Ordu.az-ın bölgə müxbirinin məlumatına görə, düşmənlə təmas xəttində yerləşən ən yaxın kəndlərimizdən biri olan Quşçu Ayrım erməni postlarının əhatəsində yerləşir.
Hər an gülləyə tuş gəlmək təhlükəsi ilə yaşayan kənd sakinləri mütəmadi olaraq düşmən atəşinə məruz qalır. Cəbhədə Azərbaycan əsgərinin qarşısında dura bilməyən düşmən kəndin evlərini, sakinləri, mal-qaranı hədəfə alır.
Gülanənin atası Aqif Ağamalıyev bildirir ki, hazırda qızının vəziyyəti normaldır. 52 yaşlı kənd sakini deyir ki, güllə Gülanənin sol ayaq pəncəsini dəlib keçib. Vaxtında tibbi müdaxiləyə görə xoşbəxtlikdən qızının həyatı üçün ciddi təhlükə yaranmayıb.
Kənd sakinlərinin sözlərinə görə, düşmən silahlıları bu yaxınlarda 8 baş qaramalı da güllələyiblər.
"Düşmən öz düşmənçiliyini edir. Bütün çətinliklərə baxmayaraq, yurd-yuvalarımızı tərk etməyəcəyik. Elə Qarabağ müharibəsində də kənd sakinləri könüllü dəstələrlə dədə-baba yurdlarını qoruyublar. Ermənistan tərəfindən Qazaxın 7 kəndinin işğalını unutmamışıq", - deyə kənd sakinləri bildiriblər.
Güclü Azərbaycan Ordusuna güvəndiklərini bildirən sakinlər, ehtiyac yaranarsa əldə silah, əsgər kimi torpaqlarımızın işğaldan azad olunmasına hazır olduqlarını deyiblər.
Hazırda Quşçu Ayrımda həyat öz axarı ilə davam edir. Ordumuz bütün istiqamətlərdə düşmənin fəaliyyətlərinə tam nəzarət edir.
Cümşüd Məmmədov
Ordu.az