DSX-nin silahlanmasında mövcud olan snayper tüfəngləri - HƏRBİ EKSPERT (I YAZI)
Oxunub: 23417
11:02
26 Avqust 2019
Avqustun 14-də Dənizkənarı Milli Parkda Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyinə həsr edilən bayram tədbirində ziyarətçilərə təqdim edilən Dövlət Sərhəd Xidmətinin silahlanmasında mövcud olan snayper tüfəngləri arasında həm Azərbaycan, həm də digər ölkələrin silahları mövcud idi. Çeşid isə kifayət qədər geniş idi.
Onların arasında Azərbaycanın “Yalquzaq”, Xorvatiyanın MACS M4, Böyük Britaniyanın RPA BMF “Rangemaster” .338 LM, “Accuracy International Arctic Warfare” AW-50 və “Accuracy International” AW -308, ABŞ-ın “Remigton 700”, “CheyTac.308”, .375 və .408 çaplı “CheyTac M300 Intervention Carbon Fiber”, Finlandiyanın “Sako” TRG 22, Avstriyanın “Steyr-Mannlicher” SSG 08 və SSG M1 və İsveçrənin OM 50 “Nemesis” snayper tüfəngləri mövcud idi. Bu yazıda barəsində məlumat veriləcək silahlardan bəziləri isə ictimaiyyətə ilk dəfə təqdim edilib.
Azərbaycan
“Yalquzaq”
Sərgidə ilk dəfə nümayiş etdirilən 7.62×51 mm(308 Win) çaplı “Yalquzaq”Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılan və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır.
Çəkisi boş halda 7.1 kq təşkil edən “Yalquzaq” snayper tüfəngi 10 mərmi tutumlu xəzinə ilə dəstləşdirilir və dəqiqədə 10-15 atəş tezliyinə malikdir. Snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.
Snayper tüfəngi baza versiyada və ixraca MSN-in “Alov” zavodunun istehsalı olan STON optik nişangahları ilə birgə təklif olunur. “Yalquzaq”dan optik nişangahla 1000 metrə, mexaniki nişangahla isə 600 metrə qədər məsafədə yerləşən hədəflərə sərrast atəş açmaq mümkündür.
Qeyri-avtomatik (“bolt action”) əl ilə doldurulan iş prinsipinə malik “Yalquzaq” snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93-97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilir. “Yalquzaq”ın hissələri yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanıb. Mütəxəssislərin dəyərləndirmələrinə görə, yaradılması və inkişafı çox diqqətlə və dəqiqliklə həyata keçirilən “Yalquzaq” özünün taktiki-texniki xüsusiyyətlərinə görə, son 10 ildə dünyada öz sinifində populyar olan JNG-90 “Bora-12” (Türkiyə), “Truvelo CMS-7.62” (CAR), CDX Lite, CDX Tac (Kanada), “Orsis T-5000” (Rusiya), “Accuracy International AX308” (İngiltərə), APR 308 (İsveçrə) kimi snayper tüfəngləri ilə rəqabət apara biləcək silahlardandır. Hətta bir neçə göstəricisinə görə adıçəkilən rəqiblərindən üstünlüyə də sahibdir.
“Yalquzaq” snayper tüfəngində atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və yuxarı-aşağı hərəkət edən arxalıq nəzərdə tutulub. Hərəkətdə olarkən, yaxud paraşütlə tullanma zamanı çaxmağın düşməsini düşünərək, əksər snayper tüfənglərində qundağın sağa yığılmasını tətbiq edirlər. Bu da qundaq qatlanılmış halda atəş açmağa maneçilik yaradır. “Yalquzaq”da isə çağmağın zərbədən yerindən çıxıb düşmə imkanı yoxdur və bu səbəbdən silahda qundağın sola qatlanması prinsipi tətbiq olunur ki, bu da istənilən zaman qundağın istənilən vəziyyətində atəş açmağa imkan verir.
