Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Modus Vivendi” mərkəzinin direktoru Ara Papayan deyib.
Onun sözlərinə görə, İrəvan şəhərindən cəmi 50-60 km məsafədə belə bir təlimin keçirilməsi təbii ki, ciddi təşviş yaradır.

“Bu çox təhlükəlidir, ona görə ki, təlimlər ehtimal edilən müharibə vaxtı Naxçıvan cəbhəsinin də açılacağını göstərir. Bunu deməyə o əsas verir ki, Azərbaycan Naxçıvan sərhəddində öz mövqelərini irəli çəkib. Azərbaycanın mövqelərini irəli çəkməsi Yerasx-Vayk magistralının heç olmasa bir hissəsini birbaşa atəş altında saxlamağa imkan verir.
Əgər Qarabağ müharibəsi baş verərsə, Azərbaycan tərəfi Naxçıvan və Tavuş istiqamətindən 2 alt cəbhə yaratmağa çalışacaq. Bununla da, erməni tərəfinə Qarabağ cəbhəsində cəmləşməyə imkan verməyəcəklər, çünki paytaxtı qoruma təhlükəsi yaranacaq”, - deyə erməni ekspert qeyd edib.
Türkiyə tərəfindən Rusiyaya qarşı güc nümayiş etdirildiyi barədə fikirlərə gəldikdə isə Papyan Türkiyənin belə bir probleminin olduğuna inanmadığını qeyd edib: “Bu, iki dövlət arasında çox gözəl münasibət var. Türkiyə Rusiya tərəfi ilə razılaşdırmadan Naxçıvana bu qədər qoşun yeridə bilməzdi. Hər iki dövlət Moskva razılaşması ilə Naxçıvan barədə razılaşıblar. Rusiya tərəfi bu yolla ermənilərin gözünü qorxutmaq istəyir. Rusiya bildirmək istəyir ki, ermənilər onları qəbul etmədiyi və sevmədiyi bir halda necə bir təhlükəylə qarşılaşa bilərlər. Rusiya türk yatağı və rus çəkməsi arasında seçim etməyi təklif edir. Bu əsrlər boyu davam edən siyasətin növbəti təzahürüdür”.
O, Naxçıvan sərhəddində Azərbaycan hərbi texnikasının yerləşdirilməsinin hazırda daha fəal mərhələyə keçməsi barədə fikirlərə münasibət bildirərkən qeyd edib ki, Azərbaycanın nəzərdə tutulandan daha çox sayda hərbi texnikası var.
“Ciddi silah alınmasına 2000-ci illərdən başlanıb. Həmin dövrdə kəskin maliyyə vəsaitinə sahib olduğu bildirilir. Fəallığın digər səbəbi bundan ibarətdir ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan dərk edib ki, 1 cəbhə ilə məsələni həll etmək mümkün deyil. Qarabağ cəbhəsi müdafiə üçün bir neçə eşalonlarla möhkəmləndirilmiş zonadır. Qarabağ cəbhəsinin eşalonlarla möhkəmləndirilməsinə səbəb döyüşlərin olacağının gözlənilməsidir. Ancaq Naxçıvan cəbhəsində belə bir gözlənti yoxdur.
Bizim ehtimalımız ondan ibarətdir ki, Azərbaycan Ermənistana qarşı geniş müharibəyə başlamayacaq. Lakin bu yalnız ehtimaldır. Tavuş və Naxçıvan istiqamətində bizim mövqelərimiz daha zəifdir. Qarabağ cəbhəsində olduğu kimi səngər və ərazilər yoxdur. Yadda saxlayın ki, Qarabağa doğru bizim cəmi 2 yolumuz var. Biri Vayots-Dzor vasitəsilə Gorusdan keçməklə Xankəndinə gedən Yerasx yaşayış məntəqəsindən, digəri isə şimal istiqamətindəndir. Əgər Azərbaycan bu istiqamətləri bombalayarsa, yalnız şimal yolu qalacaq”, - deyə Papyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az