəstənin tərkibinə daxil olan bölmələr və gücləndirmə vasitələri çıxış rayonunda, bir-birinə yaxın məsafədə yerləşməlidir. Bu ona görə lazılmdır ki, əsas qüvvələrlə düşmən müdafiəsini yardıqdan və ya onun döyüş düzülüşünün ön xəttində müdafiəsiz boşluqlar əmələ gətirdikdən sonra ön dəstənin kolonunu tez düzmək və ələ keçiriləcək həddə və ya obyektə doğru sürətlə irəliləmək mümkün olsun.

Ön dəstənin kolonu elə düzülməlidir ki, həm hücum edən əsas qüvvələrdən sürətlə uzaqlaşmağa imkan versin, həm də öz tapşırıqlarını yerinə yetirmək üçün döyüş düzülüşünə tez keçə bilsin.

Tank bölmələri və özüyeriyən artilleriya batareyası kolonun başında hərəkət etməli, mühafizə bölmələrini himayə etməli və onların müvəffəqiyyətini inkişaf etdirməlidir.
Ön dəstənin kolonunda tankların arxasınca PDM-lərdə motoatıcı bölmələr hərəkət etməlidir. Bu onun üçün lazımdır ki, tank bölmələri ilə eyni vaxtda, tankların arxasınca həm piyada qaydada hücum zamanı, həm də ki, texnika üzərində hücum edərkən vaxt itirmədən, qısa müddətə açıla bilsinlər. Motoatıcı bölmələrin şəxsi heyəti, tanklarda desant kimi də fəaliyyət göstərə bilər. Belə fəaliyyətin yeri, zamanı və ümumiyyətlə olub-olmaması şəraitdən asılıdır.

Artilleriya ön dəstənin əsas qüvvələrinin kolonunda hərəkət etməlidir.

Tank əleyhinə artilleriya bölmələri motoatıcı bölmələrlə birlikdə hərəkət edərək hər zaman onları dəstəkləməyə hazır olmalıdır.

Zenit bölmələri bütün kolonun dərinliyi boyu elə bölünməlidir ki, ön dəstənin bütün bölmələrini və gücləndirmə vasitələrini düşmənin hava zərbələrindən himayə edə bilsin.

Mühəndis-istehkam bölmələri kolonun başına yaxın hissədə hərəkət etməlidir. Onlar vacib olduqda cəld irəli çıxmalı, hərəkətin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi və ya cinahlarda təhlükəli istiqamətlərdən tank hücumlarının dəf olunması zamanı maneələrin qoyulmasını təmin etməlidirlər. Maneələr üzərindən keçidlər xüsusi texnikanın köməyi ilə qurulur. Mühəndis maneələrindən və əngəllərdən keçidlər dəqiq nişanlanmalı və nömrələnməli, onlarda komendant xidməti təşkil edilməlidir.

Düşmən müdafiəsinin önündə təminat zolağı olarsa, ön dəstə himayə edən qoşunlarla döyüşə girməməli, dayaq məntəqələrinin yanından keçməli, təyin edilmiş rayonu və ya obyekti hərəkətdən tutmağa çalışaraq sürətlə düşmənin əsas müdafiə rayonuna irəliləməlidir. Ön dəstənin fəaliyyəti artilleriya atəşi, döyüş helikopterləri və aviasiyanın zərbələri ilə himayə olunmalıdır.

Briqadanın əsas qüvvələri təminat zolağını döyüşqabağı düzülüşdə dəf etməli, ön dəstənin səylərini artırmaq və düşmənin birinci müdafiə zolağını hərəkətdən yarmaq üçün döyüş düzülüşünə açılmağa hazır vəziyyətdə olmalıdır.

Təminat zolağının dəf edilməsi zamanı düşmənin əsas müdafiə rayonunun kəşfiyyatı aparılmalı, onun yarılması üçün üsul və qaydalar, dərin atəş zərbələri, habelə bölmələrin tapşırıqları və qarşılıqlı əlaqə qaydaları dəqiqləşdirilməlidir.

Düşmən müdafiəsinin ön xəttinə çatmış bölmələr dərhal düşmənin dayaq məntəqələrində onun atəş vasitələrini və canlı qüvvəsini susdurmalı və məhv etməlidirlər. Eyni zamanda döyüş helikopter bölmələri düşmənə ön xətdə dayaq məntəqələrinə zərbələr endirməli, ilk növbədə tankları, digər zirehli hədəfləri və tank əleyhinə vasitələri məhv etməlidirlər. Bu zaman artilleriya və aviasiya hücumun atəşlə dəstəkləməsinə keçəcəklər. Hücum edən bölmələr, düşmənin ön xəttindəki dayaq məntəqələrini ələ keçirməli, yarmanı cinahlara və dərinliyə doğru inkişaf etdirməli, ardıcıl olaraq qarşıdakı düşməni və onun ehtiyatlarını məhv etməlidirlər.

