Düşmən təxribatları: 2018-ci ildə cəbhədə nələr baş verdi? - YEKUN HESABAT
Oxunub: 2723
14:14
31 Dekabr 2018
Düşmən yanvarda 3808, fevralda 3423, martda 3146, apreldə 2873, mayda 2902, iyunda 2735, iyulda 2883, avqustda 2653, sentyabrda 2703, oktyabrda 914, noyabrda 802, dekabrda isə 826 dəfə olmaqla, il ərzində atəşkəs rejimini 29668 dəfə pozub.
Ordu.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, Ermənistan silahlı bölmələri il ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 millimetrlik minaatanlardan, snayper tüfənglərindən istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.
Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
İl ərzində baş verən düşmən təxribatlarını təfərrüatları ilə təqdim edirik.
Yanvar
2018-ci ilin ilk ayında düşmən cəbhədə və Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti növbəti dəfə, məqsədyönlü şəkildə gərginləşdirmək üçün təxribatlara əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Belə ki, yanvarın 7-də Ermənistanın işğalı altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən hərbi hissədə təxribat törətməyə cəhd edən 1998-ci il təvəllüdlü 19 yaşlı Vaçe Çilinqaryan məhv edilib. Hadisənin fərqinə vararaq Çilinqaryana kömək etməyə gələn baş leytenant E. Musinyan və onun sürücüsü, müqaviləli hərbçi D. Vanyan yaralanıblar.
Yanvarın 17-də isə saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.
İki gün sonra növbəti təxribat nəticəsində, düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub.
Yanvarın 20-də isə düşmən Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutmağa başlayıb. Belə ki, günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.
Fevral
Bu ayda isə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu bir neçə dəfə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə daxil olmağa cəhd göstəriblər.
Fevralın 7-də saat 13:50 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Hayk Razmik Kalantaryan məhv edilib.
Həmin gün cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb. Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı da uğursuzluqla nəticələnib.
Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində hərəkətə cəhd göstərib. Mövqelərimiz istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupuna məxsus UAZ markalı avtomobil texnikası bölmələrimiz tərəfindən xüsusi texniki müşahidə vasitələri ilə vaxtında aşkar edilərək nəzarətə götürülüb.
Geri çəkilməyə məcbur edilən düşmən qrupu ona məxsus avtomobil texnikasını ataraq təcili surətdə ərazini tərk edib. Öz mövqelərinə geri çəkilən düşmən ərazidə qalan UAZ avtomobilinə atəş açmaqla onu yandıraraq məhv edib.
Bundan əlavə, fevralın 12-də işğalçı Ermənistan ordusu cəbhənin Tərtər rayonu Qırmızıkənd kəndi istiqamətindəki qarşıdurma xəttində Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub. Təxminən saat 17:00 radələrindən etibarən eşidilən atəş səsləri yarım saat ərzində davam edib.
Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub. Qeyd edək ki, mərmi səsləri əraziyə yaxın yaşayış məntəqələrindən açıq-aşkar eşidilib. Mərmilərin bir neçəsi otlaq sahələrə düşüb.
Fevralın 21-də isə cəbhənin Füzuli istiqamətində Ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq ələ keçirilib.
Bir gün sonra saat 09:40 radələrində, işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Qriqor Karapet Yeğoyan məhv edilib.
Həmin gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhəd xəttində növbəti təxribata cəhd edib. Məlumata görə, saat 12:00 radələrində Ermənistanın şimal-şərq sərhəddində təxribata cəhd edən 19 yaşlı erməni əsgəri yaralanıb.
Mart
Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən zərərsizləşdirilib.
Erməni KİV-lərində yayılan məlumatlara görə, Ermənistanın Tavus vilayətinin mövqelərindən birində erməni əsgər yaralanıb. Məlumat martın 20-də yayılsa da, hadisənin daha öncə baş verməsi erməni ictimaiyyətindən gizlədilib. Nəticədə hadisənin sosial şəbəkələrdə müzakirəyə çıxarılmasından sonra Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan əsgərin İrəvana aparıldığını, hazırda hospitalda olduğunu etiraf edib. Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.
