İranın hava hücumundan müdafiə qüvvələri böyük ehtimalla 2026-cı ilin aprel ayında İran ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E “Strike Eagle” qırıcısını Çin istehsalı raketlə vurub. Bu, son müharibə zamanı İranın idarə olunan ABŞ hərbi təyyarəsini vurduğu ilk hadisə hesab olunur.
Mediada yayılan məlumatlara görə, İran qüvvələri ABŞ qırıcısını çiyindən buraxılan zenit raketi ilə vurub. Bu hadisə Vyetnam müharibəsindən sonra ən böyük axtarış-xilasetmə əməliyyatlarından birinin həyata keçirilməsinə səbəb olub.
Çin zenit raketi ABŞ-nin F-15E “Strike Eagle” qırıcısını necə vurdu?
Aprelin 3-də İran qüvvələri ölkənin cənub-qərb hissəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus, “Dude 44” çağırış işarəli F-15E “Strike Eagle” qırıcısını vurub. ABŞ qüvvələri təyyarənin pilotunu demək olar ki, dərhal xilas edib. Silah sistemləri zabiti (WSO) isə bir neçə gün davam edən çətin axtarış-xilasetmə əməliyyatından sonra tapılıb.
NBC News-un həftəsonu yaydığı məlumata görə, ABŞ qırıcısı böyük ehtimalla Çin istehsalı olan daşına bilən zenit-raket kompleksi (MANPADS) ilə vurulub. Məlumat “mövzu ilə bağlı məlumatlı üç mənbəyə” istinadən verilib. Bildirilir ki, istifadə olunan zenit raketi təxminən 2,1 metr uzunluğunda və 18 kiloqram ağırlığında olub.
Çin Tehrana hərbi yardım göstərməsi ilə bağlı iddiaları rədd edib. Çinin səfirliyinin nümayəndəsi hadisə və Çin silah sisteminin mümkün iştirakı ilə bağlı bunları deyib: “Çin hərbi məhsulların ixracında hər zaman ehtiyatlı və məsuliyyətli davranır, ixrac nəzarəti ilə bağlı Çin qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun ciddi nəzarət həyata keçirir. Çin əsassız böhtanlara və qərəzli əlaqələndirmə cəhdlərinə qarşıdır”.
ABŞ kəşfiyyatı fərqli düşünür
ABŞ Kəşfiyyat Birliyi isə bu qiymətləndirmə ilə razı deyil. ABŞ kəşfiyyat qurumları hesab edir ki, Pekin yaxın həftələrdə İrana daha çox hava hücumundan müdafiə sistemi göndərməyi planlaşdırır. Bu tədarüklərin mənşə ölkəsini gizlətmək üçün üçüncü tərəflərdən istifadə ediləcəyi bildirilir. Ağ Evin bu məlumatları məqsədli şəkildə məxfilikdən çıxardığı və mətbuata sızdırdığı ehtimal olunur. Məqsəd Pekinin planlarını ifşa etmək və Çin rəhbərliyinə birbaşa xəbərdarlıq göndərməkdir.
Son illərdə ABŞ administrasiyaları rəqiblərin addımlarının qarşısını almaq üçün aqressiv məxfilikdən çıxarma strategiyasından istifadə edir. Ukraynanın genişmiqyaslı işğalından əvvəlki aylarda ABŞ Rusiyanın hazırlıqları və planları barədə kəşfiyyat məlumatlarını dəfələrlə ictimaiyyətə açıqlamışdı. Həmin halda bu strategiya Kremli çəkindirməkdə uğursuz olmuşdu. Lakin indi daha uğurlu nəticə verə biləcəyi düşünülür.
Eyni pilot “Operation Epic Fury” zamanı iki dəfə vurulub
Maraqlı məqamlardan biri də budur ki, “Dude 44” təyyarəsinin İran üzərində vurulan pilotu müharibənin ilk günlərində Küveyt üzərində də vurulub. Martın 1-də, İran müharibəsinin ikinci günündə Küveytə məxsus F/A-18 “Super Hornet” qırıcısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15E “Strike Eagle” təyyarəsini səhvən İran təyyarələri hesab edərək vurub.
Bütün ekipaj üzvləri sağ şəkildə xilas olunub və heç kim həlak olmayıb və ya ağır yaralanmayıb.
Çin hava hücumundan müdafiə sistemlərinin yüksəlişi
Dünyanın müxtəlif bölgələrində münaqişələr davam etdikcə Qərb silah sistemləri getdikcə daha çox Çin texnologiyası ilə qarşılaşmağa başlayır. Xüsusilə hava döyüşləri sahəsində ilk nəticələr Qərb üçün ürəkaçan görünmür. 2025-ci ildə Hindistan və Pakistan arasında baş vermiş qısa münaqişə zamanı Pakistanın Çin istehsalı J-10C qırıcıları ən azı bir ədəd Fransanın “Dassault Rafale” qırıcısını vurub.
Fransa istehsalı olan Hindistan təyyarəsinin vurulmasının əsas səbəbi Çin istehsalı PL-15 “hava-hava” raketinin real mənzili barədə kifayət qədər kəşfiyyat məlumatının olmaması idi. Hindistan təyyarələri təhlükəli dərəcədə yaxın məsafəyə daxil olmuş və bunun nəticələrini yaşamışdı.
Bu hadisə “Dassault Rafale” qırıcısının ilk döyüş itkisi olmaqla yanaşı, Çin silahlarının effektivliyinin nümayişi kimi qiymətləndirildi. Müasir münaqişələrdə baş vermiş bu iki hadisə göstərir ki, Çin ordusu döyüş şəraitində nisbətən az sınaqdan keçirilsə də, onun texnologiyaları kifayət qədər perspektivli görünür.
Sevinc Əliyeva
Ordu.az