“Yalquzaq” həm də “tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilən ilk yerli və milli snayper tüfəngi” titulunun sahibidir.
Snayper tüfəngində təkmilləşdirilən lüləağzı əyləcdən istifadə olunur. Əyləc dəyişən və çoxkameralıdır. Bu müxtəlif əməliyyatlar zamanı fərqli konstruksiyalı əyləclərdən istifadə etmək imkanı qazandırır. Əməliyyat ehtiyaclarına uyğun olaraq “Yalquzaq” həm də müxtəlif ölkələrin istehsalı olan səsboğucu ilə də dəstləşdirilə bilir.
Silahın mühüm özəlliklərindən biri də üzərində optika və müxtəlif aksesuarlarla təmin etmək üçün MİL 1913 NATO standartına uyğun “Pikatinni” tipli tamasaların olmasıdır. MSN müəssisəsində hazırlanan bu tamasalar vasitəsilə silahın üst qisminə və yanlarda müxtəlif aksesuarların əlavə edilməsi imkanları mövcuddur.
ABŞ
“Remington 700”
Sərgidə digər ilk dəfə ictimaiyyətə təqdim edilən və ABŞ-ın “Remington Arms” şirkətinin ən məşhur məhsulu hesab edilən “Remington 700” fərqli mərmilərə uyğun bir neçə versiyada istehsal edilir. Standart 7,62×51 mm NATO (.308 Win) mərmisindən istifadə edilir. 3 və ya 5 mərmi tutumlu xəzinəyə malik silah sürüşən çaxmağa malikdir. Silahın boş kütləsi 3.06 kq, uzunluğu 1055 mm, dəyişən lülələrin uzunluğu isə 558/609/660 mm-dir.
Mərmi tutumu modifikasiyadan asılı olaraq dəyişə bilər. Çaxmaq poladdan hazırlanır və silindrik formadadır. Tüfəngdə fərqli istehsalçılar tərəfindən hazırlanan nişangahlardan istifadə edilir. “Geweht 98” tüfənginə əsasən hazırlanan tüfəngin istehsalına 1962-cı ildə başlanıb. Modelin fərqli modifikasiyaları ABŞ-da .177 “Rem” (4.5 mm), .338 “Lapua Magnum” (8.6 mm) kalibrli snayper, idman və ya ov tüfəngləri kimi istifadə edilir. Silah yüksək keyfiyyətə malikdir.
Shayper tüfənginin 700 SPS, 700 ADL, 700 BDL, 700 CDL, 700 VTR, 700 “Safari”, 700 “MilSpec 5R”, 700 “Tactical Chassis”,700 “Long Range” və polislər üçün 700P və 700P “Light Tactical Rifle” (LTR) modelləri mövcuddur.
Bu silahlarda .308 “Winchester”, .223 “Remington”, .243 “Winchester”, .300 “Winchester Magnum”, .300 “Remington Ultra Magnum”, .338 “Lapua Magnum” mərmilərindən istifadə edilə bilər.
EDGE.308 LKRM
Azərbaycan Dövlət Sərhəd Xidmətinin ilk dəfə ictimaiyyətə təqdim etdiyi silahlardan biri də ABŞ-ın “Defensive EDGE” şirkətinin istehsalı olan “338 Edge” LRKM (Long Range Killer Machine – uzun mənzilli ölüm maşını) snayper tüfəngləridir.