Hücumun bu mərhələsində irəliyə döyüş kəşfiyyat dozorları göndərilməlidir. Qazanılmış müvəffəqiyyəti ‒ səylərin daha da artırılması, ikinci eşelonun və ya ehtiyatın döyüşə girməsi, taktiki hava desantının çıxarılması və ön dəstələrin göndərilməsi ilə inkişaf etdirmək olar.

Ön dəstə fəaliyyətə başlamadan əvvəl onu göndərən komandir, ön dəstənin, himayə edən vasitələrin, həmçinin ön dəstənin əsas qüvvələrdən ayrılmasını təmin edən tabor komandirinin tapşırıqlarını dəqiqləşdirməlidir.

Ön dəstə hansı bölmələrin döyüş düzülüşlərindən keçirsə, o bölmələr özlərinin bütün növ fəaliyyətləri ilə düşmənin əks həmləsinə və onun ön dəstəyə atəş etməsinə yol verməməlidir, yəni elə bir şərait yaratmalıdırlar ki, ön dəstə əsas qüvvələrdən ayrıla bilsin, dayanmadan və yüksək sürətlə, yaranmış boşluqdan istifadə edərək düşmənin müdafiəsinin dərinliynə girə bilsin.

Ön dəstənin uğurlu keçidi hansı obyektlərə zərbələrin endirilməsindən və düşmən müdafiəsinin hansı dərəcədə susdurulmasından asılı olacaq.

Əgər obyektlərə zərbə endirilməsi nəticəsində düşmənin ön müdafiə xəttində boşluqlar əmələ gəlibsə və ya düşmən müdafiəsi bizim artilleriya atəşi ilə susduruluba, ön dəstə döyüşə girmədən, sürətlə təyin edilmiş həddə və ya obyektə çıxmalı və onu ələ keçirməlidir. Bu hədd və ya obyekt düşmənin briqada və ya korpus ehtiyatları üçün nəzərdə tutulmuş mövqelərdə yerləşə bilər.

Ön dəstənin sürətli hücumunu təmin etmək üçün artilleriya atəşi, aviasiya və helikopter zərbələri ilə dəstək verilməli, ön dəstənin hərəkəti istiqamətində olan ayrı-ayrı müqavimət ocaqlarını döyüş kəşfiyyat və mühafizə bölmələri məhv etməlidirlər.

Ön dəstənin əsas qüvvələri öz həddinə və ya obyektinə doğru hərəkət edərkən döyüş üçün açılmır, yalnız o zaman açılır ki, qarşısına düşmənin mütəşəkkil müqavimət ocaqları çıxır, onları ötüb keçmək mümkün olmur və ya bunun üçün çox vaxt tələb edilir. Motoatıcı bölmələr açılarkən, döyüş maşınlarından enmədən, tankların arxasınca döyüş maşınlarından atəş açaraq hərəkət edəcəklər.

Əgər ön dəstə öz tapşırığını yerinə yetirərkən düşmənlə döyüşə girməyə məcbur olarsa, bu halda o, birinci eşelonun tərkibinə daxil olacaq və onunla birlikdə döyüşü davam etdirəcək.

Ön dəstə öz çevikliyindən və zərbə qüvvəsindən istifadə edərək, təyin edilmiş həddə və ya obyektə bacardıqca tez çatmağa can atmalı, onu ələ keçirdikdən sonra isə düşmənin əks həmlələrini dəf etməyə hazır vəziyyətdə müdafiəyə keçməlidir. Əgər düşmən nəzərdə tutulmuş həddə ön dəstə ilə eyni vaxtda çıxarsa və ya onu qabaqlayarsa, ön dəstə düşmənə hərəkətdən hücum etməli, təyin edilmiş həddi tutmalı və onu əsas qüvvələr yaxınlaşana kimi əldə saxlamalıdır. Hərəkətdən hücum uğursuz olduqda və məqsədəuyğun olmadıqda, ön dəstə ələ keçirə bildiyi əlverişli həddə möhkəmlənməli və düşmənin fəaliyyətini əsas qüvvələr yaxınlaşana kimi məhdudlaşdırmalıdır.

Hücum zamanı ön dəstə, düşmənin birinci eşelon briqadalarının müdafiə rayonlarının yarılmasından sonra döyüşə girəcək. Düşmənin birinci eşelon briqadaları və korpusun ehtiyat mövqeləri arasında sıx döyüş düzülüşü olmayacaq, boşluqlar olacaq, bu da ön dəstəyə sərbəst manevr və cəld hərəkət imkanları verəcək.

Təyin edilmiş həddə və ya obyektə doğru irəliləyərkən, düşmənin birinci eşelon briqadalarının müdafiə rayonlarını dəf etdikdən sonra ön dəstə aralıq və kəsici müdafiə mövqelərinə, dayaq məntəqələrinə rast gələ bilər. Bundan başqa, o düşmənin geriyə çəkilən və əks-həmlə keçirməyə hazırlaşan qüvvələr və ya ehtiyatlar tərəfindən hazırlanmış mövqelərin tutulması üçün irəliləyən qruplarla toqquşa bilər. Bu şəraitlərdə vəziyyət tez və qəfil dəyişəcək. Ön dəstə komandiri yaranmış vəziyyətə uyğun olaraq döyüşün gedişində qərar qəbul etməlidir.

