Ordu.az xəbər verir ki, ev sahibliyini Sinqapurun edəcəyi tarixi sammitdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi müzakirə ediləcək.
Hansısa bir ABŞ prezidenti ilə KXDR rəhbərinin ilk dəfə görüşəcəyi sammitdə Tramp beynəlxalq arenada ilk böyük nailiyyətini əldə etmə imkanı əldə edə bilər.
Vəzifəyə gəldiyi gündən etibarən “Əvvəlcə ABŞ” şüarı ilə mühafizəkar xarici siyasət yeridən Tramp Paris İqlim Müqaviləsi, Trans-Sakit okean Sərbəst Ticarət Müqaviləsi kimi beynəlxalq müqavilələrdən və təşkilatlardan geri çəkilərək dünyada sərt reaksiyalara məruz qalıb.
Bütün bunları diqqətə alsaq, sabah Sinqapurda baş tutması planlaşdırılan sammitin Tramp administrasiyası üçün həm böyük bir fürsət, həm də risk daşıdığını deyə bilərik.
Tarixi görüşün uğurlu olması halında iki ölkə arasındakı əlaqələrin normallaşması üçün dönüş nöqtəsi olacaq. Əgər uğursuz olsa, sammit ABŞ və KXDR-i yenidən isti münaqişənin eşiyinə gətirə bilər.
Ağalar Ağalarlı
Ordu.az