ƏÜO-da hərbi qulluqçular arasında yüngül atletika birinciliyi keçirilib

2018/10/d43b6-1540628596.jpg
Oxunub: 3992     12:20     27 Oktyabr 2018    
"Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb. Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 220 idmançı yarışıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, atletlər Naxçıvan Ordu İdman Klubunun idman şəhərciyində 100, 1000 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışlarında güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən yarışların qalibi Heydər Əliyev adına Hərbi Liseyin kursantları olub. Komanda hesabında ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının atletləri qərarlaşıb.

Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədovun rəhbərlik etdiyi yarışlarda fərdi hesabda 100 metr məsafəyə qaçış üzrə əsgər Rahib Cəfərov, 400 metr məsafəyə estafet qaçışı üzrə kiçik çavuş Azadi Rzayev, 1000 metr məsafəyə qaçış üzrə kursant Vüsal Fərəcov, 3000 metr məsafəyə qaçış üzrə əsgər Nəcəfqulu Hüseynov, hündürlüyə tullanma üzrə gizir Siracət Rüstəmov və uzunluğa tullanma üzrə Rəşid İbrahimov birinci yerin sahibi olublar. İlk üçlükdə qərarlaşan hərbi qulluqçu və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və fəxri fərmanlarla təltif ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏÜO  


Bizi "telegram"da izləyin