Düşmənin kiçik qrupları ilə qarşılaşdıqda ön dəstənin mühafizə bölmələri, ilk növbədə baş səfər zastavası qətiyyətli hərəkətləri ilə onları məhv etməlidir. Daha iri düşmən qüvvələri ilə rastlaşdıqda ön dəstə komandiri, qüvvələrin bir hissəsi ilə qorunaraq və əsas qüvvələrlə manevr edərək, təyin edilmiş həddə və ya obyektə doğru hərəkət etməlidir.

Aralıq və ya kəsici müdafiə mövqelərinə yaxınlaşdıqda dəstə kəşfiyyat məlumatlarına əsaslanaraq, boş aralıqlardan istifadə edərək onları dəf etməyə çalışacaq. Əgər bu mümkün olmazsa, ön dəstə əsas qüvvə və vasitələri ensiz sahədə cəmləşdirərək, müdafiə olunan düşmən üzərinə hücuma keçməli və sürətlə nəzərdə tutulan həddə və ya obyektə çıxmalıdır. Hücum heç bir nəticə verməsə, ön dəstə komandiri qısa müddətdə əlavə kəşfiyyat keçirməli və qısa hazırlıqdan sonra başqa sahədən müdafiəni yarmağa cəhd etməlidir.

Qarşıya çıxan iri dayaq məntəqələrini ön dəstə ötüb keçməlidir. Əgər düşmənin dayaq məntəqəsi az qüvvə ilə tutulubsa, onun yandan keçilməsinə orada olan düşmənin məhv edilməsindən daha çox vaxt sərf ediləcəksə, mühafizə bölmələri və ya ön dəstənin əsas qüvvələrinin bir hissəsi ilə müdafiə olunan düşmən dayaq məntəqəsində məhv edilməlidir.

Düşmənin geri çəkilən qrupları ilə toqquşduqda ön dəstə qüvvələrin bir hissəsi ilə onları məhv etməlidir, bu zaman o özünün əsas tapşırığının yerinə yetirilməsini dayandırmamalı, döyüş tapşırığının yerinə yetirilməsinə davam etməlidir.

Bütün hallarda ön dəstə ələ keçirilmə həddinə və ya obyektə çıxmaqda düşməni qabaqlamalıdır, bunun üçün kəşfiyyat məlumatlarından istifadə edərək düşmənin onun üzərinə hərəkət etdiyini və hansı müddətə hara çıxa biləcəyini nəzarətdə saxlamalıdır.

Ön dəstə bizim əsas qüvvələrin üzərinə əks-həmlə etmək üçün hərəkət edən düşmənə də rast gələ bilər. Düşmənin tərkibi və fəaliyyət xüsusiyyətlərindən, ön dəstənin hərəkət edən düşmənə nisbətən vəziyyətindən və digər şəraitlərdən asılı olaraq ön dəstənin fəaliyyəti də müxtəlif olacaq. Lakin o ilk növbədə öz əsas tapşırığını – düşmənin briqada ehtiyat mövqelərində həddi tutmaq və əldə saxlamaq vəzifəsini yerinə yetirməlidir. Əgər irəli hərəkət etmək mümkün olmasa, ön dəstə əlverişli mövqe tutmalı, müdafiəyə keçməli və əsas qüvvələrin gəlmələrini və açılmalarını təmin etməlidir.

Düşmənin briqada ehtiyatları mövqelərinə yaxınlaşdıqda ön dəstə orada müdafiəyə keçmiş və ya yaxınlaşan düşmən bölmələrinə rast gələ bilər. Əgər hüdud və ya obyekt düşmən tərəfdən tutulubsa, ön dəstənin baş yürüş zastavası ona yaxınlaşan kimi döyüş düzülüşünə açılmalı və hərəkətdən düşmən üzərinə hücuma keçməlidir. Onun başlıca vəzifəsi birinci mövqeyin dayaq məntəqələrində düşmənin atəş sistemini pozmaq və ön dəstənin əsas qüvvələrinin açılmasını təmin edən əlverişli hüdudu ələ keçirməkdir. Əgər hərəkətdən həmlə uğur gətirməsə, baş yürüş zastavası əldə keçirdiyi hüdudda möhkəmlənməli, düşmən müdüfiəsinin kəşfiyyatını apararaq ön dəstənin əsas qüvvələrinin açılması üçün atəşlə dəstək verməlidir. Baş yürüş zastavası döyüşə qatılan kimi, ön dəstənin komandiri əsas qüvvələrin hərəkətini dayandırmadan döyüş rayonuna və düşmən müdafiəsi göründüyü hüduda irəliləməli, bölmələrin tapşırıqlarını və qarşılıqlı fəaliyyət qaydalarını dəqiqləşdirməlidir. Bu işi ön dəstə komandiri, ön dəstənin əsas qüvvələrinin həmləyə keçmə hüduduna yaxınlaşmasına tələb olunan vaxt müddətində yerinə yetirməlidir. Bölmə komandirləri dəqiqləşdirilmiş tapşırıqları öz tabeliyində olanlara şəxsən və ya radio ilə çatdırmalıdır.

