RF-nin birinci dərəcəli dövlət müşaviri: “Hamıya məlum olan “Madrid prinsipləri” müzakirə olunur”

2019/01/ce40e-1548852447.jpg
Oxunub: 31320     16:45     30 Yanvar 2019    
“Regnum” agentliyinin Baş redaktoru, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Modest Kolerov erməni KİV-lərinə müsahibə verib.

Ordu.az xəbər verir ki, Kolerova yönləndirən əsas sual belə olub: Dağlıq Qarabağ münaqişəsinin nazirlər və ölkə rəhbərləri səviyyəsində görüşlər yolu ilə fəal müzakirəsinin aparıldığı, lakin bu görüşlərdə Qarabağ münaqişəsinin nizamlanma prinsipləri və elementləri ətrafında ciddi müzakirələr aparıldığına dair rəylər olsa da, Ermənistan Baş naziri Paşinyan iddia edir ki, nizamlama ilə bağlı hər hansı konkret detal müzakirə edilmir və sadəcə fikir mübadiləsi aparılır. Bundan əlavə erməni tərəfi yenə iddia edir ki, Qarabağ (qondarma qurum) əvəzinə danışıqlar aparmayacaq, xəyanətkarlıq ola bilməz. Sizin fikrinizcə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi ətrafında nələr baş verir?

“Danışıqlar prosesində yeni heç nə baş vermir, yeni heç bir sənəd, yeni prinsip və elementlər müzakirə olunmur. Hamıya məlum olan hər hansısa keçid statusu müqabilində ərazilərin qaytarılmasını nəzərdə tutan “Madrid prinsipləri” müzakirə olunur. Həm də mərhələli variant müzakirə olunur. Yəni ilk növbədə iki, daha sonra bir neçə rayon və beləliklə davam edəcək, qeyd edilən sənədə əsasən nizamlama prosesidir. Yeri gəlmişkən danışıqlar yox, məsləhətləşmələr keçirilir. Məni narahat edən isə tələskənlik və sürətlilikdir”, - deyə o cavablayıb.

Yüksək səviyyəli görüşlərdə münaqişənin tarixinin müzakirə olunması barədə açıqlamanın anlaşılmaz olduğunu söyləyən politoloq sual edib ki, əgər tarixdən başqa heç nə müzakirə edilmirsə, o zaman niyə görüşlər keçirilir?

Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan bu görüşlərin Azərbaycan və Ermənistan rəhbərlərinin bir-birlərini daha yaxşı başa düşdükləri bir mühitin yaradılmasına imkan verdiyinə dair açıqlamasına münasibət bildirərkən isə Kolerov qeyd edib ki, bəli, belə bir vəziyyət ola bilər, lakin bu qədər intensiv görüşmək bəs niyə lazımdır? Onun fikrincə, Düşənbə görüşündən sonra vəziyyət normaldır və təmas xəttində atışma yoxdur.

O, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin sürətli həll edilməsindəki marağının nədən ibarət ola biləcəyini belə izah edib: “Təzyiqlər olduğuna dair xarici sui-qəsd nəzəriyyəsinə inanmıram. Parlamentdə müxalifət yoxdur, otur və necə istəyirsən, elə də idarə et. Amma niyə, hara tələsdiklərini izah edə bilmirəm və anlamıram”.

“Madrid prinsipləri” fonunda rus tərəfində yenidən “Lavrov planı” ideyasının fəallaşmasına dair fikirlərə gəldikdə isə Kolerov düşünür ki, heç bir “Lavrov planı” olmayıb və bu uzun müddət öncə inkar edilmiş məqsədli yalandan başqa bir şey deyil. O, qeyd edib ki, yeni məlumat yoxdur, bütün əldə edilən məlumatlar “Madrid prinsipləri”nin müzakirə edildiyini, status müqabilində, ərazilər prinsipi və Qarabağ üçün DQMV sərhədləri daxilində status nəzərdən keçirilir.

Onun sözlərinə görə, bu status hətta Laçınla birlikdə qondarma qurumun iqtisadi, hərbi mövcudluğunu mümkünsüz edir və yalnız indiki vəziyyət onun iqtisadi və hərbi “sabitliyinə” əsas təşkil edir.

“Kəlbəcərin qaytarılması Qarabağı (qondarma qurum – red.) 65% su mənbələrindən, cənub ərazilərin qaytarılması 60%-dən çox kənd təsərrüfatı təyinatlı torpaqlardan, digər ərazilərin qaytarılması isə Qarabağı hərbi müdafiənin dərinliyindən məhrum etməklə, daha rahat məhv edilməsinə şərait yaradaraq, Dağlıq Qarabağı kiçik bir əraziyə çevirər”, - deyə o ifadə edib.

Erməni tərəfinin qondarma qurumun adından danışıqlar aparmayacağını və sadəcə Ermənistanın danışıqlardan kənar qalmaması üçün prosesdə iştirak etdiyini iddia etməsi, Azərbaycan tərəfinin isə qondarma qurumun danışıqlar masasına qayıtmasının əleyhinə olması barədə məsələyə də toxunan Kolerov, Azərbaycan buna qarşı olduğunu, gələcəkdə qondarma qurumda da daxili siyasi dəyişikliklərin gözlənildiyini, lakin “seçkilər” və yeni fiqurların meydana gəlməsi ilə bu faktın gerçəkləşməsinin bir qədər çətinləşdiyini vurğulayıb.

Sergey Lavrovun simasında Rusiyanın nizamlama prosesindəki mövqeyində dəyişiklik və onun Azərbaycanın Qarabağla bağlı siyasətini, danışıqlardakı tərzini konstruktiv adlandıraraq, tərifləməsinə dair verilən sualı da cavabsız qoymayan Kolerov bildirib ki, Rusiyanın mövqeyi dəyişməyib, sadəcə hərbi əməliyyatların azaldılması üzrə Azərbaycanın atdığı addımı konstruktiv hesab edir. Kolerov əlavə edib ki, əgər Ermənistanda Lavrov, Putin və Rusiya çətiri altında gizlənməklə Qarabağ məsələsində kompromisə getmək istəyi varsa, bu onlar üçün yenilik deyil.

Bu məsələnin tezləşdirilməsində Rusiyanın hansı marağı güdməsi ilə bağlı suala cavabında isə Kolerov, bu tezliyi fakt olaraq qeyd etdiyini söyləyib. Görüşlərin sayına diqqət edildiyi halda bu intensivlik hamıya məlum olur. O, bu məsələ ilə bağlı hər hansı bir dialoq aparmadığını və rəsmi mövqeyə sahib olmadığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolerov   Qarabağ   Danışıqlar  


Bizi "telegram"da izləyin