Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar “N” hərbi hissəsində də tədbir keçirilib.
Digər tədbirlər kimi bu tədbir də həm dövlətçilik tariximizə, həm də Ulu Öndərin rəhbərlik fenomeninə sayğı deməkdir.

“N” hərbi hissəsində keçirilən tədbiri hərbçilərlə ictimaiyyətin münasibətlərinin birgəliyi adlandırmaq olar. Millət vəkili Naqif Həmzəyev çıxış edərək Ulu Öndərin azərbaycançılıq ideologiyasını dövlət siyasəti səviyyəsində formalaşdırmasından, Azərbaycanın gələcəyi naminə gördüyü möhtəşəm işlərdən, bu baxımdan, ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən, istər ordunun şəxsi heyətinin, istərsə də əhalinin qələbə inamını kükrədən Horadiz əməliyyatından danışdı. Gəncə Dövlət Universitetinin dosenti Hüseyn Bəxtiyarov da dahi tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə xidmətlərindən söz açıb.
Polkovnik-leytenant Vüqar İsfəndiyarov son illərdə ordu quruculuğunda həyata keçirilən irimiqyaslı islahatların Ulu Öndərin siyasi kursunun davamı olduğunu qeyd edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda daha böyük nailiyyətlər qazanılacağına əminliyini bildirib.
Mayor Fəxrəddin Əhmədov Azərbaycan Ordusunun gücündən söz açaraq 2016-cı ilin Aprel zəfərindən, 2018-ci ildə keçirilən Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlardan danışıb. O qeyd edib ki, bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Gəncə Mərkəzləşdirilmiş Kitabxana sisteminin əməkdaşı Elnarə Hüseynova çıxışında Ulu Öndərin həyat və fəaliyyətinin bədii ədəbiyyatda öz əksini yüksək səviyyədə tapdığından danışıb.
Sonda Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkil etdiyi kitab sərgisi olub.
Ordu.az