Ölkəmizdəki xarici səfirlər Ağdamda olublar - FOTOLAR

2019/02/53265-6205418144.jpg
Oxunub: 29132     15:32     28 Fevral 2019    
Xarici ölkələrin ölkəmizdəki səfirlik və konsulluqlarının nümayəndələri təmas xəttində yerləşən Ağdam rayonunda səfər ediblər.

Ordu.az xəbər verir ki, 60-dan çox səfirlik bu tədbirdə iştirak edib. Səfirlərin regiona səfəri Ağdamın iqtisadi inkişafıyla tanış olmaq məqsədilə təşkil edilib.


Prezident Administrasiyasının Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi səfər çərçivəsində xarici diplomatlar Ağdamın giriş hissəsindəki bayraq muzeyində olublar. Daha sonra 25 ildən sonra yenidən fəaliyyətə başlayan Ağdam Xalça fabrikinə baş çəkiblər.


Diplomatlar Qarabağ atçılıq zavodunda da olublar. Xarici qonaqlara Qarabağ atlarının bəslənmə şəraiti və onların artırıllması istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra Qarabağ atlarının hərəkətlərinə baxış keçirilib.

Türkiyə və İsrailin Azərbaycandakı səfirləri Qarabağ atları ilə bağlı fikirlərini dilə gətiriblər:


“Qarabağ atları çox gözəl atlardır. Kaş ki, vətənlərində azad şəkildə qaça biləydilər. İnşallah o günlər də gələcək. Bu atların qorunub-saxlanması və nəsillərinin davam etdirilməsi, çox mühüm və çox gözəldir. Qarabağ, Azərbaycan torpaqlarına aid olan bu atlar, ən keyfiyyətli, ən dayanıqlı və ən dözümlü atlarıdır”, - deyə Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.


“Mənim üçün böyük bir şərəfdir ki, biz bu gün burda, Ağdamdayıq. Burada bir daha Azərbaycanın qədim ənənələrinin, qonaqpərvərliyinin şahidi oldum. Nəzərə alaq ki, Qarabağ atları mədəni irsin bir hissəsidir. Burada atlara necə qulluq edildiyini görəndə, çox sevindim”, - deyə İsraildən olan səfir Dan Stav vurğulayıb.

Qonaqlara rayon ərazisinin - Ağdam şəhəri, bir qəsəbə və 82 kənd, ümumilikdə 77,4 faizinin 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilərək dağıdılması barədə məlumat verilib və savaş vaxtlarında Ağdamın 5 mindən çox sakinin şəhid olduğu diqqətə çatdırılıb.



Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin