Lakin Azərbaycan Ordusuna sonsuz güvəni olan cəbhəboyu zonada yaşayan sakinlər, yaşadıqları kəndlərin nəinki güllə, hətta mərmi yağışına tuş gəlsə belə öz doğma ocaqlarını tərk etməyiblər. Əksinə öz həyətlərindən bir neçə metr irəlidə düşmənlə qəhrəmancasına savaşan əsgərin arxasında dayanıblar. Belə kəndlərdən biri də adı KİV-lərdə tez-tez çəkilən Qapanlı kəndidir. Tərtər rayonunun Qapanlı kəndi...
Qapanlı kəndi 1994-cü ildə qısa müddət də olsa düşmən işğalına məruz qalıb. Sonra ordunun əks-həmləsi nəticəsində düşmən itkilər verərək kənddən geri çəkilməyə məcbur olub. Ancaq həmin gündən ta bu günə qədər kənd qoşunların təmas xəttinə ən yaxın ərazidə yerləşən yaşayış məntəqəsi kimi davamlı olaraq düşmən təxribatına məruz qalır. Kəndin atəşə tutulmasını adi hal kimi qəbul edən qəhrəman qapanlılar bu işdən ziyansız da ötüşməyib. 1994-cü ildən bu günə qədər 29 Qapanlı sakini düşmən gülləsinə tuş gəlib. Onların 11 nəfəri aldığı ağır yaralar səbəbindən həlak olub. Həlak olanların ən cavanı 12 yaşlı Hüseynov Əfqan İsmayıl oğlu, ən yaşlısı isə 80 yaşlı Tanrıverdiyev Surxay İmamverdi oğlu olub. Digər 18 nəfər isə müxtəlif xəsarətlər alıblar ki, onların da ən kiçiyi 4 yaşlı Əliyeva Zəhra Samir qızı, ən yaşlısı 78 yaşlı Əliyev Xudu Abbas oğludur. Üstəlik, yaralananlar arasında 3 qadın da yer alır.
Kənd sakinləri
Ordu.az-a bildiriblər ki, düşmən əksər hallarda əkin sahəsində çalışan insanlara snayper tüfənglərindən atəş açırlar. Dəfələrlə kənd atəşə məruz qalsa da insanlar daima öz ev-eşiyində gündəlik yaşamlarını adi qaydada davam etdirir, öz əkin-biçin işləri ilə məşğul olurlar.
Adi günlərdə atəşkəs rejiminin pozulması nəticəsində Qapanlıya dəyən ziyanı hesablamasaq təkcə aprel döyüşləri zamanı, düşmənin artilleriya atəşləri nəticəsində kənddə nə az, nə çox 74 evə ziyan dəyib. Onların 19-u bütünlüklə bərpa edilib, 1-i yenidən tikilib, 6-sında bərpa işləri aparılıb, 7 ev əsaslı təmir və 42 evdə isə qismən təmir işləri aparılıb. Kənd arası yollarla hərəkət edərkən hasarların divarlarında, darvazalardakı qəlpə izlərini nəzərə almasaq, demək olar ki, burada müharibədən heç bir əsər-əlamət qalmayıb.
Sonda Tərtər rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədovun da qəhrəman qapanlılara doğma münasibət bəsləməsini, istər öncə, istər aprel döyüşləri zamanı, istərsə də hazırkı zamanda kəndə gələrək sakinlərlə söhbət aparması hallarını da qeyd etmək lazımdır.
Elgün Gəncimsoy, Tərtər
Ordu.az