Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci il iyunun 13-də Ermənistan Dövlət Gəlirləri komitəsinin istintaq idarəsi Müdafiə Nazirliyində ciddi mənimsəmə faktlarının aşkarlanması barədə məlumat yayıb.
Rəsmi məlumata əsasən, Ermənistan MN-də 2014-2017-ci illər ərzində satınalmalar və ordu quruculuğu sahələrində mövcud mənimsəmə işləri üzrə MN-in əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin texniki-istehsal şöbəsinin sabiq rəisi Qriqor Barseğyana qarşı ittiham irəli sürülüb.
O, rəsmi səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda dələduzluq, xüsusilə külli miqdarda rüşvət alma, sənəd saxtalaşdırmada ittiham edilib. MN-in əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan isə xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, rəsmi səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənəd saxtalaşdırmada ittiham edilir.
Bu qalmaqallı işlə əlaqədar bəzi detallar məlum olub. Serj Sarkisyan bu iş barədə MN-də rəsmi görüşü zamanı məlumat alıb. Sarkisyan MN-ə həmin səfəri zamanı sabiq Müdafiə naziri Viqen Sarkisyanın iştirakında Aşot Qriqoryanla söhbət edib. O, Viqen Sarkisyanın da bu proses barədə məlumatlı olduğunu deyib.
Aşot Qriqoryan qeyd edib ki, baş verənlərlə onun heç bir əlaqəsi yoxdur, bütün bunları onun müavini həyata keçirib. Bu barədə cinayət işinin açılması haqqında 2018-ci ilin iyun ayında məlumat verilib. Baxmayaraq ki, 8 aydır istintaq gedir, cinayət işinin araşdırılmasının hansı mərhələdə olması barədə hər hansı bir informasiya yoxdur.
Alpər Mövludoğlu
Ordu.az