Ön dəstə bölmələri göstərilən hüdudu və ya obyekti ələ keçirərkən müdafiə olunan düşmənə hərəkətdən həmlə etməlidir. Ön dəstənin tərkibindəki artilleriya və minaatanlar baş yürüş zastavasının atəş dəstəyi altında əsas qüvvələrin kolonlarının açılması ilə eyni zamanda dərhal atəş mövqelərini tutmalı, bölmələrin açılmasını atəşlə təmin etməli və onların həmləsini dəstəkləməlidir.

Ön dəstənin döyüş düzülüşünün bir eşelonda olması məqsədəuyğundur, eyni zamanda güclü ehtiyat da ayırmaq lazımdır. Belə döyüş düzülüşü ön dəstəyə bölmələrin döyüş meydanında sərbəst manevr etməsinə imkan verəcək. Əgər ələ keçiriləcək obyekt düşmənin briqada ehtiyat mövqelərinin ön xəttində yerləşirsə və tapşırığın dərinliyi elə də böyük deyilsə, ön dəstənin döyüş düzülüşü eyni qaydada təşkil olunmalıdır.

Ön dəstə tərəfindən zərbə, düşmənin aşkar olunan açıq cinahına və ya zəif tutulmuş sahəsinə endirilməlidir. Bu kimi şəraitlərdə ön dəstə komandiri bir hissə qüvvə ilə düşməni geniş cəbhədə atəş altına almağa, əsas qüvvələrlə isə dövrələmə və ya yandan keçmə icra etməyə, arxadan və cihahlara həmlə etməyə çalışmalıdır.

Dar sahədə pazşəkilli girişdən sonra ön dəstə komandiri bir hissə qüvvə ilə cinahları təmin etməli, əsas qüvvə ilə giriş sahəsini genişləndirməli, nəzərdə tutulmuş hüdudun və ya obyektin ələ keçirilməsi üzrə döyüş aparmalı, sonra briqadanın əsas qüvvələri yaxınlaşana qədər tutulmuş hüdudun və ya obyektin əldə saxlanılması üçün onun dairəvi müdafiəsini təşkil etməlidir. Göstərilən hüdud və ya obyekt ələ keçirilən kimi, ön dəstənin komandiri öz bölmələrini düşmənin qəfil zərbələrindən qorumaq məqsədilə fasiləsiz kəşfiyyat aparmalıdır.

Bundan sonra ön dəstə komandiri dərhal atəş sistemini təşkil etməli, yaxınlıqda olan və həmləyə keçən düşmənin məhv edilməsi üçün tədbirlər görməli, ələ keçirilmiş rayonun əldə saxlanılması və düşmənə əks həmlələr endirilməsi üzrə artilleriya, tank və motoatıcı bölmələrin tapşırıqlarını müəyyən etməlidir. Ön dəstənin komandiri qarşılıqlı fəaliyyəti təşkil edərək, hücum edən düşmənin məhv edilməsi üzrə bölmələrin razılaşdırılmış fəaliyyətinə nail olmalıdır.

Düşmən həmləyə keçən kimi ön dəstənin komandiri bütün vasitələrin atəşlərini düşmənin əsas qüvvələrinin üzərinə cəmləşdirməlidir.

Düşmən müdafiə rayonuna pazşəkilli daxil olduğu halda ön dəstə komandiri bütün atəş vasitələri ilə onu cəbhə boyu və dərinlikdə yayılmasını dayandırmalı, girmə sahəsində öz cinahlarını möhkəmləndirməli və düşməni atəşlə susdurmalıdır. Ön dəstə komandiri, bundan əlavə, ehtiyat tankları və piyadaların döyüş maşınlarını atəş mövqeyinə, tank əleyhinə taqımı isə bu istiqamətdə açılma həddinə çıxara bilər.

Ələ keçirilmiş obyektə düşmən soxularsa onun məhv edilməsi üçün əks həmlələr yerinə yetirilməlidir.

Əgər düşmən öz qoşunlarını geri çəkməyə başlayarsa, ön dəstə, düşmənə əlverişli mövqelərdə və hüdudlarda möhkəmlənmə imkanı verməməli, dərhal təqib etməyə keçməlidir.

Təqib etməyə keçərkən ön dəstə komandiri bu barədə ön dəstəni göndərən komandirə məruzə etməlidir.

Ön dəstənin düşmən müdafiəsinin dərinliyində fəaliyyətlərinin xüsusiyyətləri

Dağlıq ərazidə hücum edən qoşunların əsas qüvvələri taktiki zona dərinliyində düşmən müdafiəsini yarmalı, eyni vaxtda cinahlar istiqamətində yarma sahəsini genişləndirərək hücumu dərinliyə inkişaf etdirməlidir. Hücum edən bölmələrimizin irəliləməsini dayandırmağa cəhd edərək, düşmən aralıq hüdudlarda müdafiəni təşkil etmək və vacib istiqamətlərdə əks-həmlə etmək üçün öz ehtiyatını çıxaracaq.

