DSX-nin mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, keçirilən tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirilməsini qeyd ediblər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.

Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız Ümummillu Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, süverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçlarına ətraflı məlumat verilib.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib, şəxsi heyət xüsusi hazırlanmış sərgilərlə tanış olunub.
Ordu.az