"Bizə qarşı təhdid mövqeyində olan ölkələr varsa, biz də onlara qarşı müdafiəmizi qurmaq məcburiyyətindəyik".
Ordu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Habertürk” telekanalında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, S-400-ləri almaqla Türkiyə müharibəyə hazırlaşmır və bu sistemin alınması ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulub.
Türkiyə prezidenti S-400 sistemləri üzərində nəzarətin tamamilə Türkiyə Silahlı Qüvvələrinin öhdəliyində olacağını da vurğulayıb. Daha sonrakı mərhələdə ortaq istehsal və S-500-lərlə bağlı Rusiya ilə yeni bir saziş imzalanacağının gözləndiyini də qeyd edib.
O, həmçinin S-400 müqaviləsi ilə əlaqədar rəsmi Vaşinqtonun F-35 döyüş təyyarələri ilə Türkiyəni təmin etməsindən imtina edib-etməyəcəyi məsələsinə də toxunub.
"F-35-lər üçün bu günə qədər 1,4 milyard dollar ödənilib. Bu sadə bir məsələ deyil. Türkiyə F-35 proqramından çıxarılarsa, onlar ödənilən məbləği qaytarmaq məcburiyyətində qalacaqlar" - deyə Ərdoğan xatırladıb.
Sevinc Əliyeva
Ordu.az