Ata, indi səni daha yaxşı başa düşürəm. Yadımdadır, həmişə mənə Qarabağda döyüşdüyün günlərdən, doğma Laçınımızın zəngin təbii sərvətindən və əsrarəngiz gözəlliyindən danışardın. Ancaq istəmirəm ki, övladlarım da ata-baba yurdumuzun hekayələri ilə böyüsünlər. Oralarda doğulub böyüməsəm də, həmişə Laçınımızı tezliklə görmək hissi ilə alışıb yanıram.
Yolunu layiqincə davam etdirdiyim, Vətənimizin keşiyində dayandığım üçün oğlunla qürur duya bilərsən. Yoldaşlarımla gecə-gündüz yurdumuzu qoruyuruq. Düşmənə bir addım da irəliləməyə imkan vermirik. Komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik.
Ata, dostum Orxana salam deyərsən. O da tezliklə bizim sıralarımıza daxil olacaq. Denən ki, hərbi xidmət bizim fikirləşdiyimiz kimi çətin deyil. Burada hamımız dostuq, qardaşıq.
Hərbi xidmətdə çoxlu dostlar qazanmışam. Onlarla aramızda qarşılıqlı səmimiyyət və hörmət yaranıb. Asudə vaxtlarımızda bir yerə yığışır, şahmat və dama oynayırıq. Torpaqlarımızın hər qarışı bizim üçün doğmadır və əzizdir. Qoy hamı bilsin ki, ordumuz gündən-günə güclənir. Müntəzəm olaraq keçirilən təlimlərdə peşəkarlığımızı da artırırıq. Ermənilər də hər addımımızda gücümüzü, qüdrətimizi hiss edirlər. Həmişə deyərdin, bizim bir amalımız var: doğma el-obamızdan erməniləri qovub çıxarmaq. İnanıram ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə bizim kimi el-obasından didərgin düşmüş soydaşlarımızı sevindirəcəyik.

Əsgər Rəvan Rəsulzadə, "N" hərbi hissəsi
Ordu.az