Litva ABŞ nüvə silahının öz ərazisində yerləşdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlar aparır

2026/05/1778352229.jpg
Oxunub: 188     23:59     03 İyun 2026    
Litva öz ərazisində ABŞ-nin nüvə silahının mümkün yerləşdirilməsi məsələsi ilə bağlı Vaşinqtonla danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas bildirib.

“Danışıqlar davam edir”, - deyə nazir jurnalistlərə bildirib.

“Politico”nun məlumatına görə, müzakirələr ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmağa başlaması fonunda aparılır.

Bu proses NATO müttəfiqləri arasında təhlükəsizlik sahəsində yeni boşluqların yaranacağı ilə bağlı narahatlıqları artırıb.

“Litva, əlbəttə ki, bu prosesdən kənarda qalmır”, - deyə Kaunas əlavə edib.

Litva Konstitusiyası ölkə ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Lakin Prezident Gitanas Nauseda təhlükəsizlik risklərini əsas gətirərək əsas qanunda dəyişiklik edilməsinin mümkün olduğunu bildirib.

“The Financial Times” bu həftə yazıb ki, ABŞ rəsmiləri NATO-nun şərq cinahında yerləşən ölkələrdə nüvə döyüş başlıqları və bombardmançı təyyarələrin yerləşdirilməsi məsələsini müzakirə edirlər.

Hazırda ABŞ-nin nüvə silahları Almaniya, Belçika, İtaliya, Türkiyə, Niderland və Böyük Britaniyadakı hərbi obyektlərdə saxlanılır. Müzakirələr Litvadan təxminən 1000 ABŞ hərbçisinin çıxarılması planları ilə eyni vaxta təsadüf edib.

Kaunas bildirib ki, ABŞ hərbi kontingentinin yeni rotasiyasının Litvaya göndərilməsi məsələsi hazırda Vaşinqtonda hələ də baxılma mərhələsindədir.

Onun sözlərinə görə, ABŞ-nin Avropadakı hərbi personalının ümumi sayının azaldılması regiondakı mövqelərin yenidən qiymətləndirilməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   ABŞ  


Bizi "telegram"da izləyin