"Sekulyar immunitet" güclənir: Azərbaycan-İran münasibətlərində yeni səhifə - Ekspert şərhi

2018/02/198fe80c94ac94b7714ff7811337c78a_1519215523_1519821548.jpg
Oxunub: 1853     20:37     28 Fevral 2018    
Çoxsaylı enişlərə və yoxuşlara baxmayaraq İran İslam respublikası və Azərbaycan arasında münasibətlər stabil olaraq yaxşılaşmağa doğru gedir. İranın sanksiyalar rejimində olması, əvvəlki İran hökümətlərinin "sekulyar immuniteti" daha zəif olan cəmiyyətimizə klerikal ekspansiyası, qərb dövlətlərinin Azərbaycanı İrana qarşı istifadə etmək cəhdi, İranın Ermənistanla şübhə doğuran yaxın münasibətləri bu əlaqələrin yaxşılaşmasına əngəllər törədirdi.

Сənubda nəhəng neft hövzələri olan İranın Xəzər dənizinin qat-qat kasad olan neft ehtiyatlarına göz dikməsi də bu münasibətlərə güvən vermirdi. Bütün bunlara baxmayaraq, İranla Azərbaycan arasında kənar müşahidəçinin anlaya bilməyəcəyi bir qarşılıqlı empatiya mövcuddur. Bu empatiyanın mənbəyi bizim müştərək iki min illik tariximiz, etnik bağlantılar, hələ qırılmamış qohumluq əlaqələri, mental anlayışların oxşarlıqlarıdır.

Hiss olunur ki, Azərbaycan və İran əlaqələri son yuxusunu görən yatmış nəhəngdir. Xırda bir təkan gözləyir ki, qalxıb yatdığı zamanın əvəzini çıxsın. Əlbəttə, yaxın qonşumuz olan İranın ölkəmizin ticarət dövriyyəsində 5-ci yeri də tutmaması qeyri-normal sayıla bilər. Ticarət əlaqələrinin bu aşağı səviyyəsinin iki ölkədən asılı olmayan səbəbləri də var. Bizdən asılı olmayan obyektiv səbəbləri, və bizdən asılı subyektiv səbəbləri. İİR-nın sanksiyalar rejimində olması, obyektiv olaraq ölkələrimiz arasında ticarəti durğunlaşdırır. Subyektiv olaraq isə, ölkəmizin güclü neft sənayesinə malik İrana neft və neft məhsulları ixracının çətin olmasıdır. Bunun üçün bizə çox güclü neftayırma və kimya sənayesi qurmaq lazımdır. İranın özünün də bu sahəyə diqqəti, yatırımları bu ölkəyə həmin məhsullar qrupu üzrə bizim ixrac potensialımızı zəiflədir. Qeyri-neft sənayemiz də zəif olduğundan, İrana sənaye məhsulları təklifimiz də aşağı səviyyədədir. Əksinə, ölkəmiz davamlı sənaye planı qurmasa, İrandan sənaye məhsullarının ekspansiyası ehtimalı çox güclüdür. Bunun qarşınını sivil yollarla almaq çətin olacaq və yalnız inzibati maneələrin tətbiqi zərurəti yaradacaqdır. Bu da ölkələrimiz arasında səmimiyyət və güvən üçün əngəl yaradan hal ola bilər.

Hərbi sənayelərimiz sahəsində yaradıla biləcək iş birliyində dayanaq. Burada Azərbaycan sovet dövründə qurduğu sənaye potensialının bəzi əsas sahələrini qoruyub saxlaya bilib. İran isə hərbi sənayesinə böyük yatırımlar edərək, mənəvi cəhətdən köhnəlmiş silah parkını yeniləməyə çalışır. Bu sahədə İran Azərbaycana, Azərbaycan isə İrana böyük yardım edə bilər. Azərbaycan hərbi sənayesi İrana yeni növ aviasiya, raket növləri yaratmağa, idarəolunan yüksəkdəqiqlikli döyüş sursatları, partlayıcı maddələr və raket yanacağı istehsal etməyə kömək edə bilər. Bu silah növlərini müştərək yaratmaq da olar.