Tək-tək, əllə doldurulan LRKM snayper tüfənginin hazırlanmasına 2007-ci ildə başlanılıb. Silahda şirkətin özü tərəfindən istehsal edilən .338 mm çaplı “Edge” və ya “Lapua Magnum” mərmilərindən istifadə edilir. Lülə, lülə qutusuna sərbəst birləşdirilir. Silahın kütləsinin əsas hüssəsi qundaq tərəfdə cəmləşdirilib. Hədəfin ələ keçirilməsində şaquli stildən istifadə edilir. Silahın zərbə tətik mexanizmi, qundağı, yanağı və ayaqları atıcının bədən ölçülərinə görə tənzimlənir. Geri təpməni azaltmaq üçün böyük və effektiv lülə əyləci tətbiq edilir. Silah müxtəlif hava, relyef və döyüş şəraitlərində istifadə üçün uyğunlaşdırılıb. Bu məqsədlə tüfəngin üzərində “Pikatinni” lövhəsi quraşdırılır. Silahın dəstində yer alan avadanlıqlar onun 100 yard ( 91 metr) məsafədə sıfırlanmasına imkan verir. Silahın qoruyucusu 3 vəziyyətə malikdir. LKRM snayer silahlarını bir neçə rəngdə əldə etmək mümkündür.
“Defensive EDGE” şirkəti 2014-cü ilin aprelindən sonra bu silahların “Terminator” adı ilə istifadə edildiyini bildirir. Silahın yüksək dəqiqliyi onu öz sinifinin liderləri siyahısına daxil olmağa imkan verir.
Silahın standart taktiki-texniki göstəriciləri:
Silahın tam uzunluğu - 43 düyüm (904 mm );
Lülənin uzunluğu - 30 düyüm (637 mm);
Boş kütləsi - 11.8 funt ( 5.35 kq);
Xəzinə tutumu - 3 mərmi;
Effektiv atəş məsafəsi 2500 yarddan (2286 metrdən) çoxdur;
Tətiyə tətbiq edilən qüvvə 1.5- 4 kq səviyyəsində tənzimlənir.
Silahın əlavə avadanlıqlar olmadan qiyməti 5440 dollar dəyərindədir. Əlavə olaraq, ikiayaqlar, “Nightforce” gecəgörmə cihazı, ACI/ACD lazer göstəricisi və s. kimi avadanlıqların quraşdırılması, dəyəri ödənilmək şərti ilə mümkündür.
“CheyTac” M300
İlk dəfə geniş ictimaiyyətə təqdim edilən “CheyTac M300” snayper tüfəngi ABŞ-ın “CheyTac Associates” şirkəti tərəfindən hazırlanıb və uzaq məsafədən düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulur.
Bu silah ailəsinin hazırlanmasında əsas məqsəd imkanlarına görə 12,7 mm (.50) çaplı silahlardan daha üstün, uzaqmənzilli və dəqiq bir snayper tüfənginin əldə edilməsindən ibarət olub. Yeni mərmi ölçü və çəkisinə görə .50 “Browning” (12.7x99) pulemyot mərmisi ilə populyar .338 “Lapua” (8.6x76) mərmisi arasında aralıq mövqe tutur. Bu tüfənglərin dizaynı ABŞ-ın “EDM Arms” şirkətinin yaratdığı .50 çaplı “Windrunner” silahının konstruksiyasına əsaslanır. Bu karbon lifli silah M200 tüfənginin müasir versiyası hesab edilir. “CheyTac”da istifadə olunan alüminium və karbon lifi kimi yüngül materiallar, ona güc, dəqiqlik və çeviklik məsələlərində güzəştə getməməyə imkan verir.
Güllə xüsusi forması və dizaynı sayəsində çox böyük bir ballistik göstəricilər əldə edib və 2000 metrdən artıq məsafədə belə səsdən yüksək sürətini saxlayır. 30% daha yüngül və aşağı təpmə qüvvəsinə malik olmasına baxmayaraq, 700 metrdən çox məsafədə .408 çaplı güllənin enerjisi, eyni məsafədə .50 “Browning” gülləsinin enerjisindən daha yüksəkdir. “CheyTacM300” tüfəngi “NightForce NXS 5.5-22X” nişangahı, .408 “CheyTac” mərmisi, PDA “Casio Cassiopea M70” bazasında hazırlanan xüsusi ballistik kompüteri və ona qoşulan “Kestrel 4000” külək, temperatur və atmosfer təzyiqi sensorları vasitəsilə 2500 metr məsafədən ayaqüstü hədəfləri dəqiqliklə məhv etməyə imkan verir.
