MAA-nı bitirən əsgər: “Ordumuza zabit kimi tövhə vermək arzusundayam” (FOTOLAR)

2019/02/51293-1551099651.jpg
Oxunub: 16331     16:32     25 Fevral 2019    
Hərbi xidmətə çağrılan gənc əsgərlərimizin bəziləri ali təhsillərini başa vurduqdan sonra Vətən borcunu ödəməyə yollanırlar. Hərbi xidmətdən öncə ali təhsil almaları, onlara hərbi xidmətləri dövründə bir çox üstünlüklər verir. Əsgərlərimizdən bəziləri isə elə xidmətdə olduqları zaman aldıqları ixtisası, ordumuzun inkişafına yönəltməyi düşünürlər. Bunlardan biri də, Şabran rayonundan həqiqi hərbi xidmətə çağrılan Pənahlı İsmayıl Səlim oğludur.

Ordu.az olaraq bu dəfə ali məktəbi fərqlənmə ilə bitirən gənc əsgərimizin ordu ilə bağlı düşüncələrini sizə çatdıracağıq.

Əsgər İsmayıl Səlim oğlu Pənahlı 1995-ci ildə Şabran rayonunda anadan olub. Pənahlı bir neçə aydır ki, həqiqi hərbi xidmətdədir. O, orta məktəbdə təhsilin başa vurduqdan sonra Milli Aviasiya Akademiyasına qəbul olub, bakalavr və magistraturanı fərqlənmə diplomu ilə bitirib.

Səlim Pənahlı deyir ki, ali təhsilli olduğu üçün, ilk olaraq bir illik xidmətini başa vurub, ixtisası üzrə işləmək fikri olub. Lakin hərbi xidmətdə olduğu bir neçə ay müddət ərzində ordumuzun zabitlərinin söhbətləri onun gələcək iş planları üzrə olan fikirlərini dəyişib və İsmayıl öz ixtisasını hərbi aviasiya üzrə davam etdirməyə qərar verib.

- Artıq bir neçə aydır ki, hərbi xidmətdəsən. Ali təhsildən sonra hərbi xidmətə gəlməyin üstünlüyünü necə dəyərləndirirsən?

- Belə deyim, mən Aviasiya Akademiyasını mühafizə ixtisası üzrə bitirmişəm. Təhsil aldığım ixtisas bir növ hərbiləşdirilmiş hesab edildiyindən mənə hərbiyə gələndə o qədər də çətin olmadı. Çünki, ali məktəbi bitirdikdən sonra xidmətə gəlməyin üstünlüyü ondadır ki, ən azından bir addım öndə olursan. Öndə olmaqla həm hərbi nizamnamənin tələblərini tez dərk edirsən, həm də komandirlərin əmrlərinin yerinə yetirilməsində nəticəni görmək qabiliyyətin olur. Yəni, düşünürsən ki, mənə verilən əmr nəyə hesablanıb. Bu əmri yerinə yetirməklə tək özünə yox, yüzlərlə əsgər yoldaşına, vətənə xidmət etmiş olursan. Bu xidmətdə yerinə yetirdiyin əmrin nəticəsindən də hamı yararlanır.

- Aldığın ali təhsil səni gələcəkdə hərbiyə bağlaya bilərmi?

- Əlbəttə, mən artıq qərar vermişəm. Düzü deyim ki, mən əvvəllər bu ixisası mülkü aviasiyada işləmək üçün seçmişdim. Bu da təsadüfi deyil, çünki mənim ailəmdən iki nəfər bu sahə üzrə işləyib. Bu da məndə maraq yaradıb. Amma indi qərarımı tam qətiləşdirmişəm. Öz ixtisasımı hərbi sahəyə yönəldərək, xidmətimə hərbçi kimi davam edəcəm. Çünki, bu cür daha çox, daha sanballı xidmət etmiş olacam - Vətənim üçün.

- Hərbi sahə üzrə ixtisaslaşmaq fikrin varmı?

- Düzü xidmətə gələnə qədər bu barədə heç bir şey düşünmürdüm. Bayaq dedim ki, yalnız mülki sahə üzrə çalışmaq arzum olub. Amma xidmət etdiyim bu bir neçə ay ərzində komandirlərin apardıqları söhbətlər, ümumiyyətlə, bizdə hərbi dərslərin keçirilməsi zamanı fikirimi təmamilə dəyişdim. İndi, inşallah burada xidmətimi başa vurmağa az qalmış, müraciət edərək, leytenant rütbəsi alıb, ordu sıralarında qalmaq istəyirəm. Daha doğrusu, artıq buna qərar vermişəm. Çünki, mənim düşüncəm budur ki, hərbidə qalsam, öz ixtisasımı daha da təkmilləşdirə bilərəm ki, bununla da ordumuza da bu sahədə azda olsa, bir Azərbaycan əsgəri kimi köməyim dəyə bilər.

- Hansı söhbətlərdən sonra fikrini dəyişdin?

- Hərbi-taktiki təlim nəzəriyyəsini keçəndə düşmən hücumunun məhdudlaşdırılmasında ilkin olaraq qüvvələrin sayının minimuma endirilməsi dərsi var. Burada isə əsas iş təbii ki, aviasiyanın üzərinə düşür, yəni, əməliyyat rayonuna çatmadan düşmən qüvvələrinin məhv edilməsi. Bu mövzunu keçəndə anladım ki, həm əməliyyat rayonunda, həm də öncədən düşmənin istər texnika, istərsə də canlı qüvvəsinin məhvində aviasiyanın rolu olduqca böyükdür. Bu səbəbdən də mən fikrimi qətiləşdirdim ki, mütləq şəkildə öz ixtisasımı hərbi sahəyə yönəldəcəm. İxtisas dəyişmə olsa belə, hərbi aviasiyada xidmətimi davam etdirəcəm. İndi bu arzumun reallaşması üçün, mənə bir neçə ay xidmət etməyimi gözləmək qalır.

Gənc əsgər, İsmayıl Pənahlı hərbi aviasiyada xidmətini davam etdirmə arzusunu artıq komandirlərinə də bildirib. İnanırıq ki, onun düşmən qüvvələrini məhv etmək arzusu tezliklə reallaşacaq.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MAA   Əsgər   Aviasiya  


Bizi "telegram"da izləyin