Aralıq hüdudlarda düşmən tərəfindən müdafiənin təşkil edilməsini pozmaq üçün geri çəkilən və irəliləyən düşmən bölmələrinə atəş zərbələri endirmək, onları aviasiya zərbələri ilə vaxtında məhv etmək, eyni zamanda ön dəstələr və taktiki hava desantları ilə qətiyyətli fəaliyyətlər göstərmək lazımdır.

Bizim qoşunların hücumu düşmən müdafiəsi dərinliyində inkişaf etdikcə, ön dəstə taktiki hava desantı ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməli, özünün əsas qüvvələri ilə yüksək tempdə irəliləməli, düşmənə aralıq müdafiə hüdudlarında möhkəmlənməyə imkan verməməli, geniş cəbhədə aralıq müdafiə hüdudlarını dayanmadan tutmalıdır.

Briqadanın əsas qüvvələri ön dəstənin arxasınca, onun uğurlarını inkişaf etdirərək irəliləməlidir. Əgər düşmən mütəşəkkil müqavimət göstərərsə, dayanmadan döyüş düzülüşünə açılmaq və atəş hazırlığından sonra düşmənə cəld həmlə etmək lazımdır. Müdafiənin dərinliyinə irəliləyərək əsas qüvvələr düşmən qruplaşmasını parçalamağa, imkan daxilində onu hissələrlə mühasirəyə almağa və məhv etməyə çalışmalıdır. Düşmənin mühasirəyə salınmağında, həm də ön dəstənin fəaliyyətinin böyük rolu var.

Hücumun inkişaf etdirilməsi mərhələsi üçün ön dəstənin hansı bölmələr və vasitələrlə gücləndirilməsinə ehtiyac olduğu, döyüş tapşırığı və onun yerinə yetirilmə müddəti, hərəkət istiqamətləri, artilleriya atəşi və aviasiya zərbələri ilə dəstəklənmə qaydaları və eləcə də konkret həmin dağlıq əraziyə xas olan digər vacib məsələlər əvvəldən təyin edilməlidir.

Ön dəstə mühüm hüdudun və ya obyektin ələ keçirilməsi üzrə tapşırığı taktiki hava desantı ilə qarşılıqlı əlaqədə də yerinə yetirə bilər. Bu halda taktiki hava desantı, çıxarmadan sonra tez və gizli döyüşqabağı düzülüşdə göstərilən hüduda və ya obyektə çıxmalı, dayanmadan döyüş düzülüşünə açılmalı, düşmənə cəld və qəfil həmlə etməlidir. Taktiki hava desantı əlverişli hüdudu tutaraq saxlamalı, atəşlə və aktiv fəaliyyətlə düşmənə zərbə endirməli, onun mütəşəkkil irəliləməsinin, aralıq hüdudda müdafiə mövqeyi tutmasının qarşısını almalıdır.

Ön dəstələr tərəfindən tutulan vacib hüdudlar və ya obyektlər, sonradan hücumu davam edərkən cinahların, təhlükəli istiqamətlərin mühafizə edilməsi və digər tapşırıqların yerinə yetirilməsi üçün şərait yaradılması məqsədi ilə istifadə ediləcək. Hücumun gedişində bu hüdudların əldə saxlanılması üçün, lazım gələrsə bütün əsas qüvvələr və ya birinci eşelon qüvvələrinin bir hissəsi cəlb oluna bilər. Tutulmuş hüdudlarda bölmələr müdafiəyə keçməli, atəş sistemini təşkil etməli, maneələr qurmalı və mövqeləri mühəndis cəhətdən təchiz etməlidir.

Sxemdə ön dəstənin fəaliyyətinin bir variantı göstərilib.

Dağlıq ərazidə düşmən müdafiəsinin dərinliyində ön dəstələr tərəfindən yerinə yetirilən tapşırıqlar xüsusiyyətlərinə görə müxtəlif ola bilər. Ön dəstənin döyüş tapşırığının dərinliyi, onun tərkibində fəaliyyət göstərən bölmələrin döyüş imkanlarından, əsas qüvvələrin dəstəyi olmadan onun hansı müddətdə müstəqil döyüş aparma qabiliyyətindən, həmçinin düşmənin fəaliyyət xüsusiyyətlərindən asılıdır.

Bundan əlavə, qoşunların hücum tempi nə qədər yüksək olsa, ön dəstənin döyüş tapşırığının dərinliyi də bir o qədər artacaq.

Düşmən müdafiəsi dərinliyində hücum inkişaf etdirilərkən ön dəstə iki vəziyyətlə qarşılaşa bilər: ya geri çəkilən düşməni təqib edəcək, ya da düşmən tərəfindən tələsik tutulmuş müdafiəni yaracaq.

