Ordu.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbiri açan məktəbin direktoru Mais Kazımov bu gün ölkəmizdə gənc nəslin təhsil alması üçün ölkə miqyasında bütün zəruri addımların atıldığını, həmçinin məktəblilərin təhsilinin inkişafı ilə yanaşı, onların yaradıcılıq bacarıqlarının artırılması, dünyagörüşünün inkişaf etdirilməsi, intellektual, milli-vətənpərvər ruhda tərbiyə olunması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini qeyd edib.
İdarənin əməkdaşları Ağakişi Baloğlanlı və Vüsal Kazımov çıxış edərək, tədbirin "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirildiyini vurğulayıb.

Çıxışlarda bildirilib ki, bu gün böyüyən gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə alaraq ölkəmizin tarixi, onun dünəni və bu günü haqqında bilgili olmasını, xüsusilə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda vermiş qəhrəman oğul və qızlarımız haqqında məlumatlı olmasını təmin etmək dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Məktəblilərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədə şəhid olmuş qəhrəman oğul və qızlarımız haqqında məlumat verilib.
Sonra şəhid Qadir Zeynalovun qardaşı Şaiq Zeynalov gəncləri maraqlandıran sualları cavablandırmaqla yanaşı, qardaşının keçdiyi qəhrəmanlıq yolu haqqında danışıb.
Tədbirin sonunda qəhrəmanlarımızın keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub.
Ordu.az