O, "Tvitter" səhifəsində qeyd edib ki, Azərbaycan prezidenti ilə telefon danışığı keçirib. Onlar bir sıra ümumi maraq kəsb edən, o cümlədən enerji təhlükəsizliyi sahəsinə dair əməkdaşlığı, Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın dəstəyini müzakirə ediblər.
Maraqlıdır ki, Davosda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündən sonra Con Boltonun Ermənistan Baş naziri Nikol Paşinyanla da telefon danışığı olub. Lakin bu telefon danışığından sonra Nikol Paşinyan bildirib ki, söhbət zamanı Qarabağ məsələsinə toxunulmayıb.
Lakin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qarabağ məsələsi müzakirə edilib. Yayılan məlumatlara görə, hazırda Rusiyanın "Lavrov planı"nı ABŞ-ın "Bolton planı" əvəzləyir. Ekspertlər hesab edirlər ki, ABŞ-ın münaqişəyə özünəməxsus nizamlama yanaşması var. Bu yanaşma, tərəflər arasında iqtisadi layihələrin həyata keçirilməsi vasitəsilə etimad mühitinin formalaşdırılması və daha sonra siyasi məsələlərin müzakirəsi konsepsiyası üzərində qurulur.
Reaksiyalardan irəli gələrək, qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanla siyasi razılaşmalardan öncə iqtisadi əməkdaşlığa hazır deyil və işğal edilmiş əraziləri tərk etmək niyyətində deyil.
Hazırda fevral ayında Xarici İşlər nazirlərinin növbəti görüşünün baş tuta biləcəyi istisna edilmir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan prezidenti və Ermənistan Baş naziri ilə görüşmək üçün bölgəyə səfər edəcək. Ekspertlərin fikrincə, artıq İlham Əliyevlə Nikol Paşinyan arasında rəsmi görüşün keçirilməsi üçün hər şey hazırdır.
Bu baxımdan, ABŞ-ın hər iki tərəflə fəal təmasda olduğunu nəzərə alarsaq, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında rəsmi danışıqların başlanğıcının ABŞ-da baş tuta biləcəyini ehtimal etmək olar.
Alpər Mövludoğlu
Ordu.az