Lülənin ağızında OPSINC effektiv ağız əyləci və ya səsboğucu quraşdırıla bilər. Optika quraşdırmaq üçün, standart “Pikatinni” tipli lövhədən istifadə olunur, “Nightforce NXS 5.5-22X” teleskopik nişangahı isə əsas optika hesab olunur. Zəruri hallarda nişangaha AN/PVS-14 gecə görmə modulu və AN/PEQ-2 hədəfləri işıqlandırmaq üçün infraqırmızı lazer əlavə edilə bilər.
Taktiki-Texniki Xüsusiyyətləri:
.408 çaplı M300-ün atəş məsafəsi 2500 metr, lülə uzunluğu 736 mm, çəkisi 21 funtdur (9.5 kq). Xəzinə tutumu 7 ədəd 10.36×77mm ölçülü mərmidən ibarətdir. M300 tüfəngi M200 silahlarının bütün standart xüsusiyyətlərini, dəqiqlik və məsafə yaxşılaşdırılması ilə bərabər qorumaqdadır. Silah müxtəlif aksesuarların montajı üçün “Pikatinni” lövhəsinə, çıxarılan lülə əyləcinə, tam tənzimlənən qundağa, çaxmağa və dəstəyə malikdir. Silahın qiyməti 37000, bir ədəd mərmisi isə 17 dollara yaxındır.
Böyük Britaniya
“Rangemaster”
Bayram tədbirində ziyarətçilərə ilk dəfə təqdim edilən silahlardan biri də Böyük Britaniyanın “Rangemaster” snayper tügəngləri idi. 2001-ci ildə nisbətən kiçik şirkət olan “RPA International Ltd.” özünün “Rangemaster RPA” olaraq adlandırdığı və polis dəstələri üçün nəzərdə tutulan ilk 7.62 x 51 mm-lik NATO kalibrli tüfəngini inkişaf etdirdi.
2004-cü ildə “RPA Rangemaster” bazasında şəhər mühitində istifadə və qısa məsafələrə atəş açmaq üçün onun sələfindən yalnız qısa bir lülə ilə fərqlənən “RPA Rangemaster” 7.62 STBY modifikasiyası hazırlandı. Eyni zamanda, onun uzun lüləsi ilə fərqlənən uzaqmənzilli RPA “Rangemaster.338.” adlanan modifikasiyası da buraxıldı.
Yeni tüfəng .338 “Lapua Magnum” çaplı mərmilərdən istifadə üçün hazırlandı. 2005-ci ildə bu silahın .50 “Brauning” mərmisindən (12.7x99 mm) atəş aça bilən RPA “Rangemaster .50” anti-material versiyası ortaya çıxdı. RPA “Rangemaster” .50 tüfəngi “maddi” hədəflərə, snayper əleyhinə mübarizə və uzaq məsafələrdə dəqiq snayper atəşi aparmaq üçün hazırlanıb. “Rangemaster” seriyasının bütün snayper tüfəngləri eyni sxemlə hazırlanır və bir-birindən yalnız ölçü və çəkisi ilə fərqlənirlər. “RPA Rangemaster” ailəsi əl ilə doldurulur, yenidən doldurulma üçün uzununa sürüşən və dönən çaxmaqdan istifadə edilir. Tətik mexanizmi tənzimlənir. Atəş isə xəbərdarlıq ilə iki mərhələdə baş verir.
Lülə sürətli soyutma məqsədi ilə güclü bir lülə kompensatoru ilə təchiz edilir. Zərurət yarandıqda səsboğucudan istifadə edilə bilər. Tüfəngin çaxmaq və lüləsi bu silahı yağlanmadan sərt şəraitdə istifadə etməyə imkan verən xüsusi boya ilə örtülür. Orijinal dizaynın lülə qutusu poladdan hazırlanır. Onun üzərində yerləşən “Pikatinni” lövhəsinə gündüz və ya gecə optik nişangahlar quraşdırılır.
