Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, Dövlət himnimiz səsləndirilib.
Tədbiri giriş sözü ilə açan polkovnik Elşad Pənahov yarış iştirakçılarına uğurlar arzulayıb. Zabit, həmçinin bildirdi ki, hər bir azərbaycanlı öz tarixini bilməli və adlarını tarixə yazan həmyerlilərimiz barədə məlumatlı olmalıdır. Gənclərin bizim gələcəyimiz olduğunu deyən zabit, ordu sıralarında xidmət edən əsgərlərimizin yüksək bilik və bacarığa malik olmasının vacibliyini vurğulayıb.
Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi Gülxar Məmmədova keçirilən viktorinanın ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gülxar Məmmədova təşkil olunan bilik yarışının əsas məqsədindən danışaraq qeyd edib ki, bu cür viktorinalar gənclərimizin intellektual səviyyəsinin və mənəvi-psixoloji ruhunun yüksəlməsində mühüm rol oynayır.
Münsiflər heyəti çıxışını bitirdikdən sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında hərbi qulluqçular öz güclərini sınayıblar.
Qeyd edək ki, viktorinanın final mərhələsi mayın 10-da Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində keçiriləcək.
Ordu.az