Düşməni təqib edərək onun geri çəkilən qüvvələrini mühasirəyə salmaq, məhv etmək və ya əsir götürmək lazımdır. Düşmənin bütün geri çəkilən qruplaşmasını eyni vaxtda mühasirəyə salmaq mümkün olmadıqda, əvvəlcə onu hissələrə parçalamaq, sonra isə hissə-hissə mühasirəyə salmaq və məhv etmək lazımdır. Ön dəstə düşmənin planlı şəkildə geri çəkilməsini pozmaq və hərəkətini ləngitmək üçün onları müdafiə mövqelərindən çıxarkən, keçidləri və yol qovşaqlarını tutarkən qabaqlamalıdır. Belə fəaliyyət geri çəkilən düşmən qoşunlarının mühasirəyə düşməsinə, tez parçalanmasına və qısa müddətdə hissələrlə darmadağın edilməsinə imkan yaradacaq. Beləliklə, təqibetmənin gedişində ön dəstənin əsas tapşırığı, düşmənin geri çəkilməsi yoluna çıxaraq onun kolonlarını ləngitmək və əsas qüvvələrlə onun darmadağın edilməsini təmin etməkdən ibarət olmalıdır.

Ön dəstə, taktiki hava desantları və irəlidə fəaliyyət göstərən əsas qüvvələrin kəşfiyyat orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir. Yalnız qarşılıqlı məlumat mübadiləsi, komandirlərin və qərargahların düşmənin niyyətini öyrənmə bacarığı, mürəkkəb taktiki şəraitdə cəld və effektiv fəaliyyət ‒ təqibetmədə uğuru təmin edəcək.

Təqibetmədə ön dəstələrin rolu daha çox olmalıdır. Onlar düşmənin geri çəkilmə yoluna cəld çıxmağa, onun əsas qüvvələrini əlverişli hüdudlarda ləngitməyə, yol qovşaqlarını, keçidləri, aşırımları və ərazidəki digər obyektləri, həmçinin müdafiənin dərinliyindəki mühüm sahələri tutmağa qadir olmalıdır.

Əgər düşməni təqib etmədə gecikmə olarsa düşməni darmadağın etmək cətinləşəcək, düşmən bizim hücum edən əsas qüvvələrdən uzaqlaşacaq, əvvəlcədən hazırlanmış hüdudlara planlı şəkildə çəkiləcək, döyüş qabiliyyətini bərpa edəcək və yenidən müdafiəni təşkil edəcək.

Təqibetməyə keçərkən, çıxarılan ön dəstələrin sayı konkret şəraitə, malik olduqları qüvvə və vasitələrin həcminə, ələ keçirilməsi planlaşdırılmış obyektlərin sayına görə müəyyən olunmalıdır.

Əgər təqibetmə düşmən müdafiəsinin taktiki zonasında başlayarsa, yeni ön dəstələr çıxarılmamalı, artıq fəaliyyətdə olan ön dəstəyə tapşırıqlar verilməlidir. Əgər fəaliyyətdə olan ön dəstə artıq döyüşürsə və ya əvvəlki fəaliyyət nəticəsində zəifləyibsə, komandir düşmənin geri çəkilməsini qabaqcadan dəyərləndirərək yeni ön dəstə çıxarmalıdır.

Ön dəstə çıxaran komandir, hətta vaxt olmasa belə tapşırıq verərkən, ön dəstə ilə qonşu ön dəstələr, əsas qüvvələr və aviasiya arasında əsas qarşılıqlı əlaqə məsələlərini göstərməlidir. Bu mərhələdə ön dəstə və onunla qarşılıqlı əlaqədə olan əsas qüvvələr atəş zərbələrinin harada, nə zaman və hansı obyektlərə endiriləcəyini, ön dəstənin fəaliyyətə başlamasının təmin olunması və ona vaxtında yardım göstərilməsi qaydalarını, əsas qüvvələrlə əlaqə saxlanılması üsullarını, vahid qarşılıqlı əlaqə siqnallarını, ön dəstənin fəaliyyətinin aviasiya ilə harada, nə zaman və hansı qüvvə ilə dəstəklənməsini dəqiq bilməlidirlər.

Ön dəstə və onunla qarşılıqlı əlaqədə olan qonşu ön dəstələr bir-birinin tapşırıqlarını, tapşırıqların məqsədini, yerini və vaxtını, radio əlaqə qaydalarını, qarşılıqlı yardım göstərilməsi və birgə fəaliyyət qaydalarını, müvəffəqiyyətdən qarşılıqlı istifadə qaydalarını, qarşılıqlı fəaliyyət siqnallarını, məlumatların ötürülmə vaxtını bilməlidirlər.

Ön dəstə və onunla qarşılıqlı əlaqədə olan aviasiya düşmənə nə vaxt harada zərbələrin endirilməsini, qarşılıqlı əlaqə siqnalları və aviasiyanı çağırma siqnallarını, ön dəstənin irəliləmə yollarında düşmən ehtiyatlarına aviasiya zərbələrinin endirilmə yerlərini, aviasiya təminatı və ön dəstə tərəfindən təyin olunmuş hüdudun və ya obyektin əldə saxlanılması qaydalarını bilməlidirlər.

