Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyalı diplomat, 1992-1996-cı illərdə Rusiyanın vasitəçilik missiyasının rəhbəri, Rusiya prezidentinin Dağlıq Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun rusiyalı keçmiş həmsədri Vladimir Kazimirov Dağlıq Qarabağ məsələsi ətrafında baş verən son hadisələrə toxunarkən deyib.
Keçmiş rus həmsədr hal-hazırda tərəflərin verdiyi bəyanatlara, onların Qarabağ münaqişəsi məsələsində apardığı hazırkı siyasətə münasibət bildirməkdən yayınıb.
Kazimirovun sözlərinə görə, əvəllər olduğu kimi, indi də danışıqlar prosesinin tərəfdarıdır.
“Mənə elə gəlir ki, 1997-ci ildə razılıqsız qalmış siyasi mətnin qalan 20 faizini də pillə-pillə razılaşdırmaq olar. Tərəflər danışıqlar aparılmasının keçmiş metodikasına qayıtmalıdır, bu, daha səmərəlidir. Məkik diplomatiyası tərəflər arasında müntəzəm görüşləri, münaqişə edən ölkələrə səfərləri, üçüncü ölkələrdə - Paris, Moskva, Vaşinqton və digər yerlərdə görüşləri nəzərdə tutur, lakin onlar davam edən sistemli danışıqlardan daha seyrəkdir. Sistemli danışıqlar ayda bir dəfə görüşləri təyin edəcəkdi. Bu görüşlər zamanı tərəflər sənədin mətnini müzakirə edir və razılaşdırılmamış mübahisəli məqamları razılaşdırmaq üçün çıxış yolları tapır. Məkik diplomatiyanın nə dərəcədə səmərəli olmasına gəlincə, mənim şübhələrim var”, - deyə Kazimirov bildirib.
Onun qiymətləndirməsinə görə, böyük risk var ki, münaqişə gələcək nəsillərə qalacaq.
“Lakin inanmaq istərdim ki, münaqişə aparan bütün tərəflərin şüuru onu digər nəsillərə buraxmayaraq cəld həllə çıxarmaq iqtidarındadır”, - deyə rusiyalı diplomat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az