İstər döyüş vaxtı, istərsə də atəşkəs dövründə əsgərin öz xidmətini layiqincə davam etdirməsi üçün təbii ki, sağlam olması əsas şərtdir. Bəs son zamanlar inkişafda olan ordumuzda əsgərlərə göstərilən tibbi xidmətin səviyyəsinin artırılması üçün hansı işlər görülüb və nə kimi yeniliklərimiz var?
Ordu.az-ın bu suallarını “N” saylı hərbi hissə komandirinin tibbi hissə üzrə müavini, tibb xidməti mayoru Xanış Mərdiyev cavablandırıb.
- Hərbi hospitalarda əsgərlərin sağlamlığının qorunması üçün yaradılan şəraitlə bağlı məlumat verməyinizi xahiş edirəm.
- Onu deyə bilərəm ki, son illərdə ordunun inkişafına ayrılan diqqət elə tibbi sahənin inkişafına da öz təsirini göstərib. Mən uzun illərdir ki, hərbi sahədə tibbi xidmətin göstərilməsilə məşğulam. Əvvəlki illərdən fərqli olaraq bu, son bir neçə ildə ümumiyyətlə hospitala müraciət edən əsgərlərin sayında kəskin azalma müşahidə etmişəm. Bu da təbii ki, əsgərlər üçün yaradılan şəraitin nəticəsidir.
- Azalmanın olması olduqca sevindirici haldır. Bəs buna necə nail olunub?

- Burda əsas, xəstələrə göstərilən diqqət və qayğı, onların məişət şəraitinin yaxşılaşdırılmasıdır. Lakin adi, elementar bir xəstəliyin tez baş qaldırması üçün şəraitsizlik və qidalanmanın zəif olması belə hallara kifayət edir. Çox şükür olsun ki, bu gün həm əsgərlərimizin məişət şəraiti, həm də onların qida rasionu dünya standratlarına uyğundur. Bu halların olması isə əsgərlərdə xəstəliklərin yayılmasının qarşısnı alır. Bunun bir başqa səbəbi də vaxtında profilaktik peyvəndləmənin aparılmasıdır. Əvvəllər bu cür hallar ümumiyyətlə yox dərəcəsində idi. Lakin bu tətbiqin olması, adi epidemiyanın belə azalmasına səbəb olub. Düzdür, hazırda hospitalımızda xəstələrimiz var, bunlar da xidmətə yeni başlayan gənc əsgərlərimizdir.
- Hospitalda yaradılan ümumi şəraitdən danışaq, tibbi sahəyə ayrılan diqqət bu sahəni nə dərəcədə inkişaf etdirib?
- Onu deyim ki, hospitalda lazım olan bütün şərait var. Burada həm müayinə, həm də müalicə işlərinin aparılmasında lazım olan avadanlıqların hamısı müasir tələblərə cavab verən avadanlıqlardır. Yəni xəstə daxil olandan sonra, ilkin tibbi müayinələrin aparılmasında belə dünya standartlarına cavab verən ən son tibbi avadanlıqlarımız mövcuddur. Laboratoriyamızda olan avadanlıqlar xəstənin qan və sidik analizinin tez və vaxt itirmədən olunmasına imkan verir. Buraya daxil olan xəstələrin maksimum tez bir zamanda sağalaraq öz xidmətlərinə qayıtması üçün, hər cür şərait var. İstər burada istərsə də xidmət etdikləri hərbi hissələrdə yaradılan şəraitlər əsgərlərimizin mənəvi psixoloji vaziyyətinin yaxşılaşmasına təsirsiz ötüşmür. Bunu ona görə qeyd edirəm ki, buraya gələn əsgərlərimiz qısamüddətli qalsalar da onlar xidməti yerlərinə qayıtmaq üçün can atırlar.
- Ən çox hansı xəstəliklə bağlı müraciətlər olunur?

- Bizə ən çox əsgərlərin sağlamlıqla bağlı olan müraciətləri dekabr-yanvar aylarında olur ki, bu da soyuqdəymə və qriplə bağlı idi. Bir də yeni gələn əsgərlərdə çəkmələrin ayaqda yaratdığı yara olur. Bu da 100 nəfərdən 2 və ya 3 nəfərdə müşahidə edilir. Buna da vaxtında və təxirəsalınmaz tibbi müdaxilələr olunur. Qaldı ki, mövsümi infeksiyanın yayılmasına, qripin əsgərlər arasında geniş yayılmasının qarşısını alamaq üçün, vaxtından əvvəl profilaktik tədbirlər görülür ki, bu halda da hospitala müraciətlər ya olmur, ya da olduqca az sayda olur. Onu da deyim ki, ən çox bu infeksiyalara yoluxan gənc əsgərlər olur ki, əksər hallarda onlar da xidmətə gələrkən artıq yoluxmuş olurlar. Burada həm yaşam şəraitinə, həm də havaya adaptasiya olana kimi bu hal baş verir. Lakin uzunmüddətli xidmət göstərən əsgərlərdə bunu görmək ümumiyyətlə mümkün deyil. Bu da az öncə qeyd etdiyim kimi, bu, peyvəndləmənin vaxtında aparılmasından irəli gəlir. Çox şükür ki, elə bir ağır xəstələrimiz olmur.
Tam məsuliyyətlə deyə bilərəm ki, hospitallara müraciət edən əsgərlərin sayında əvvəlki illərlə müqayisədə 85-90 faiz azalma var.
- Ümumiyyətlə ixtisaslaşmış hospitallara hansı xəstəliklə bağlı neçə göndərişiniz olub?
- Əvvəla burada yaradılan şərait tam standartlara cavab verir. Həm tibbi avadanlıqlar, həm tibbi personalın peşəkarlığı burada istənilə ağır əməliyyatları belə həyata keçirməyə imkan verir. Buna görə də çox şükür ki, artıq son bir neçə ildə, ixtisaslaşmış hospitallarımıza xəstə göndərişi də ümumiyyətlə qeydə alınmayıb.
- Çox sağ olun, təşəkkür edirəm.
- Siz sağ olun.

Daşqın Güneyli
Ordu.az