Ön dəstə və irəlidə onunla qarşılıqlı əlaqədə fəaliyyət göstərən kəşfiyyat bölmələri, kəşfiyyatın hərəkət istiqamətini, onun fəaliyyət müddətini, qarşılıqlı fəaliyyət siqnallarını, qarşılıqlı məlumatlandırma qaydalarını, ön dəstə komandirinin bu kəşfiyyat məlumatlarını necə, harada və kimdən alacağını bilməlidirlər.

Düşmən müdafiəsinin dərinliyində onu təqib edərkən, ön dəstənin döyüş tapşırığı, müdafiənin taktiki zonasına nisbətən daha dərin olacaq. Tapşırığın dərinliyi isə tutulmalı olan obyektlərin və vacib hüdudların uzaqlığından, əsas qüvvələrin tapşırıqlarından, ön dəstənin tərkibindən, düşmənin fəaliyyət xarakterindən, təqibetmənin ümumi tempindən və digər vəziyyət şərtlərindən asılı olacaq. Bəzi hallarda ön dəstəyə daha dərin döyüş tapşırığı verilə bilər.

Ön dəstənin daha yüksək tempdə irəliləməsi üçün ondan irəlidə daim kəşfiyyat və mühafizə dəstəsi fəaliyyət göstərməlidir.

Təqibetmə dövründə, irəlidə əsas qüvvələrin kəşfiyyatının fəaliyyətdə olub-olmamasından asılı olmayaraq ön dəstə öz kəşfiyyatını çıxarmalıdır. Bu məqsədlə bir-iki döyüş kəşfiyyatı dozoru çıxarmaq məqsədəuyğundur. Bu mərhələdə təqibetmə zamanı döyüş kəşfiyyatı dozorlarının ön dəstənin əsas qüvvələrindən məsafəsi, düşmən müdafiəsinin taktiki zonasındakına nisbətən daha çox olmalıdır.

Təqibetmədə ön dəstənin mühafizəsi – yürüş mühafizəsindən, yan və arxa cəbhə yürüş zastavaları və ya dozor manqalarından ibarət ola bilər. Ön dəstə mühafizəsi təqibetmənin gedişində düşmənin kiçik qruplarını məhv etməli, onun daha böyük qüvvəsi ilə qarşılaşdığı halda isə əlverişli mövqe tutmalı, döyüşə girməli və ön dəstənin əsas qüvvələrinin açılmasını və ya manevrini təmin etməlidir.

Düşməni təqib edərkən ön dəstə güclü düşmənlə qarşılaşdıqda, əgər imkan olarsa, onu yandan keçməlidir. Amma əgər düşməni yandan keçmək mümkün deyilsə, əsas gücünü dar sahədə səfərbər edərək onun döyüş düzülüşünü yarıb keçməli, öz manevr qabiliyyətindən istifadə edərək və qüvvəsinin bir hissəsi ilə özünü təhlükəli istiqamətlərdən qoruyaraq təyin olunmuş hüduda və ya obyektə hərəkətini davam etdirməlidir.

Tutulma hüduduna və ya obyektinə yaxınlaşdıqda ön dəstə açılaraq düşmənə hərəkətdən həmlə edir. Açılma və həmlənin detalları düşmən müdafiəsinin xüsusiyyətindən, bu hüdudu və ya obyekti əldə saxlayan düşmənin tərkibindən, ön dəstə komandirinin qarşıdakı döyüşlə bağlı niyyətindən, ərazinin xüsusiyyətlərindən asılı olacaq.

Düşmən müdafiəsinin dərinliyində hücumun inkişaf etdirilməsi gedişində ön dəstə əsasən tələsik müdafiəyə keçən düşmənə qarşı döyüş aparmalı olacaq.

Ön dəstə komandiri düşmən haqqında məlumatları irəlidə fəaliyyətdə olan kəşfiyyatdan və ya yuxarı qərargahdan alaraq, vəziyyəti cəld qiymətləndirməli, hüdudun və ya obyektin tutulmasına olan qərarını dəqiqləşdirməlidir. Bundan sonra o, dərhal radio ilə bölmə komandirlərinə və gücləndirmə vasitələrinə tapşırıqlar verməlidir.

Ön dəstə komandiri həmləyə keçmə həddini mümkün qədər düşmənə yaxın təyin etməlidir. Həmləyə keçdikdən sonra bölmələr artilleriya və minaatanların dəstəyi ilə bütün atəş gücündən istifadə edərək həmlə etməlidir.

Artilleriya hazırlığı atəş basqısı kimi həyata keçirilməlidir. Ön dəstə tərkibinə daxil olan artilleriyanın bir hissəsini, həmlə zamanı hərəkətdən düzünə tuşlama ilə atəş açmaq üçün ayırmaq məqsədəuyğundur. Bunun faydası odur ki, atış üçün məlumatların hazırlanmasına daha az vaxt tələb olunacaq və düşmən müdafiəsinin daha çox zəiflədilməsini təmin edəcək. İlk növbədə düşmənin aşkar olunmuş dayaq məntəqələri, tank əleyhinə raketləri və minaatanları atəş altına alınmalıdır. Artilleriya hazırlığı zamanı düzünə tuşlama atışı üçün, həmçinin tankları və özüyeriyən artilleriya qurğularını da cəlb etmək lazımdır.