.338 “Lapua Magnum” mərmilərindən istifadə edən RPA “Rangemaster” snayper tüfəngləri sursat tutumu 5 (“Rangemaster” .338 və “Rangemaster” .50) və 10 ədəd (“Rangemaster” 7.62 və “Rangemaster” 7.62 STBY) mərmi tutumlu xəzinələrdən istifadə edir. Silah əllə, sürşən və dönən çaxmaqla tək-tək doldurma prinsipi ilə çalışır. Snayper tüfənginin effektiv atış məsafəsi 1500 metrdən çoxdur. Silahın ümumi uzunluğu 1310 mm, lülə uzunluğu 711 mm, kütləsi isə 8.6 kq təşkil edir.
Tüfəngdə əsasən kompozit materiallardan istifadə olunur. Tüfənglər tapança dəstəyi, ikiayaqlı dayaq, sol tərəfdə qatlanan və tənzimlənən qundaq ilə təchiz olunur. Bütün tüfənglər xüsusi konteynerlərdə və ya örtükdə daşınır.
“Accuracy International Arctic Warfare” .308 LM
“Accuracy International” Böyük Britaniyanın 1985-ci ildən bəri bazarda mövcud olan yüksək səviyyəli snayper tüfənglərinin ingilis istehsalçısıdır. Bu silah ailəsi dünyada kifayət qədər tanınıb və onun barəsində mətbuatda, o cümlədən Ordu.az vasitəsilə məlumatlar oxucuların nəzərinə çatdırılıb.
1996-cı ildən isə şirkət snayper tüfənglərini .243 “Win”, 7.62x51mm NATO, .300 “Win Mag”, .338 “Lapua Mag” və .50 BMG. mərmilərindən atəş açmaq üçün müxtəlif versiyalarda istehsal edir. DSX-nin silahlanmasında mövcud olan “Accuracy International” AW -308 və “Accuracy International Arctic Warfare” AW-50 tüfəngləri konstruksiya baxımından bir-birinə bənzəsələr də təyinatları tam fərqlidir.
“Arctic Warfare” .308 LM snayper tüfəngi .338 mərmisindən (8.6x70 mm) və ya 7.62×51mm NATO mərmisindən istifadə edə bilər. Daxili bazara 2007-ci ildən L115A3 adı ilə çıxarılır. Bu silahdan ingilis ordusu, Kral HDQ və HHQ-si istifadə edir. Onun təyinatı digər iriçaplı snayperlərdən fərqlənmir. Tüfəng sələfi L115A1 ilə müqayisədə yaxşılaşdırılaraq, təkmilləşdirilən nişangaha, tənzimlənən qundağa, fərqli ayaqlara və səsboğucuya sahib olub. Bu snayper tüfənglərindən əsasən İraq və Əfqanıstandakı müharibələr zamanı istifadə edilib.
Güclü çaxmağa malik “Arctic Warfare” .308 LM snayper tüfənginin uzaq məsafələrə dəqiq atəş açmaq üçün nəzərdə tutulan, lakin əhəmiyyətli dərəcədə az kinetik enerjiyə və nüfuzetməyə malik .338 “Lapua Magnum” mərmisindən istifadə etməsi, onun effektiv atəş məsafəsinin .50 BMG (12.7 x 99 mm NATO) mərmisi ilə müqayisə olunmasına imkan verir.
Bəzi hallarda, .338 “Lapua Magnum” gülləsi zirehli şüşəyə nüfuz edə bilir. Ən yüksək böyütməyə malik nişangaha sahib olan tüfəng 1500-1700 metrə qədər effektiv atəş məsafəsinə malikdir. Bu isə ondan uzaq məsafədə rəqib snayperlərini neytrallaşdırmaq məqsədilə istifadəyə də imkan verir. 2009-cu ildə ingilis ordusunun snayperi Craig Harrison Əfqanıstanda 2475 metr rekord məsafədə hədəfi məhz bu tüfənglə məhv edərək adını tarixə yazdırdı. Ümumiyətlə bu ailənin üzvləri dünyanın ən yaxşı snayper tüfənglərindən hesab edilir.
