Erməni səfir müsahibəsində kifayət qədər “maraqlı” nitq söyləyərək, qeyd edib ki, ABŞ sanksiyalarının tətbiq olunduğu bir vaxtda İran üçün də qonşu Ermənistanla uzunmüddətli, sabit və qarşılıqlı maraq çərçivəsində əlaqələrin olması vacibdir. Səfir bu sözləri ilə Paşinyanın səfəri öncəsi sanki İranın Ermənistanla əməkdaşlığa məhkum olduğunu göstərməyə çalışır.

“Paşinyanla prezident Ruhani arasında keçiriləcək görüşə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrlə bağlı əməkdaşlığın müzakirəsi daxil edilib. ABŞ-ın sanksiyalarından sonra maliyyə və bank maneələri ticarət və investisiya proqramlarına obyektiv şəkildə mane olur və bu şəraitdə Ermənistan qaz, enerji, nəqliyyat kommunikasiyaları sahələrində əməkdaşlığın davam etməsi üçün hər şey etməyə, həmçinin ticarət və sərmayə layihələrinin həyata keçirilməsi üçün əlavə səy göstərməyə hazırdır”.
Lakin maraqlıdır 2018-ci ilin noyabr ayının ilk günündə Paşinyan ABŞ-la münasibətlərdən, geosiyasi vəziyyətdən ağız dolu danışır, hətta hər an İranla sərhədlərinn bağlanmasını istisna etmirdi: “Ermənistanın açıq olduğu hesab edilən, lakin əslində yarıaçıq vəziyyətdə olan 2 sərhəddi var. İranla münasibətlər geosiyasi təsirlərdən azad olmalıdır”.
Paşinyan qeyd edirdi ki, son zamanlar təcrübəli bir diplomatla (Bolton nəzərdə tutulur-red) görüşü zamanı həmsöhbəti Ermənistanın iki sərhədinin bağlı olduğunu, açıq olan digər İran və Gürcüstanla mövcud iki sərhəddin isə realda yarıaçıq vəziyyətdə olduğunu bildirib.
“ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə, Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir adadır. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir? İndi erməni-türk münasibətlərinə gəldikdə, həmişə deyiləni gərək deyim. Ermənistan ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırdır”, - deyə Paşinyan qeyd edib.
Görəsən indi nə baş verir ki, Ermənistanın İrandakı səfiri ABŞ sanksiyaları fornunda İranın Ermənistana güvənəcəyini, hətta birgə enerji, nəqliyyat layihələrinin həyata keçirilə biləcəyini bəyan edir. Təbii ki, bu bəyanat, xüsusilə “ABŞ sanksiyalarının tətbiq olunduğu bir vaxtda” və “ABŞ-ın sanksiyalarından sonra” kimi ifadələr erməni səfirin dilinin altından çıxa bilməz, heç şübhəsiz ki, müsahibənin mətni hazır şəkildə İrəvandan göndərilib.
Ötən ilin sonlarına doğru geosiyasi mənzərədən dəm vuran Paşinyan və hökuməti hazırda İranla əlaqələrdən danışır. Niyə? Cavabı isə birmənalı olaraq belədir: İranın Qarabağ münaqişəsi barədə mövqeyi konkretləşib. Görünür, İran Baş Qərargah rəisi Məhəmməd Baqerinin Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi barədə ifadəsi İrəvanı bərk qorxuya salıb. Təbii, Paşinyan ABŞ-la bağlı bəyanatları fonunda rəsmi Tehranın yüksək səviyyədə, xüsusən də Qarabağla bağlı belə kəskin bəyanat səsləndirəcəyini gözləmirdi.
Qeyd edək ki, bu səfər Paşinyanın ölkə rəhbəri qismində İrana ilk səfəridir. Mövzu ilə bağlı danışan “Araçin Lratvakan” agentliyinin iranşünası Armen İsraelyan, hazırkı beynəlxalq vəziyyətin mürəkkəb olduğu bir məqamda Ermənistanın bu səfərdən nə əldə edə biləcəyinə dair suala cavab verib.

O qeyd edib ki, hər iki ölkənin gündəliyini və prioritetlərini nəzərə alaraq, səfər çox önəmlidir və o, bir neçə istiqamətdə müzakirələrlə yadda qalacaq.
Onun sözlərinə görə, görüşdə siyasi gündəliyin aydınlaşdırılması vacibdir və siyasi münasibətlərdə yeni formalaşan dəyişikliklər nəzərə alınmalıdır. Çünki ABŞ prezidentinin nüvə razılaşması müqaviləsindən çıxması haqqında bəyanatından etibarən İran da öz xarici siyasətini yenidən nəzərdən keçirir. Bununla da hər iki ölkə üçün mövcud reallıqlar şəraitində münasibətlərin necə olacağı ilə bağlı müzakirə son dərəcə önəmlidir.
İsraelyan nəhayət ki, açıqlamasında Qarabağla bağlı vacib, Ermənistan tərəfinin gizlədə bilmədiyi narahatlıqlara toxunur.
“Bəzən İranın müəyyən vəzifəli şəxsləri və hərbçiləri tərəfindən Qarabağ məsələsi ilə bağlı elə bəyanatlar səsləndirilir ki, bunlar erməni tərəfi üçün qəbuledilən deyil, buna görə də, əminliklə deyə bilərik ki, bu səfər zamanı İranın siyasi hakimiyyət orqanları ilə Qarabağ məsələsində İranın rəsmi mövqeyi ilə bağlı daha konkret müzakirələr aparılacaq.
Artıq erməni tərəfi İrandan aydınlıq gətirilməsini tələb edib. Xüsusilə yüksək vəzifəli hərbçi tərəfindən verilən son məlum bəyanatdan sonra Ermənistandakı İran səfirliyinin hərbi attaşesi Ermənistan Müdafiə Nazirliyinə dəvət edilib və müvafiq irad bildirilməklə, izahat tələb olunub. Son illərdə belə nümunələr bir neçə dəfə baş verib”.
Qeyd edək ki, Paşinyanın İran səfəri istənilən halda diqqətlə izlənilməli, səfər zamanı verilən bəyanatların ikibaşlı olacağı xüsusi ilə nəzərə alınmalıdır. Bu Paşinyanın İrana tanışlıq xarakterli (ilk görüş Nyu-Yorkda baş tutub) görüşü deyil, Qarabağla bağlı məsələlərin, əsasən də səsləndirilən bəyanatların müzakirəsini özündə əhatə edəcək həyəcanlı səfəridir.
Alpər Mövludoğlu
Ordu.az