Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda hərbi xidmətdən yayınmağa görə, 2017-ci ildə azadlıqdan məhrum edilmiş erməni hərbi qulluqçu 2018-ci il noyabrın 21-də R.D Apelyasiya məhkəməsi tərəfindən bəraət alıb.
Erməni hərbi qulluqçunun hüquqlarının müdafiə edilməsi üçün Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi iş yükünün çox olmasına görə vəkillər palatasından vəkil Robert Revazyanı cəlb edib.
Qeyd edək ki, erməni hərbi qulluqçusuna qarşı 2016-cı il fevralın 23-ü cinayət işi açılıb. Cinayət tərkibi olmadığına görə, qısa müddətdən sonra cinayət işinə xitam verilib.
Daha sonra Ermənistanın Baş prokuroru Artak Davtyanın göstərişi ilə 2017-ci il fevralın 27-də cinayət işi yenidən açılıb. Nəticədə 2017-ci il avqustun 10-da İrəvan məhkəməsi 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası barədə hökm verib.
Məhkəmənin işi araşdırarkən mövcud şahid ifadələrinə, bunlar arasındakı ziddiyyətlərə və digər məqamlara vaxt ayırmadan səhvlərə yol verərək hökm verdiyi bildirilir.
HVAVO tərəfindən yuxarı istansiya məhkəməsinə verilən şikayət ərizəsinə Apelyasiya məhkəməsi tərəfindən 1 il sonra baxılaraq, 2018-ci il noyabrın 21-də bir öncəki məhkəmə qərarını ləğv etməklə, məhkum edilmiş hərbi qulluqçuya bəraət verilib.
Alpər Mövludoğlu
Ordu.az