Köçəryan: “Ermənistan üçün KTMT-dən çıxmaq öz ayağına güllə vurmağa bənzəyir”

2026/06/1780516988.jpg
Oxunub: 246     23:54     03 İyun 2026    
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ölkənin maraqlarına uyğun deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan “Armenia” telekanalına müsahibəsində bildirib.

Köçəryan daha əvvəl səsləndirdiyi fikri təkrarlayaraq qeyd edib ki, KTMT üzvlərinin əksəriyyətinin Azərbaycanla münasibətləri Ermənistanla müqayisədə daha yaxşıdır və İrəvan başqalarını ittiham etmək əvəzinə bunun səbəbləri üzərində düşünməlidir.

Sabiq erməni prezident vurğulayıb ki, təşkilatda əsas ölkə Rusiyadır və Ermənistanın Moskva ilə ikitərəfli razılaşmaları da mövcuddur.

Onun sözlərinə görə, KTMT platforması silahlanmanın təmin olunması üçün əlavə imkanlar yaradır və belə bir fürsətdən imtina etmək məntiqli deyil.

“Münasibətlər Rusiya ilə qurulmalıdır. Qırğızıstanın burada xüsusi marağı yoxdur. Mən özüm də müəyyən dərəcədə KTMT-dən məyus olmuşam, amma vəziyyətə praktiki yanaşmaq lazımdır. Rusiya ilə ikitərəfli razılaşmalar mövcuddur, lakin Ermənistan hakimiyyəti onları işə salmaq üçün heç nə etmir. KTMT ilə bağlı böyük ümidlərim yoxdur, amma təşkilatdan çıxmaq öz ayağına güllə vurmağa bənzəyir”, - deyə Köçəryan bildirib.

O qeyd edib ki, Hindistan istehsalı olan və döyüş şəraitində sınaqdan keçirilməmiş silahların alınması ən yaxşı qərar deyil.

Köçəryanın sözlərinə görə, hərbi paradda nümayiş etdirilən silahlar da bir sıra suallar doğurub.

“Biz SU-30 qırıcıları ilə nə baş verdiyini gördük. Müasir qırıcılar alındı, lakin raketlər olmadığı üçün 44 günlük müharibə zamanı istifadə edilə bilmədi. Bu silahlanma ilə də eyni vəziyyət yaşana bilər”, - deyə o qeyd edib.

Sabiq erməni prezident vurğulayıb ki, müxtəlif ölkələrdən alınan silahların bir sistemdə inteqrasiyası problemlər yarada bilər.

“Bu gün müasir müharibələrdə kəşfiyyat pilotsuz uçuş aparatının siqnalından atəş idarəetmə sisteminin işə düşməsinə qədər cəmi bir neçə saniyə keçir. Hindistan, Fransa, İran və Rusiyanın silah sistemlərinin hamısının fərqli proqram təminatı var. Belə müxtəliflik vahid idarəetmə sisteminin qurulmasına mane olur”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin