Ermənistan MN-dən oğurlanan pulların aşkarlanmasında FTB yardım edib

2019/03/5bf6f-1551521806.jpg
Oxunub: 24219     14:14     02 Mart 2019    
ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Ermənistan istintaq orqanlarına 2013-cü ildə Müdafiə Nazirliyində maliyyə vəsaitinin mənimsənilməsi araşdırılmasına kömək edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq komitəsi “Sputnik Armenia” agentliyinin sorğusuna cavabında bildirib.

Fevralın 19-da Ermənistan İstintaq Komitəsinin rəhbəri Hayk Qriqoryan FTB-nin Regional Büro üzrə hüquqi attaşesinin köməkçisi Metyu Boydenə bir neçə yüz min dollar oğurluqla bağlı işin açılmasında kömək etdiklərinə görə təşəkkür edib.

“Sputnik Armenia” hansı cinayət işindən söhbət getdiyinə dair istintaq komitəsinə müraciət edib. Cavab olaraq qurumun mətbuat xidmətindən bildirilib ki, söhbət “Er Ar-Ay Si Ti” şirkətinin rəhbəri Aşot Sarkisyanın 2013-cü ildə Ermənistan MN ilə birlikdə silahlı qüvvələrin operativ idarəedilməsi və vəziyyətə nəzarət mərkəzinin videogörüntü sisteminin yaradılması üçün 485831789 dram dəyərində müqavilə imzalaması və 186136615 dram dəyərində mənimsəmə faktından gedir. Belə bir avadanlığın Ermənistanda olmaması fürsətindən istifadə edərək, şişirdilmiş qiymətlər təqdim etməklə 186 milyon dram (455 min dollar) mənimsənilib.

Araşdırma çərçivəsində bir sıra bank hesablarına həbs qoyulub. Qeyd edilən əmlak Çin, ABŞ, Estoniya, Gürcüstan şirkətlərindən əldə edilib. Bu iş üzrə indiyədək son qərar verilməyib. Təqsirləndirilən şəxsin sağlamlığı baxımından 2016-cı ildən bu yana məhkəmə prosesləri təxirə salınır. Sarkisyan özü isə 2 milyon dram girov müqabilində azadlığa buraxılıb.

Maraqlıdır ki, onun azadlığa buraxılması üçün keçən dönəm Ermənistan parlamentinin 7 deputatı zamin durub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   FTB  


Bizi "telegram"da izləyin