Lakin bu sahədə də müəyyən çətinliklər var. Qərb dövlətləri İranla hər bir ölkənin hərbi sahədə əməkdaşlığına qısqanclıqla yanaşırlar. Sanksiyalar tətbiq etməyə çalışırlar. Digər tərəfdən isə Azərbaycan dövləti hələ də çox tələsik və haqsız olaraq ABŞ konqressinin bizə tətbiq etdiyi 907 mömrəli düzəlişinin sanksiyası altındadır. ABŞ əsasən bu sanksiyanı beynəlxalq təhlükəsizliyi pozmağa çalışan, işğalçı siyasət yeridən dövlətlərə tətbiq edir. Bizim hərbi təcavüzə məruz qalmış dövlətimizin bu sanksiya altında olması müəmmalı bir qanun kazusu yaradır. Bu həm də bir ədalət kazusudur. BMT qətnamələri və beynəlxaıq qanunvericiliklə ABŞ qanunvericiliyi arasında uyğunsuzluq yaradır. Dünyada ədalətin və beynəlxalq qanunların keşiyində durmasını vurğulayan bir dövlət özünü qanuna hörmət baxımından, hələ də məkrli imperialist niyyətlərindən əl çəkməmiş dövlətlərlə bir sıraya qoyur. Əgər beynəlxalq qanunlara böyük və güclü dövlətlər tərəfindən hörmət qoyulmursa, bu halda sanksiyalar altında olan İranla niyə hərbi sahədə sərfəli əlaqələr qura bilmərik? Bu ritorik sual 907-ci düzəlişin bizə tətbiqinin ləğvinə qədər təkrar-təkrar və daha güclü səslənəcək.

Bu məsələlər baxımından İran İslam Respublikasının Müdafiə naziri Əmir Hatəminin Azərbaycan səfəri geniş maraq doğurur. Əlbəttə, formal olaraq dəvət Azərbaycan Müdafiə naziri Zakir Həsənov tərəfəndən olunub. Azərbaycan Müdafiə nazirinin yeni təyin olunmuş iranlı kolleqasını səmimi görüşə çağırmasının mühüm сari səbəbləri ola bilər.

Çünki Ermənistan ordusu işğal etdikləri ərazidə bizim ölkənin İranla sərhəddinə çıxıb, onu zəbt ediblər. Dövlətimizin ərazisində birbaşa İran ordusu ilə təmas xətti qurublar. Bu məsələ İran və Azərbaycan orduları arasında bir çox mühüm, delikat, qeyri-standart məsələlərin həllini tələb edir. Bu baxımdan da ordular arasındakı münasibətin sıx olması hər iki tərəfin marağındadır. Lakin belə görüşlər baş qərərgah, sərhəd xidməti rəhbərləri arasında da keçirilə bilərdi və yaranan məsələlər birbaşa həll olunardı.

İranlı nazirin şəxsi səfəri onu göstərir ki, İran tərəfi bu səfərə mühüm qiymət verir. Təkcə cari məsələlərin həlli yolunu yox, perspektiv haqqında da fikirləşir. ABŞ başda olmaqla qərb ölkələri ilə İran arasında nüvə sazişişinin baş tutmaması İranın izolyasiyadan çıxma prosesini dayandırdı. Obama hakimiyyətinin bu yöndə qərarından fərqli olaraq bu qərar, Tramp hakimiyyətinin Respublikaçılar partiyası və ABŞ-ın ekspert şurası ilə razılaşdırılmış mövqeyinə oxşamır. Əgər Tramp ikinci dəfə seçilməyəcəksə, bu halda 3-4 ildən sonra ABŞ hakimiyyətinin İran barəsindəki mövqeyi tam dəyişə bilər. O halda yarana biləcək şəraitin perspektivləri baxımından, həmin perspektivlərə hazır olmaq cəhdindən, İran hərbi rəhbərliyi Azərbaycan tərəfinin davranışını yerində, ilk mənbədən öyrənməyə çalışacaq. Əgər bu fərziyyə doğrudursa, yaxın vaxtlarda ölkələrimiz arasında anlaşma və işbirliyi cəhdlərinin intensivləşməsinin şahidi ola bilərik.

Hərbi ekspert Vüqar Miraslanov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-İran   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin