Apreldə hövlank oyanış: Erməni döyüşçülərdən “Harop” kababı

2018/04/4353454_1522678097.png
Oxunub: 3659     22:07     02 Aprel 2018    
Gecə saat 03:00. Otağa qaranlıq hökm oxuyur. Birdən qırmızı telefon zəng çalmağa başlayır. Ermənistan müdafiə naziri Seyran Ohanyan hövlank qalxaraq təcili zənglər üçün nəzərdə tutulmuş qırmızı telefonun dəstəyini qaldırır. Dəstəyin o biri başında çapar həyəcanlı səslə dilləndi:

– Cənab nazir, sizin nazirlik binasına gəlməyiniz xahiş olunur.

Seyran Ohanyan məsələnin nə olduğunu bilsə də tövrünü pozmadan soruşdu:

– Nə məsələdi, nə olub?

– Cəbhədə vəziyyət gərginləşib, təcili müdaxilə etməyiniz istənilir.

Ohanyan bir balaca gülümsəyib, alnını ovuşdurdu və dedi:

– Yarım saat sonraya iclas təyin edilib, hər kəs orada olsun. Mən də gəlirəm.

Yavər təəccüblə oldu dedi...

*****

Gecə saat 03:45… Seyran Ohanyan nazirlik binasının xüsusi iclas zalına daxil olur. Burada onu müavinləri, generallar və cəbhə bölgəsindən indicə gəlmiş polkovnik Ararat Melkumyan qarşıladı. Nazir heç kimlə bir kəlmə də kəsmədən gəlib yerində əyləşdi. Bir-bir generalları süzdü. Araya çökmüş dərin sükutu yorğun-əzgin səsi ağır-ağır pozdu:

– Nə baş verir? Hər şey istənilən vəziyyətdədirmi?

O, heç kimdən səs çıxmadığını görüb, üzünü Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyana çevirdi. Karapetyan bir anlıq duruxdu, ancaq özünü itirmədən ayağa qalxdı. Boğazını artdayıb sözə başladı:

– Cənab nazir, aprelin 1-i gecədən başlayan Ermənistan və Azərbaycan sərhəddindəki gərginlik ən pik həddə çatıb. Azərbaycan ordusu bir neçə istiqamətdən ordumuza güclü zərbələr endirir.

Seyran Ohanyan əsəbi şəkildə onun sözünü kəsdi.

– Başa düşə bilmirəm. Azərbaycan bizim üzərimizə qəfil hücum edib ki? Axı birinci biz hücuma keçmişdik. Əgər buna hazır deyildiksə, onda buna nə ehtiyac vardı? Niyə əvvəlcədən düşmənin gücü dəqiq müəyyənləşdirilməmişdi? Elə sualım birbaşa sizədir, yoldaş Karpateyan. Axı siz kəşfiyyat məlumatlarını bizə çatdırlmalı idiniz?

Arşak Karapetyanın rəngi saraldı, dili topuq vurmağa başladı:

– Mən… Mən… Cənab nazir…

Seyran Ohanyanın hirsi hələ də keçməmişdi. Məzəmmətinə davam etdi:

– Bəsdirin. Sizə bir iş tapşırılanda layiqincə öhdəsindən gəlmək lazımdır. İndi burada lal olduğunuza, vaxtında hücum planı hazırlayanda lal olardınız. Bu qədər generalsınız, əlinizdən bir iş gəlmir.

Ohanyan alnını ovxalamağa başladı. Bir müddət fikirləşəndən sonra yenidən sözə davam etdi:

– Yenə gərək işə özüm qarışım. Sizin əlinizdən bir iş gəlmir. Təcili bütün qoşunları cəbhəyə göndərin, bu biabırçılığın qarşısını alın. Mən də cənab prezidentimiz Sarksiyanla şəxsən görüşəcəyəm. Görək siyasi manevrlərdən istifadə edərək, düşmənin əks-hücumlarının qarşısını ala bilirikmi. Sən də Karapetyan otur görək.

Nazirin müavini Alik Mirzabekyan vəziyyətin çətinliyi görüb söz almaq üçün müraciət etdi. Ohanyan başı ilə təsdiqlədikdən sonra ayağa qalxdı:

– Cənab nazir, vəziyyət biz düşündüyümüzdən daha qəlizdir. Cəbhədən birbaşa bura gələn polkovnik Ararat Melkumyanın raportuna əsasən deyə bilərik ki, belə davam etsə, sabah döyüşməyə əsgər tapa bilməyəcəyik. Düşmənin ardıcıl uğurları əsgərlər arasında çaxnaşma yaradıb. Hücum vaxtı əsgərlər hərəsi başını götürüb, bir tərəfə qaçışır. Bir çox hallarda əmrə tabe olmaqdan belə imtina edirlər. Əsgərlər arasındakı motivasiyanı artırmasaq işimiz cəncəl olacaq.

Seyran Ohanyan əlini masaya çırpıb, boğuq səslə qışqırdı:

– Heç olmasa bunu özünüz həll edin. Buna dair də bir planınız yoxdur?

Arşak Karapetyan fürsəti fövtə verməmək üçün dərhal dilləndi:

– Cənab nazir, əslində bir planımız var. Təbii ki, əgər siz də məsləhət görsəniz, günü sabah tətbiq edərdik.