Bundan əlavə, martın 24-də saat 16:55 radələrində, işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqelərində, 1999-cü il təvəllüdlü erməni əsgəri Armen Hamayak Harutyunyan ölüb. Hadisənin güclü küləklə ağacın aşması nəticəsində baş verdiyi bildirilsə də, erməni sosial şəbəkə istifadəçiləri ölən əsgərin mövqelərimizi atəşə tutması nəticəsində məhv edildiyini bildirirlər.
Beş gün sonra işğal altında olan Qarabağda erməni hərbçilər minaya düşüb. Məlumata görə, Ağdərə yaxınlığında yerləşən neytral zonada "Niva" markalı avtomobil minaya düşüb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, ölənlər Pavel Hakobov, Marat Petrosyan, Samson Avanesyan, yaralılar isə 43 yaşlı Aram Mkrtçyan və 31 yaşlı Qariq Qahiryan adlı hərbçilər olub.
Aprel
Aprel ayında Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirib.
Belə ki, aprelin 9-da təxminən saat 13:00-14:00 radələrində Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndindəki mövqelərindən rayonun Orta Qərvənd kəndini pulemyot və minaatanlardan atəşə tutub.
Atəşə məruz qalan dinc sakinlər arasında xəsarət alan olmasa da yaşayış evinə və mal-qaraya ziyan dəyib.
Həmin gün düşmənin daha bir təxribat cəhdi baş verib. Nəticədə, saat 14:20 radələrində, işğal altında olan Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Narek Qevorq Harutyunyan məhv edilib.
Aprelin 17-də isə cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter vaxtında aşkar olunaraq məhv edilib.
Bir gün sonra Ermənistan silahlı bölmələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Nəticədə, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin ayın sonlarına yaxın növbəti dəfə təxribata cəhd edib.
Belə ki, aprelin 25-də saat 17:10 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər Martun Nveri Xerunts yaralanıb.
May
May ayında Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədib, Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tutub.
Mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutublar. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıblar.
Müdafiə Nazirliyin açıqlamasında qeyd olunub ki, 02-AC-416 dövlət nömrə-nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib. İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda avtomobil hadisə yerindən çıxarılıb.
Müdafiə Nazirliyindən bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır. Qeyd edilib ki, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Mayın 13-də, saat 22:35 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində, mövqelərimizə qarşı təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər Şamxal Seyran Petrosyan yaralanıb.
Mayın 20-də Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.
Müdafiə Nazirliyinin Naxçıvanın qəhrəman müdafiəçilərinin şəhidin qisasını qısa müddətdə alacağı barədə bəyanatından sonra, elə həmin gün saat 11:00 radələrində işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda 1999-cu il təvəllüdlü erməni hərbi qulluqçu Hamlet Norayr Qriqoryanın meyiti aşkar edilib.
İki gün sonra isə saat 13:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda naməlum şəkildə 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqor Xaçatryanın meyiti aşkarlanıb.
Ordumuzun cavab tədbirlərinə tab gətirə bilməyən düşmən yenidən mülki sakinləri atəşə tutmağa başlayıb.
Belə ki, mayın 29-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.
Hadisə nəticəsində kombaynın sürücüsü Həsənov Taleh Kamandar oğlu xəsarət almasa da, kənd təsərrüfatı texnikasına ziyan dəyib.
İyun
Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətlərini davam etdirib.
İyunun 10-da saat 18:00 radələrində, işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Vahaqn Conik Eloyan məhv edilib.
Məlumata görə, Eloyan Vazgen Sarkisyan adına hərbi məktəbi bitirdikdən sonra Qarabağda hərbi xidmətə başlayıb və 2016-ci ilin aprel döyüşlərində mövqelərimizə qarşı təxribatçı əməliyyatlarda iştirak edib.
Dörd gün sonra, iyunun 15-də Qazaxda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Nəticədə, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Ailə üzvlərinin sözlərinə görə, o, erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.
Məlumata görə, dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilərin atəşi altına düşüb və yaralanıb.
Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin ayın ikinci yarısında növbəti dəfə təxribata cəhd edib.
Ayın 19-da, səhər saatlarında isə cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.
İyul
Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin bu ay Azərbaycanda terror aktı törətməyə cəhd edən bir hərbi qulluqçusu əsir götürülüb .
İyulun 1-də səhər saatlarında Naxçıvan istiqamətində təxribat törətməyə cəhd edən Ermənistan ordusunun 1974-cü il təvəllüdlü, müqaviləli hərbi qulluqçusu Vahaqn Samveli Bağdasayan yaralanıb.
İyul ayının ortalarına yaxın dövlət sərhəd xəttində daha bir təxribat cəhdi qeydə alınıb. Belə ki, iyulun 15-də səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
İki gün sonra, iyulun 17-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çıraqlı kəndi atəşə tutulub. Hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb. Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.
Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb. Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.
Mülki obyektlərə və əhaliyə atəş açmaqdan çəkinməyən düşmənin ayın sonlarına doğru növbəti dəfə təxribata cəhd edib.
Ayın 21-də, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü, Alışov Səməd Anar oğlu şəhid olub. Şəhidimiz doğulduğu Qəbələ rayonunun Ziring kənd qəbristanlığında torpağa tapşırılıb.
Atəşkəsi növbəti dəfə pozmaqdan çəkinməyən düşmən, iyulun 26-da yenidən təxribata cəhd edib. Nəticədə, saat 20:45 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər, 1998-ci il təvəllüdlü Davit Artur Miloyan ağır yaralanıb.
Avqust
Avqust ayının ortalarına yaxın Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam edib.
Belə ki, avqustun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz İsrəfilov Samit Ədalət oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib və həyati təhlükəsi yoxdur.
Ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Sentyabr
Sentyabr ayının ortalarında Ermənistan Tovuz-Qazax istiqamətində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışıb.
Belə ki, sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.
Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.
Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmasa da, Koxanəbi kəndində evlərin damına, Əsrik-Cırdaxan kəndi ərazisində bir “VAZ” 2107 markalı avtomobilə və Koxanəbi kəndinin qəbirstanlığına ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər Əsik-Cırdaxan və Koxanəbi kəndinin kəndin mərkəzinə və kəndlərlə rayon mərkəzini birləşdirən yoladək çatıb. Daha çox ziyan Koxanəbi kəndində qeydə alınıb.
Faktiki olaraq, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır. Müdafiə nazirliyindən qeyd edilib ki, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Ayın sonlarına doğru, sentyabrın 22-də saat 16:00 radələrində, işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgəri 1998-ci il təvəllüdlü Artsax Mher Hovsepyan məhv edilib.
Məlumata görə, o, ilkin olaraq sağ yanaq nahiyəsindən yaralanıb və hərbi hospitala təxliyyə edilərkən yolda ölüb.
Oktyabr
Oktyabr ayı hər iki tərəf üçün nisbətən sakit keçsə də ayın sonlarına doğru daha bir düşmən əsgəri təxribata cəhd edərkən yaralanıb.
Belə ki, oktyabrın 23-də saat 12:10 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində qanunsuz olaraq dislokasiya olunan erməni hərbi hissələrindən birinin döyüş postunda təxribata cəhd edən erməni əsgər, 1999-cu il təvəllüdlü Havk Qriqoryeviç Sarkisyan yaralanıb.
Məlumata görə, o, ağır vəziyyətdə hərbi hospitallardan birinə çatdırılıb.
Noyabr
Ay ərzində Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində əsasən iriçaplı pulemyotlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Silahlı Qüvvələrin Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Tərtər, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqeləri Ermənistan silahlı bölmələrinin atəşinə məruz qalıb.
Bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında olub.
Qeyd edək ki, noyabr ayı digər aylarla müqayisədə bütün istiqamətlər üzrə nisbətən sakit keçib.
Dekabr
Ay boyunca cəbhə xəttində vəziyyətin nisbətən sabit olmasına baxmayaraq, dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.
Hadisə günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.
Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.
Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.
Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.
Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.