Tüfəngdə çıxarıla bilən 5 mərmili xəzinədən istifadə edilir və qatlanan qundağa malikdir, bu isə onun kürək çantasında daşınmasına imkan verir. Sələfindən fərqi tənzimlənən yanaqlığıdır. Bu, snayperin hədəfi nişan alarkən gözlərini rahatlıqla uyğunlaşdırmasına imkan verir.
“Arctic Warfare” .308 LM snayper tüfəngi yeni tənzimlənən ayaqlara malikdir. Bu isə hədəfin yerini təyin etdikdən sonra snayperə tüfəngini istədiyi istiqamətdə uzun müddət saxlamağa imkan verir. Bu silah da “Pikatinni” lövhəsinə malikdir və 5-25 dəfə böyütməyə malik nişangahla birlikdə istehsal edilir. Tüfəngə səsboğucu da quraşdırıla bilir.
“Accuracy International Arctic Warfare” AW-50
Eyni şirkətin çox yaxşı qiymətləndirilən AW50 (Arctic Warfare .50) anti-material tüfəngi daha əvvəl ictimaiyyətə təqdim edilib. Tüfəng uzaq məsafəyə snayper və anti-material hədəflərə qarşı istifadə üçün nəzərdə tutulur. 2000-ci ildə silahlanmaya qəbul edilən anti-material snayper tüfəngindən Böyük Britaniya, Azərbaycan, Avstraliya, Almaniya, İrlandiya, Koreya Respublikası, Tailand və Portuqaliya Silahlı Qüvvələri istifadə edir.
Bu tüfənglərin iş prinsipi, sürüşən və dönən çaxmaq vasitəsilə əllə doldurulma prinsipinə əsaslanır. Sursat ayrıla bilən xəzinədən təmin edilir. Tüfəng alüminium lehimli çaxmaq çərçivəsinə, tam tənzimlənən və yana qatlanan qundağa, uzadıla bilən dayaqlara, polad lüləyə və lülə qutusuna malikdir.
Gündüz və ya gecə atəşləri üçün lülə qutusu üzərində yerləşdirilən ayrılmaz “Pikatinni” lövhəsinə müxtəlif nişangahlar və avadanlıqlar quraşdırılır. Lülə isə lülə qutusuna sərbəst birləşdirilir. Qoruyucu iki təhlükəsizlik səviyyəsinə malikdir.
Tüfəngin dayaqlarla mərmisiz kütləsi 15 kq, uzunluğu 1420 mm, lülə uzunluğu 686 mm, mərmisi 12.7×99 mm NATO, çapı 12.7 mm, atəş məsafəsi 2000 m, xəzinə tutumu 5 mərmidən ibarətdir. Sabit 10 qat və ya 3-12 (4-16 da ola bilər) qat dəyişkən böyütməyə malik optik nişangahdan istifadə edilir.
Avstriya
“Steyr-Mannlicher” SSG 08
İctimaiyyət üçün digər bir yenilik Avstriyanın “Steyr-Mannlicher” AG tərəfindən hazırlanan və ilk dəfə 2008-ci ildə nümayiş etdirilən SSG-08 tüfəngi oldu. 338 “Lapua Magnum” çaplı tüfəng SSG 04 snayper tüfənginin bazasında hazırlanıb və 2010-cu ilin may ayında ABŞ-da Milli Tüfəng Birliyinin Simpoziumu sərgisində təqdim edilib. Yeni SSG 08 tüfənginin hazırlanmasında Avstriya polisinin COBRA xüsusi təyinatlı bölməsindən olan mütəxəssislərin də köməyindən istifadə edilib. Bu tüfəng sələfi SSG 04-dən alüminium yanaqlılığı, yana qatlanan, tənzimlənən qundağı və nəticədə bir qədər daha ağır kütləsi ilə fərqlənir.