– Nədir o, elə. De görək, hələ.

– Cənab Ohanyan, düşünürük ki, Birinci Qarabağ Müharibəsi dövründə uğur qazanmış, qələbə çalmış bir qrupu ora yollayaq. Bu həm əsgərlərdə ruh yüksəkliyi yaradar, həm də qələbəyə inamı artırar. Düşünürəm ki, Sünik batalyonu bunun üçün ən uyğun seçimdir. Batalyonun sağ qalan üzvlərini sabah xüsusi təmtəraqla cəbhəyə yollayaq. Mətbuata da onların könüllü döyüşmək istədiklərini deyək. Bu şou bizim əlimizi bir xeyli gücləndirəcək. Sünik batalyonu o illərdə, amansızlığı ilə ad çıxarmışdı. Bu adı eşidən düşmən tərəfi də tir-tir titrəyəcək.

Bu təklif Seyran Ohanyanın ağlına batdı. Ancaq nəsə deyib məsuliyyəti üzərinə götürmək istəmədiyi üçün, ayağa qalxıb otaqdan çıxdı. Bu da iclasın yekunlaşdığı demək idi…

*****

Səhər, saat 12:00… Azərbaycan-Ermənistan cəbhəsinin şimal hisəsi Ağdərə rayonu. Kənd meydanında böyük bir tonqal qalanıb. Ətrafına Sünik batalyonunun döyüşçüləri, məktəbli uşaqlar, rayon rəhbərliyi yığışıb. Musiqi səsləri göyə yüksəlir, döyüşçülər rəqs edirlər. Məktəblilər də onlara qoşulub gah oynayır, gah da vətənpərvərlik şeirləri səsləndirirlər. Sünik batalyonunun döyüşçüləri tez-tez onlara silah verir, avtomatdan istifadə qaydalarını öyrədirdilər. Birdən musiqi səsi kəsildi. Veteran Aleksanyan bərkdən qışqıraraq sözə başladı:

– Biz bu torpaqlarda bir dəfə qələbə qazandıq. İkinci dəfə qələbə qazanmağa gedirik. Buradakı uşaqlara, məktəblilərə üzümü tutub deyirəm. Bu türklər ki, onlarla döyüşmək çox çətindi. Gərək onlara qarşı çox amansız olasınız. Balaca uşağından, böyüyünə qədər hər birinə qarşı rəhimsiz olmaq lazımdır. Yoxsa işimiz çətin olar.

Yerdən “Urraa!” deyə qışqırıq səsləri yüksəldi. İcma sədri qışqıra-qışqıra danışmağa başladı:


– Hayde igidlər! İrəli!

Sünik batalyonun üzvləri bir-bir alqış sədaları altında avtobusa mindilər. Avtobus yavaş-yavaş irəliləməyə başladı…

*****

– Cənab Həmidov, yeni kəşfiyyat məlumatı əldə etmişik. Torpaqlarımızda qətliamlar törətmiş, uşaq-yaşlı, qadın demədən hər kəsi amansızca qətlə yetirmiş Sünik batalyonu cəbhəyə gəlir.

– Niyə gəlir? Nə ölümləri qalıb?

– Ermənistan cəbhəsində gərginlik yüksək həddə çatıb. Əsgərlər qorxularından gizlənməyə deşik axtarırlar. Onlara ürək-dirək verməyə Sünik batalyonunun veteranlarını göndərirlər.

– Bu yaxşı xəbər oldu. Bu deməkdir ki, qisas günü yetişib. Sünik batalyonunu bu yerlərdə gömməliyik. Yüzlərlə şəhidimizin qisası alınmalıdır.

– Oldu, cənab Həmidov.

– Yuxarıya raport edirəm. Görək nə məsləhət görürlər.


*****

Saat 14:00. Sünik batalyonunu daşıyan avtobus kəskin döngəni burulub, üzü cəbhəyə tərəf irəliləyirdi. İçəridəki döyüşçülərin qışqırıqları dağa-daşa yayılırdı.

– Ara çatırıq. Az qalıb. Türklərin qanını içəcəyik.

– Qarabağ bizimdir. Həmişə də bizim olacaq.

– Qabaqlarında uşaq görüblər, qoy bizi yenidən xatırlasınlar.

– Türklər günlərini görəcək.

*****

14:05… Azərbaycan cəbhəsindən “Harop” pilotsuz hava aparatı havaya yüksəldi. 135 kiloqram çəkiyə sahib “Harop” saatda 185 km/saat sürətlə irəliləyirdi. 23 kiloluq partlayıcı ilə birlikdə Qarabağ səmasında manevrlər edirdi. Çox keçmədi ki, hədəf göründü. “Harop” avtobusun üstündə sağa-sola uçuşurdu. Hədəf təyin olundu. Avtobusun içərisindən söyüşlər, qışqırıqlar, qələbə mahnıları havaya yüksəlirdi. Cavabında havadan üzüaşağı bomba göndərildi. Ədalət bərpa olundu. Sünik batalyonu bütün heyəti ilə bərabər qana buladıqları torpaqlara gömüldülər.

Aprel döyüşləri isə davam edirdi...

Emin Piri
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin