Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu “2019-2023-cü illər üçün məhkəmə və hüquq islahatları strategiyası və bundan irəli gələn fəaliyyətlərin proqramının təsdiq edilməsi haqqında” Ermənistan hökumətinin qərar layihəsində bəyan edilib.
1 il ərzində davam edən “keçid ədaləti” termini nəhayət bir neçə gün öncə rəsmi sənədlərdə əks olunub. Ermənistan Ədliyyə Nazirliyinin hüquqi aktlar layihəsinin vahid platformasında “2019-2023-cü illər üçün məhkəmə və hüquq islahatları strategiyası və bundan irəli gələn fəaliyyətlərin proqramının təsdiq edilməsi haqqında” Ermənistan hökumətinin qərar layihəsi ictimai müzakirəyə təqdim edilib.
Yaxın gələcəkdə isə ciddi müzakirələr aparılmaqla keçid ədaləti orqanının yaradılması haqqında qərar qəbul olunmalıdır. Nöqsanların aradan qaldırılması üçün 20 nəfərdən ibarət komissiya yaradılması nəzərdə tutulub. Bu komissiya 1991-ci ildən 2018-ci ilədək Ermənistanda baş vermiş qanun pozuntularının araşdırılması ilə məşğul olacaq.
Keçid ədaləti iş üslubunun tətbiqi ilə insan haqqlarının kütləvi pozulması faktlarının toplanması aşağıda qeyd edilən sahələr üzrə aparılacaq:
a) 1991-ci ildən indiyədək baş tutan bütün seçki prosesləri;
b) 1991-ci ilin sentyabr ayından indiyədək seçkilərdən sonrakı proseslərdə baş verən siyasi təqiblər;
c) Ermənistanda dövlət yaxud ictimai ehtiyaclar üçün əmlakın məcburi özəlləşdirilməsi;
d) Şəxsi əmlakdan məhrumetmə üzrə digər hallar;
e) Qeyri-döyüş şəraitində ölən hərbi qulluqçular.
“Sülh dialoqu” ictimai təşkilatının sədri Edqar Xaçatryanın sözlərinə görə, qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların cinayət işlərinin araşdırılması məsələsi üzrə Ədliyyə Nazirliyinin sənədlərində dəqiq fəaliyyət mexanizmi göstərilməyib. O, hərbi qulluqçuların ölüm faktının araşdırılmasının necə işləyəcəyinin məlum olmadığına təəssüf edib.
Xaçatryan ümid edir ki, keçid ədaləti layihəsi istintaq komitəsinin yaratdığı monitorinq qrupunun, yaxud illərdir qara geyimli əsgər analarına verilən vədlərin taleyini yaşamayacaq.
Komissiya hüquq və ya məhkəmə orqanına bənzər fəaliyyətə malik olmayacaq, o, məhkəmədənkənar müstəqil orqan olacaq. İlkin fəaliyyət müddəti 2 il müəyyən edilib. Zərurət olduğu halda fakt toplama komissiyasının fəaliyyət müddəti uzadıla bilər.
Alpər Mövludoğlu
Ordu.az