Silahın bütün metal səthləri korroziyaya və ciddi mexaniki zərərlərə qarşı tüfəngin qorunmasını təmin edən “Mannox®” patentləşdirilən texnologiyasından istifadə olunmaqla cilalanıb. Tətik mexanizmi tənzimlənə bilir, tətbiq edilən qüvvə 1 ilə 2 kq arasında dəyişir.
“Versa-Pod” şirkətinin qatlanan tənzimlənən teleskopik ayaqları ön hissədə quraşdırılır. Tüfəngin digər bir xüsusiyyəti SBS təhlükəsizlik sisteminə uyğun olan 3 mövqeli fərqli qoruyucuya malik olmasıdır.
Qoruyucunun “təhlükəsiz” vəziyyətində, silah təhlükəsiz şəkildə yüklənə və ya boşaldıla bilər: tətik təsadüfi atəşin qarşısını almaq üçün kilidlənir.
Silahı “atəş” mövqeyinə keçirmək üçün qoruyucunu irəli hərəkət etdirmək lazımdır. Bu hərəkət heç bir səslə müşayiət edilmir.
“Blok” mövqeyində qoruyucunun istənilmədən başqa bir vəziyyətə keçməsi istisnadır. Bu vəziyyətdə tətik və çaxmaq kilidlənir.
Silahda atıcının təhlükəsizliyi üçün ən yüksək standartlar tətbiq edilib. “Steyr” SSG 08 silah mütəxəssisləri arasında yüksək dəqiqliyə və təhlükəsizliyə malik rahat və etibarlı bir silah kimi qəbul edilir. Bunu onun istifadəçiləri arasında olan dövlətlərin geniş siyahısı və onların silahlara qarşı irəli sürdükləri ciddi texniki tələblər də sübut edir.
Tüfəngin lüləsi dəyişkən soyuq döymə üsulu ilə sərtləşdirilən poladdan hazırlanır. Lülə 3 kameralı ağız əyləci ilə təchiz edilir. Tətik mexanizminin dizaynı tənzimlənməyə imkan verir. Sursatla qidalanma ayrılan xəzinə ilə təmin edilir. Optik və gecə nişangahlarının quraşdırılması üçün lülə qutusu üzərində “Pikatinni” lövhəsi yerləşdirilir. Tüfənglər mexaniki nişangaha malik deyil.
Taktiki-Texniki Xüsusiyyətləri:
Çapı - 7.62×51 mm (.308 “Winchester”), 7.62×63B mm (.300 “Win Mag”), 6.2×52 mm (.243 “Winchester”), 8,6×70 mm (.338 LM);
Silahın uzunluğu - 1182 mm (600 mm lülə ilə)/1090 mm (508 mm lülə ilə)/1272 mm (690 mm lülə ilə);
Qatlanan qundaq ilə uzunluğu - 960 mm (600 mm lülə ilə)/868 mm (508 mm lülə ilə)/1052 (690 mm lülə ilə);
Lülə uzunluğu - 600 mm (.243 və .300 mərmiləri üçün)/600 mm və ya 508 mm (.308 mərmilər üçün)/690 mm (.338 LM üçün);
Mərmisiz kütləsi - 6.2 kq (.243 və .308 çaplar üçün)/6.4 kq (.300 çap üçün)/6.6 .338 çap üçün);
Xəzinə tutumu - 10 ədəd (.243 və .308 mərmilər üçün)/8 ədəd (.300 mərmi üçün)/6 ədəd (.338 LM üçün).
SSG 08 tüfənglərinin .338 LM mərmiləri ilə effektiv atəş məsafəsi 1500 metrdən az deyil. “Steyr-Mannlicher” SSG 08 tüfəngi standart “Schmidt & Bender” PM 11 teleskopik nişangahı ilə təchiz edilir.