Əgər yaranmış şərait imkan verərsə, ön dəstənin əsas qüvvələrinin yaxınlaşmasını gözləmədən mühafizə bölmələri həmləyə başlaya bilər. Qalan bölmələr isə yaxınlaşdıqca döyüşə girəcəklər.

Əgər mühafizə bölmələri müdafiə olunan düşmənlə təmasa girərkən uğur əldə edə bilməsə və ya müdafiənin dərinliyinə yalnız azacıq girə bilsə, bu zaman ön dəstənin əsas qüvvələri yaxınlaşmalı, açılmalı və eyni zamanda həmləyə başlamalıdır.

Bölmələr istənilən halda verilmiş tapşırığın yerinə yetirilməsini təmin edə biləcək mövqeyə və ya hüduda çıxmaq üçün sürətlə irəli hərəkət etməlidir. Tapşırıq yerinə yetirildikdən sonra, onlar dərhal tutulmuş hüdudun və ya obyektin möhkəmləndirilməsinə keçməlidirlər.

Tələsik müdafiəyə keçmiş düşmənə hərəkətdən həmlə edilərkən ön dəstənin döyüş düzülüşü onun tərkibindən, ələ keçirilmiş hüdudun və ya obyektin xüsusiyyətindən, düşmən müdafiəsinin dərinliyindən, onun hərtərəfli təmin edilməsindən, ərazinin xüsusiyyətlərindən asılı olacaq.

Elə bir vəziyyət yarana bilər ki, həmlə uğursuz olsun. Onda ön dəstə cəld yenidən qruplaşma keçirməli, atəş basqısını təkrar etməli, göstərilən hüdudu və ya obyekti əldə etməyə yenidən cəhd göstərməlidir. Əgər bu həmlə də müsbət nəticələr verməzsə, ön dəstə bölmələri düşmən müdafiəsinin kəşfiyyatını apararaq əldə olunmuş hüdudda və ya mövqedə möhkəmlənməli və əsas qüvvələrin düşmənə zərbə endirmək üçün açılmasını təmin etməlidir.

Ön dəstə bölmələri düşmənin tələsik tutulan müdafiə hüdudunu ələ keçirdikdən sonra, dərhal müdafiəni təşkil etməli və onu əsas qüvvələr yaxınlaşanadək əldə saxlamalıdır. Düşmən müdafiəsinin dərinliyində ələ keçirilmiş hüdudun və ya obyektin əldə saxlanılması üçün ön dəstə dairəvi müdafiə qurmalıdır.

Dairəvi müdafiə və atəş sistemini təşkil edərək, ön dəstə komandiri adi məsələlərdən əlavə dayaq məntəqələri arasındakı aralıqların atəşlə himayəsini, kəşfiyyatın qüvvə və vasitələrinin tapşırıqlarını, müdafiə rayonları arasındakı aralıqlarda maneələrin hazırlanması müddətlərini və aralıqların mühafizəsi üçün bölmələri, qovşaqların və cinahların təminatı üçün cavabdeh komandirləri, aralıqların fasiləsiz müşahidəsinin aparılmasını, müşahidəçilərin rabitə və siqnalizasiya vasitələri ilə təminatını, əks-həmlə və cinahların təminatı üçün ehtiyatları, düşmən tərəfindən həmlə edilməyən istiqamətlərdəki sahələrdə tankların və özüyeriyən artilleriya qurğularının manevrini və digər vacib məsələləri təşkil edir. Ön dəstə komandiri, hücum edən düşmənin məhv edilməsi üzrə öz bölmələrinin və gücləndirmə vasitələrinin razılaşdırılmış qarşılıqlı fəaliyyətinə nail olmalıdır. O, cinahların və arxa cəbhənin təminatına cəlb edilən bölmələrin razılaşdırılmış fəaliyyətinə xüsusi diqqət yetirməlidir.

Sxemdə briqadanın dağlıq ərazidə hücumda fəaliyyətinin nümunəsi göstərilib.

Bu məqalədə dağlıq ərazidə ön dəstənin düşmən müdafiəsinin taktiki zonasında və dərinliyində fəaliyyətlərinin xüsusiyyətlərini araşdırdıq. Gələn məqaləmizdə ön dəstənin fəaliyyətinin xüsusiyyətləri barədə araşdırmanı davam etdirəcəyik. Eyni zamanda ön dəstənin digər döyüş düzülüşü elementləri ilə qarşılıqlı fəaliyyətini araşdıracağıq.

Mənbələr:

Quru qoşunlarının döyüş təlimatı.
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-
http://militera.lib.ru/science/tactic/05.html

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağ-şəraiti   Müharibə   Qarabağ  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – V YAZI

2020/06/22111-3185800406.jpg
Oxunub: 6809     14:32     23 İyun 2020    