Atanın ən xoşbəxt günlərindən biridir, oğlu hərbi xidmətə yola düşür. Beynində və qəlbində yaşananlar qarışıq duyğudur, əslində. Quraqlıqla daşqın, soyuqla isti, gecəylə gündüz kimi təzad təşkil edir hiss etdikləri. Amma bu xətt yaxşıya doğru istiqamət alır. Həmin an fikirlər kordioqram cizgisitək uzanır, enir-qalxır.
Artıq vaxt yetişdi... Ata əli köksündə dalğalanan bayrağa baxaraq sanki nə qədər sevincli olduğunu anlatmaq istəyir. Uzun müddət bu mənzərə gözünün önündə silinməyən xatirələrtək canlanır. O da belə yola salınmışdı Vətən qulluğuna. Artıq onun getdiyi yolu oğlu gedəcək. Onun da övladlarına danışacaq əsgərlik xatirələri olacaq.
Əsgərə torpağı Vətən qədər sevməyi öyrətmişdi valideynləri. Mənzil başına çatdıqda qolları yer üzünü qucaqlayan Günəşə baxdı. Günəşin şəfəqləri əsgərin çilli, bir az da kobud sifəti ilə təmas etdi. Onu günün istisi düşündürmürdü. Ağlında və fikrində yalnız komandirlərinin göstərişlərini qeyd-şərtsiz yerinə yetirib xidməti nümunəvi şəkildə başa vurmaq idi. Bu minvalla çıxmışdı uzun yola. Yol daşlı-kəsəkli, ot-ələfli, cığırsızdır. İz buraxmaq isə sənin vəzifəndi. Bu zaman qanadının biri zədəli şahini düşün. Uça bilmir və sonda məhv olur. Sənin də Vətənə olan sevgin həmin şahinin qanadlarıdır. Eşqin tam və sonsuzdursa, bu yolda sənə ölüm yoxdur.
Vətəni Vətən boyda sevən silah yoldaşın ən müqəddəs ada yüksəldi: Şəhidlik zirvəsinə. Zirvələr fəth edilmək üçündür. Ancaq bu yüksəkliyə qalxmaq hər insana nəsib olmur. Şəhid atası övladının məzarına sarılan bayrağı öpüb, başına qoyur. Udqunmaq heç bu qədər çətin olmamışdı uzun illərdən bəri. Budur, bir damcı yaş süzüldü yorğun gözündən. Lakin cəld silməyə çalışdı. Əlindəki bayrağa baxaraq övladının rəşadətinin böyüklüyünü bir daha anladı. Bayrağın qatını açaraq çiyinləri üzərinə örtdü.
Atanın sevinci cümlələrə sığmırdı. Vətən üçün, millət üçün böyütdüyü övladı onun uğrunda şəhid oldu, torpağa qovuşdu. Açan hər bir çiçək, hər bir ot, ağac şəhidin torpağından xalqına, millətinə ərməğandır.
Biz "Nur" kəlməsini eşitmişik, ancaq necə olduğu haqqında təsəvvürümüz yoxdur. Lakin indi anladıq ki, həmin "Nur" Siz imişsiz - yerin-göyün bizə bəxş etdiyi igid Fədakarlar!..
Ordu.az