Ordu.az xəbər verir ki, bu sözləri pilotun qayınatası Qabil Hüseynli deyib.
“Pilotumuz Rəşad Atakişiyevin nəşi tapılıb. Bundan öncə bədəninin müəyyən hissələri tapılmışdı. Əvvəlki axtarışlarda ayaq hissələrindən qalıqlar tapılmışdı. Bu dəfə isə pilot oturacağı, bədənin digər hissələri də tapılıb. Tapılan bütün bədən hissələri analiz olunmaq üçün Patoloji və Anatomiya Birliyinə aparılacaq. Analizlərin uyğun gəlmə ehtimalı yüksəkdir. Çünki bədən hissələri ilə birgə tapılan pilot oturacağı onun olub. Onun meyiti Təzə Pir məscidində yuyulacaq və sabah səhər 9-da Yeni Yasamal, Dadaş Bünyadzadə 2 küçəsində vida mərasimi keçiriləcək. Vida mərasiminin rəsmi hissəsi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ("Salyanski" kazarma) binasında baş tutacaq", - deyə politoloq bildirib.
Daha sonra pilotumuz 2-ci Fəxri Xiyabanda hərbi mərasimlə dəfn ediləcək.
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Ordu.az