SSG M1
İlk dəfə təqdim edilən SSG M1 snayper tüfəngi ilk dəfə 2018-ci ilin mart ayında “Enforce Tac” sərgisində nümayiş etdirilib. Məhz bu silahın DSX tərəfindən son əldə edilən snayper tüfəngi olduğu ehtimal olunur. Bu tüfəng əl ilə yenidən doldurulur və fırlanan çaxmaqla kilidləmə mexanizminə malikdir. Əslində eyni istehsalçıya aid bu silahı SSG 08 snayper tüfənginin müasir versiyası da adlandırmaq olar.
Dörd fərqli çapda istehsal olunan sələfi SSG 08-dən fərqli olaraq, avstriyalılar bu dəfə ən çox tələb olunan iki çapa - .308 “Win” (7.62 × 51 mm) və .338 “Lapua Magnum”a (8.6 × 70 mm) üstünlük verdilər. Birincisi, kütləvi istifadə üçün daha ucuz və qısa məsafələr, ikincisi isə 1500 m-ə qədər orta məsafələr üçün nəzərdə tutulur, lakin sonuncu daha dəqiq və daha bahalıdır. Əlbəttə ki, modulluğu nəzərə alaraq, bir mərmidən digərinə keçid üçün zəruri komponentlər dəyişdirilir.
.308 “Win” mərmi üçün müxtəlif uzunluqlu 508 mm və 635 mm, .338 “Lapua Magnum” üçün 690 mm uzunluğunda lülə istehsal olunur. Lülə soyuq döymə üsulu ilə hazırlanır və sərbəst yerləşdirilir. Lülə qutusu, lülə yatağı, qundaq və yanaq alüminium ərintisindən hazırlanır. Lülə qutusu üstündə “Pikatinni” lövhəsi (MIL-STD-1913) ilə birgə istehsal edilir. Silah universal montaj interfeysi -
“KeyMod” ilə təchiz edilir. Üfiqi və şaquli istiqamətdə geniş tənzimləmə diapazonuna malik qundaq sağ tərəfə qatlanır.
Boş çəkisi 320 q olan SSG M1 tüfənginin metal xəzinəsi, iki cərgədə 10 mərmi tutur. Zərbə tətik mexanizmi 2 mövqeyə malikdir və tənzimlənir.
Dəyişən yastıqları olan tapança dəstəyində müasir tapançaların uyğunlaşma praktikasını kopyalayan bir formaya malikdir.
Tüfəng “Ase-Utra” (Finlandiya) ağız əyləci və taktiki səsboğucusu, həmçinin “Kahles” 6-24x56 K624i optik nişangahı, “Aimpoint Micro” T-1 kollimatoru (İsveç) və ABŞ-ın “B&T Industries” MMC-dən “Atlas” (İsveçrənin B&T AG məhsulu ilə qarışdırmayın) ikiayaqları ilə təchiz olunur.
Tüfəngin müxtəlif versiyalarda uzunluğu:
338 “Lapua Magnum” (8.6x70 mm);
690 mm lülə və açıq qundaq ilə - 1280 mm;
690 mm lülə və qatlanan qundaq ilə - 1080 mm.
7.62x51 NATO:
635 mm lülə və açıq qundaq ilə - 1225 mm;
635 mm lülə və qatlanan qundaq ilə - 1025 mm;
508 mm lülə və açıq qundaq ilə - 1098 mm;
508 mm lülə və qatlanan qundaq - 898 mm.
Müxtəlif versiyalarda boş bir xəzinə ilə tüfəngin kütləsi:
690 mm lülə ilə - 6.82 kq;
635 mm lülə ilə - 6.50 kq;
508 mmlülə ilə - 6.32 kq.
.338 “Lapua Magnum” mərmili tüfəngin optika və dolu xəzinə ilə kütləsi 9.25 kq-dır.
Yeni “Steyr” SSG M1 tüfənginin əsas rəqibi, 2018-ci ilin digər bir yeni məhsulu olan, Finlandiya istehsalı TRG 22 tüfəngləri hesab edilir.
(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev Ordu.az