Gərginlik və hərbi quruculuq: İdlibdə nələr baş verir?

2018/09/345345_1535798672.jpg
Oxunub: 2145     18:47     01 Sentyabr 2018    
Yaxın günlərdəki diplomatik gərginik və İdlibdəki hərbi quruculuğun güclənməsi gözlənilən döyüşə lap az qaldığını göstərir. Əsəd və Rusiya hökuməti Suriya üzərində suverenliyini bərpa etməyə çalışır və bu suverenlik İdlibi də əhatə etməlidir. Dera və Küneytrəyə uğurlu hücumdan sonra Suriya prezidenti Bəşər Əsəd elan etdi ki, İdlib azad edilməsi onun növbəti prioritetidir. Əsəd hökuməti İdlibdə hava zərbələri və artilleriya hücumlarını artırıb, üstəlik yeni qoşunlar göndərərək bölgəni çevrələyib.

Hazırda İdlibdə məskunlaşanlar Xüms, Hələb, Həma və Dəməşqin bəzi hissələrindən bölgəyə təxliyə edilən mülkilər və müxalif döyüşçülərdir. “Médecins Sans Frontières”in hesablamalarına görə, hazırda İdlibdə olanların yarıdan çoxu daha öncə buraya başqa yerlərdən köçürülənlərdir. 2011-ci ildə müharibəyə qədər İdlibin əhalisi 1,5 milyon idisə, hazırda bu rəqəm 2,5 milyondan çoxdur.

Hücumdan öncə Rusiya İdlibdəki terrorçuların məhv edilməli olduğunu bildirib. Onun hazırda Suriya sularında 10 döyüş gəmisi və 2 sualtı gəmisi mövcuddur. Bu, 2015-ci ildən bu vaxta qədər olan ən böyük rəqəmdir. Rusiya rəsmi mətbuat orqanları isə bundan sonra da Aralıq dənizindəki mövcudluğun gücləndiriləcəyini bildirirlər.

Avqustun 29-da Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İdlibə qarşı bombardmanın faciə ola biləcəyinə dair xəbərdarlıq etdi. Lakin “Atlantic Council”in müdir köməkçisi Reema Hibraviyə görə, Türkiyənin marağında olan əsas məsələ PKK terrorçularının bölgədən çıxarılması və öz ərazisindəki qaçqınların İdlibə qayıtmasını təmin etməkdir. Digər analitiklər də Türkiyənin Suriyanın şimalında 12 müşahidə məntəqəsi qurmasının buradan YPG terrorçularının çıxarılmasına cəhd kimi dəyərləndirirlər.

Avqustun 21-də isə Fransa, Britaniya və Birləşmiş Ştatlar bəyanat yayaraq söz verdilər ki, Suriya hökuməti yenə kimyəvi silahlardan istifadə etsə, buna uyğun cavabını alacaq. Bu həftənin çərşənbə günü isə ABŞ Dövlət Departamentinin mətbuat katibi Suriya hökumətinin İdlibdə kimyəvi silahdan istifadə ediləcəyinə dair narahatlığın hələ də qaldığını bildirib.

Rusiya və Suriya bu vaxta qədər İdlibdəki fəaliyyətlərinin terrorçuların sığınacaqlarını hədəf aldığını bəyan ediblər.

“Doğrudur ki, hücumu terrorla mübarizə adında markalamaq Əsəd və Rusiya üçün ictimai əlaqələrdə üstünlük qazandırır. Lakin əslində hər iki tərəf hökumətə qarşı istənilən silahlı müxalifəti terror kimi nəzərdən keçirir və zəruri olduğu halda İdlibi zor gücü ilə də azad etməyi planlaşdırır”, - deyə “Atlantic Council”in əməkdaşı Feyzəl İtani bildirib.

İdlibdəki silahlılar da özlərini hücuma hazırlayırlar. Onların hazırlığı əsasən səngərlər, tunellər qazmaq, artilleriya qüvvələri formalaşdırmaq və s-dən ibarətdir.

Üstəlik dünən yayılan xəbərlərdə İdlib boyunca çox sayda insanın küçələrə axışaraq Türkiyədən təhlükəsizlikləri üçün yardım istədiklərinə dair xəbərlər yayıldı. BMT Baş katibi Quterreş isə İdlibdə geniş miqyaslı hücumun müharibənin yeddi ili ərzində görülməmiş dərəcədə humanitar böhran meydana gətirə biləcəyinə dair xəbərdarlıq edib. Şərqi Quta kimi regionlardakı əməliyyatlar nəticəsində bu gün 2,5 milyonluq İdlib əhalisinin üçdə-ikisi məcburi köçkündür. BMT-nin hesablamalarına görə isə, növbəti bir əməliyyat 700 minə qədər suriyalını öz yurdundan qaçmağa məcbur qoya bilər.

Bu gün Rusiyanın Aralıq dənizində böyük hərbi təlim keçirməsi gözlənilir. Təlimin məqsədi İdlib hücumuna qarşı Qərbi zərbədən çəkindirməkdir.

Sentyabrın 7-də Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Burada Suriyadakı prosesin müzakirəsi planlaşdırılır.

Ötən ay ərzində baş verən hadisələrin təqvimi belədir:

9 avqust: Suriya ordusu İdlib vilayətinin Saraqib və Kəfr Nabl qəsəbələrinə havadan broşuralar endirərək əhalini dövlətlə əməkdaşlığa çağırıb.

10-12 avqust: Hökumət qüvvələri Sarmada, Urum əl-Kubra, Xan Şeyxun, əl-Tah, Tahtaya bölgələrinə hava zərbələri endirib. Hücumlar nəticəsində azı 49 nəfərin öldüyü güman edilir.

25 avqust: Rusiya ordusunun general-mayoru İqor Konaşenkov ABŞ-ın idarəolunan raket esminesinin Aralıq dənizinə girdiyini qeyd edib.

28 avqust: Anonim mənbəyə istinad edən “Kommersant” Rusiyanın Aralıq dənizinə daha iki döyüş gəmisi və havadan müdafiə raket sistemi göndərdiyini bildirib.

29 avqust: Rəsmi Dəməşqə yaxın mənbə Suriya hökumətinin İdlibin şimal-qərbində hücuma hazırlaşdığını bildirib. O, hökumət qüvvələrinin İdlib şəhərinin kənarında qalmaqla bölgənin cənub və qərb hissələrini hədəf alacağını iddia edib.

30 avqust: Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar, zirehli transportyorlar İdlibə daxil olub. Suriya Xarici İşlər naziri Vəlid əl-Muallem Suriyanın nə olursa-olsun İdlibdə yoluna davam edəcəyini və sivillərin ölümünü əngəlləməyə çalışacağını bəyan edib.

31 avqust: Çavuşoğlu Rusiya prezidenti Vladimir Putinlə İdlibi müzakirə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İdlib   Suriya-böhranı  


Bizi "telegram"da izləyin